Liderlər “Şimal axını 2” qaz kəməri ilə bağlı danışıqların bərpasını müzakirə edəcəklər
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Anqela Merkel ilə Donbas və “Şimal axını 2” qaz kəməri ilə bağlı danışıqların bərpasını müzakirə edəcək. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşlərdə müzakirə ediləcək məsələlər barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Nikifirovun sözlərinə görə, Zelenski danışıqlar zamanı Normandiya formatının bərpası məsələsini qaldırmaq istəyir: “Təbii ki, Ukrayna Prezidentinin dalan vəziyyətə düşmüş danışıqları canlandırmaq arzusu böyükdür. Ona görə də, bu barədə danışacaqlar. İndi hər şey Rusiyanın iradəsinə bağlıdır. Hər şey ölkələrin Rusiyaya necə təsir edə biləcəyindən asılıdır”.
Qeyd edək ki, Merkel avqustun 22 -də Ukraynaya səfər edəcək. Zelenskinin ABŞ səfəri isə avqustun 30 -da baş tutacaq.