Yarımçıq demoqrafik artım

Cəmiyyət

20.04.2021 - 13:00

Demoqrafik  artımda azalma ciddi problemlər yaşa bilərmi?

Azərbaycanda əhalinin təbii artımında azalma baş verir. Bu haqda statistik təhlili Bakı Araşdırmalar İnstitutu (BAİ) Dövlət Statistika Komitəsinin rəsmi məlumatına və rəqəmlərinə istinadən aparıb.

Ölkəmizdə son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım təxminən 4 dəfə azalıb. 1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğum və ölüm səviyyəsinin statistikasını araşdıran zaman BAİ-yə məlum olub ki, 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb. Ötən il hər min nəfərə düşən təbii artım 5,1 nəfər olmaqla, son 75 ilin ən aşağı göstəricisidir. Hər 1000 nəfərə düşən doğulanların sayı 12,7 nəfər olmaqla, son 76 ilin ən aşağı, ölənlərin sayı 7,6 nəfər olmaqla, son 65 ilin ən yüksək göstəricisidir.

Rəsmi statistikaya görə, 2020-ci ildə doğulanların sayı 126571 nəfər, ölənlərin sayı 75647 nəfər olub, təbii artım 50924 nəfər təşkil edib.

Dövlət Statiska Komitəsinin əhali statistika şöbəsinin müdiri Rza Allahverdiyev AYNA-ya açıqlamasında qeyd olunan statistik göstəricilərin Statistika Komitəsinə məxsusluğunu qeyd etdi:

“Bu göstəricilərin hamısı rəsmi məlumatlardır. Bakı Araşdırmalar İnstitutu isə rəsmi məlumata istinadən araşdırma aparıb. Rəqəmlər hamısı doğrudur və Dövlət Statistika Komitəsinin rəqəmləridir”

Qurumun rəsmisinin sözlərinə görə, təbii artımda nisbətən azalma baş verib:

“Bu göstəriciyə həm COVİD 19-dan ölənlər, həm də müharibədə şəhid olanlar da təsir edib. Doğum sayındakı azalma isə 18-20 il bundan əvvəl doğulanların sayı az və həmin doğulanların sayının isə yarısı qız uşaqları olduğuna görə,həmin qız uşaqları indiki vaxtda ana olma yaşına çatdığı üçündür. Yəni ana yaşına çatan qadınların sayının azalması buna təsir edib. Amma bir neçə ildən sonra bu tendeiys artmağa başlayacaq.Doğumlar artdıqca, artım da müşahidə edilməyə başlayacaq.2000-ci illərdən sonra doğum nisbətən artmağa başladı, 176 minə qədər yüksəldi, sonra tədricən azalma başladı. Həmin say yenidən qalxaraq 141, 142 minə qədər yenidən yüksəldi. Yəni təbii təsir özünü göstərəcək və doğum da yüksəlmə olacaq. Göstəricilərdə demoqrafik geriləmə və qorxunc rəqəmlər yoxdur. Burada narahatlığa səbəb olacaq bir amil də yoxdur”

Keçirilən sorğumuz barədə məlumatlı olan R. Allahverdiyev həmin sorğunun nəticəsinə deyil, aparılan statistik göstəricilərə nəzərən əsl səbəbin nəyilə bağlı olduğunu izah etməyə çalışdı:

“Biz hansısa sorğu məlumatlarına istinad etmirik. Çünki sorğu məlumatları az sayda ev təsərrüfatında və yaxud da şəxslər arasında aparıldığı üçün onu ümumi ölkəyə şamil etmək olmaz”

İqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya şərhində demoqrafik artımda baş verən nüansları geniş şəkildə izah etməyə çalışdı:

“BMT-nin 2019-cu ilin yekun məlumatları əsasında “Ümumdünya Miqrasiya Hesabatı – 2020” hesabatına görə, Ermənistan əhalisi əhali/mühacirət edən insanların say mütənasibliyi ilə dünyanın ən mənfi göstəricilərinin qeydə alındığı 20 ölkə arasında 18-ci yerdə qərarlaşıb:

