Xəstə tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Düzyurd kənd sakini İmran Mirzəliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən olunub.
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
Faktla bağlı rayon polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.