Deputat: “Sülh müqaviləsinin imzalanması üçün ortada olan əngəllərin aradan götürülməsi, saziş mətninin paraflanması tövsiyə olunacaq”
Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yerləşdirilib. Bildirilib ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacaq.
Xatırladaq ki, bundan əvvəl görüşün iyulun 21-də keçiriləcəyi gözlənilirdi. Görüşün vaxtının dəyişdirilməsi səbəbi bilinmir.
Liderlərin növbəti Brüssel təmasından gözləntilərdən danışan ekspertlər bildirirlər ki, bütün görüşlər, danışıqlar sülh sazişi ilə bağlı irəliyə doğru növbəti addımdır. Amma analitiklər sülh sazişinin bu görüşdə imzalanması ehtimalının yüksək olmadığı qənaətindədirlər.
Brüssel danışıqları ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, bu görüşdə də Paşinyandan rasionallıq gözləmir:
- Amma İrəvanı xaricdə himayə edən qüvvələr anlayırlar ki, vəziyyət indiki halda qalsa, bu, Ermənistan üçün yaxşı olmayacaq. Heç kəs də Ermənistana kömək etmək imkanında olmayacaq. Ona görə də həmin qüvvələr İrəvanı ikibaşlı oyunlardan, yersiz iddialardan əl çəkməyə çağırırlar, tövsiyələr verirlər. Hesab edirəm ki, bu tövsiyələr liderlərin Brüssel görüşünə təsirsiz ötüşməyəcək.
- Söhbət hansı çağırışlardan gedir?
- XİN başçılarının Vaşinqtonda keçirilən son görüşündə bir çox məsələlər razılaşdırıldı. Amma üç əsas maneə Ermənistan tərəfindən ortalığa atılıb ki, bu məsələlər sülh prosesini irəli aparmağa imkan vermir. Lakin XİN başçılarının görüşündən sonra Paşinyanın ən yaxın adamı, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtona çağrıldı və orada onunla bir sıra görüşlər keçirildi, danışıqlar aparıldı. Məsələn, ABŞ kəşfiyyatının rəhbəri, Baydenin təhlükəsizlik üzrə müşaviri Qriqoryanla görüş keçirdi. Hesab edirəm ki, bir çox məsələlər ona izah olundu ki, İrəvana gəlib Paşinyana çatdırsın. Bunlar düşünürəm ki, Ermənistana tövsiyələrdir.
Eyni zamanda, Brüssel görüşündən öncə ABŞ dövlət katibi Antoni Blinken həm Azərbaycan Prezidentinə, həm Ermənistan Baş nazirinə zəng etdi, müzakirələr apardı. Demək ki, təkcə Avropa İttifaqı yox, ABŞ da sülh prosesinin irəli aparılmasında maraqlıdır, bunu təkidlə tövsiyə edir.
- Brüssel görüşündə saziş imzalanması gözlənilirmi?
- Açığını deyim ki, liderlərin Mişellə üçtərəfli görüşündə sülh sazişinin imzalanmasını gözləmirəm. Amma sülh müqaviləsinin imzalanması üçün ortada olan əngəllərin aradan götürülməsi, saziş mətninin paraflanması tövsiyə olunacaq. Əngəl deyərkən, söhbət 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda göstərilən bəndlərin yerinə yetirilməməsindən gedir. Konkret olaraq iki bənd icra olunmamış qalır: qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması və Zəngəzur dəhlizinin reallaşması məsələləri. Qanunsuz silahlı dəstələr Qarabağdan çıxarılmalıdır. Bu baş verməsə, hansısa sülh sazişindən danışmaq olmaz. Zəngəzur dəhlizinin açılması məsələsinə gəlincə, Bakı İrəvandan qərar gözləyir.
- Rəsmi Bakı sülh gündəliyi təqdim edib və bu istiqamətdə sazişin tezliklə imzalanmasını istəyir. Sülhdə maraqlı olduğunu deyən vasitəçi qlobal güclər isə sanki tələsmirlər. Bunun səbəbi nədir?
- Bilirsiniz, Azərbaycan da tələsmir. Cənab Prezident İlham Əliyev Laçında çıxışında bildirdi ki, Azərbaycan sülhü istəyir, amma olmasa da bir problem yoxdur. Azərbaycanın öz ərazisində fəaliyyət göstərməsində heç nə məhdudlaşdırmır. Biz öz işlərimizi görürük, görəcəyik. Lazım gələrsə, əməliyyat keçirərək ərazimizdəki erməni silahlı quldurlarının qalıqlarından təmizləyəcəyik, lazımi layihələri həyata keçirəcəyik. Böyük güclərə gəlincə, onlar hər zaman ikibaşlı oyun oynayıblar. Bu, birinci dəfə deyil. Həmin siyasətləri davam edir, bu, təəccüblü deyil. Lakin Azərbaycan da çox gözləməyəcək və bunu həmin qüvvələr anlayırlar. Adətən erməniləri himayə edən dövlətlər bu gün İrəvana çağırış edirlər ki, Azərbaycanın qanuni tələblərini icra edin. Hesab edirəm ki, bu durum irəliləyişdir.
İndi Paşinyan bəyan edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sabah Paşinyan bu kontekstdə sülh sənədini imzalaya da bilər. Amma bir sual var: bu necə ərazi bütövlüyünü tanımaqdır ki, cibində Ermənistan pasportu olan hərbçi quldur dəstələrini Azərbaycan ərazisində saxlayır? Qarabağdakı separatçı silahlı tör-töküntü İrəvandan maliyyələşir, demək olar ki, hərbi idarəetmə İrəvanın əlindədir. Sözdə ərazi bütövlüyünü tanımaq Azərbaycana lazım deyil. Ermənistan ya öz xoşu ilə Qarabağdan silahlılarını, silah-sursatını çıxaracaq, ya da Azərbaycan hərbi yolla məsələni həll edəcək. Bu gün əsas əngəl Qarabağdakı silahlı quldurlardır. İrəvan Xankəndidəki qondarma quruma dəstək verdiyi müddətdə Azərbaycan sülh müqaviləsini qəbul etməyəcək