“Səbəb isə çox sadədir. Mühacirət dayanmır. Əksinə, dərinləşmə tendensiyaları var. Çünki, Ermənistanın yürütdüyü işğalçı xarici siyasət nəticəsində üzləşdiyi durum onu bir dövlət olaraq gələcəyini sual altında qoymaqla bərabər, onu çıxması mümkün olmayan ağır sosial-iqtisadi duruma salıb. Bu isə erməni vətəndaşını mühacirliyə məcbur edir. Digər tərəfdən də  son illərdə doğum səviyyəsi də aşağı enməsi vəziyyəti acınaqlı hala salmışdır. Ölüm sayı isə əksinə - doğumu kəskin üstələyirdi. Bu səbəbdən orada gənclərin sayı yaşlıların sayı ilə müqayisədə çox aşağı qalmaqda davam edir. Hətta BMT-nin hesabatlarının birində 2035-ci ilə qədər Ermənistanın əhalisinin 2.6 milyona enmə ehtimalı qeyd edilir”

Ekspert onu da qeyd edib ki, son 18 il ərzində, 2000-ci ildən 2018-ci ilə qədər olan dövr ərzində Ermənistanda əhali sayının 7,8% və ya 250,2 min nəfər azalaraq 3 milyon 221,1 min nəfərdən 2 milyon 970,9 min nəfərə düşməsini Ermənistan Statistika  Xidməti də etiraf edib. 2020-ci il yanvarın 1-də isə Ermənistan əhalisinin sayının 2 959 500 nəfərə qədər azaldığı qeyd edilib:

“Azərbaycanda 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son 8 ilin payına düşüb. Bu dinamika davam edərək 2019-cu il aprelin 6-da isə Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Körpə ölümü isə üç dəfədən çox azalib 9,8 faizdən  3,1 faizə enib.  Yuxarıda qeyd etdiyim mənzərənin daha aydın görünməsi üçün rəqəmlərdən ibarət statistikanı vizual görüntüyə çevirməyə çalışdım. Çünki bu zaman göz qamaşdıran rəqəmlər maraqlı mənzərəyə çevrilir. Buna görə də Azərbaycan və Ermənistanın demoqrafik dinamikasını əks etdirən statistikanın köməyilə şəkildə əks olunan xətti diaqramı tərtib etdim.

(Şəkil 1 xətti diaqrama)

Bu xətti diaqrama diqqətlə baxmaqla bir çox maraqlı nəticələr əldə etmək olar. Məsələn, diaqramdan aydın görünür ki, nə qədər ki Ermənistan Qarabağ uğrunda açıq savaşa çıxmamışdı, onun əhalisi artmaqda davam edirdi. 1950-ci ildən üzü bəri Azərbaycanı addım-addım izləyək aşağı sərhədlərilə paralel bir artım dinamikası vardı. Bu artım 1992-ci ilə qədər yetərincə yüksək dinamika ilə inkişaf etdi və onların sayı 3,63 milyon çatdı. Eləki Qarabağda müharibə şiddətləndi Ermənistan əhalisinin nəinki artım tempi dayandı, əhali sürətlə azalmağa başladı. Beləcə, Ermənistan mövcud olduğu bütün illər ərzində ölkədə yaşayanların maksimum sayı 1992-ci il olaraq tarixə düşdü. Bu məqamlar diaqramdan aydın görünür. Həm də burda onu görmək olar ki 1992-ci ilə qədər orda əhali sayı Azərbaycanla təxmini sinxron olaraq qalxan templə gedirdi. 1992-ci ildə müharibənin alovlanmasilə ermənilər üçün demoqrafik fəlakət başladı. Diaqrama diqqətlə baxsaq daha bir maraqlı məqamı sezmək olar. 2000-ci illərdən sonra atəşkəs rejiminin nisbətən daha işlək olması onların əhali sayının azalma sürətinə təsir etdi. Bu əslində çox böyük bir məqamdan xəbər verir. Bu onu sübut edir ki, orta statistik erməniyə əslində Qarabağ lazım deyil. Bu münaqişə onları ölkələrindən didərgin salır. Amma nisbi sabitlik artan kimi ölkədən xaricə miqrasiya sürətini nisbətən azalma baş verir. Lakin heç bir faktor  xaricə miqrasiyanı tam dayandıra bilmədi. Bunun səbəbi isə Ermənistanda iqtisadi-sosial durumunun son dərəcə acınacaqlı olması idi. Azərbaycan rəhbərliyinin beynəlxalq aləmdə apardığı uğurlu xarici siyasət Ermənistanın inkişafı üşün kabusa çevrildi, onu bütün regional və beynəlxalq layihələrdən kənar saxladı. Bu isə iqtisadiyyatının digər sahələri iflic olan bu ölkənin əhalisinin sosial həyatını cəhənnəmə çevirdi. İnsanlar çıxış yolunu miqrasiya etməkdə gördü. Nəticə isə göz qabağındadır. 28 il ərzində bir nəfər belə artım olmadı, əksinə  3,6 milyondan 2,9 milyona endi. Azərbaycan əhalisi isə bu 28 ildə daha 3 milyon artdı.

E. Əmirovun sözlərinə görə, demoqrafik vəziyyətin pisləşməsi bütün dünya ölkələrində son iki ildə müşahidə edilməkdədir:

“Və bunun da səbəbi məlum pandemiyadır. Məsələn təbii artımda dünyanın əksər ölkələrini qabaqlayan Türkiyə kimi bir ölkədə 2020-ci ildə əvvəlki illərdə müşahidə edilən artım səviyyəsində təxminən 20%-ə dək bir gerilmə müşahidə edilib”

Bu da Turkiyədə artımın sürəti:

(Şəkil Türkiyə)

“Eyni vəziyyət demək olar ki Azərbaycanın müqayisə edə biləcəyimiz bütün ölkələrdə var. Hələ bəzilərində daha faciəli durumdur. Bunun da iki səbəbi var. Birinci səbəb pandemiyadır. Xəstəlik səbəbindən ölüm səviyyələri kəskin artdı, xəstəxanalarda risk amilinin olduğuna görə doğum azaldı. Bu isə bir başa artım göstəricilərinin aşağı düşməsi deməkdir. İkinci və daha böyük səbəb isə insanların düşüncə tərzində baş verən dəyişiklikdir. Ölkələr inkişaf etdikcə, cəmiyyət üst səviyyədə formalaşmağa başladıqca insanlar çox uşaqlılıqdan imtina edir, hətta bəzən bir uşaq belə arzusunda olmayan cəmiyyətlərə rast gəlirik. Düşüncələr dəyişir. Bundan qaçmaq olmayaq. Hansi inkişaf etmiş olkəni götürsək təbii artım dinamikasında mənfi dinamika görəcəyik. Buna görə də mən daha çox diqqəti dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində müşahidə edilməyən, amma Azərbaycanın ən ciddi demokrafik bəlasına çevrilən bir məsələyə cəlb  etmək istəyirəm. Bu Azərbaycanda doöulan uşaqların cins tərkibində edilən qəddar basqıdır. Qız uşaqlarına qarşı, onların doğulmasına qarşı olan amansız münasibətdir. Əgər biz inkişaf etmiş sivil cəmiyyətlərdən danışırıqsa bəli onların heç birində bu hal yoxdur. Biz boşanma sayında özümüzü Avropa ölkələrinə bərabər etmək istəyirik, amma gender məsələsində özümüzü Afrika qəbilələrində olan olan insanların düşüncəsində aparırıq.  Azərbaycanın demoqrafik statistikasını təhslil edəndə ən qorxulu durum da budur. Qız uşaqlarının sayının hər il dah aqorxulu dərəcədə azalması. Bu tendensiya davan edərsə yaxın 30-40 il ərzində Azərbaycan doğurdan böyük demoqrafik problem yaşayacaq.”.

Bu şəkil isə Gürcüstanın əhali sayını  (1-ci)  və  artım sürətini  göstərir:

(Şəkil Gürcüstan)

Gödüyünüz kimi  orda vəziyyət daha dəhşətdir.

İqtisadçını narahat edən məsələ isə  yuxarıda dediyim kimi gendər məsələsidir:

“Bu ölkələrin heç birində, bizimkilər kimi doğulacaq qız uşaqlarına qarşı qəddarlıq yoxdur”

Sosioloq Nail Cəlili AYNA-ya şərhində səbəblərin daha çox sosial-iqtisadi amillərlə, informasiya faktoru ilə, pandemiya vəziyyətindən irəli gələn qadağalarla şərtləndiyini düşündüyünü bildirib:

“Hesab edirəm ki, indiki azalmanın başlıca səbəbi hər üç faktorun əhəmiyyətli dərəcədə kəsişməsi, üst-üstə düşməsi ilə bağlıdır. Toylara qoyulan məhdudiyyətlər, qadağalar ənənəvi evliliklərin, nikahların sayını nəzərəçarpacaq dərəcədə artırır. Digər tərəfdən, evliliklərin azalması fonunda boşanmaların artması, uşaqların sosial təminatının zəif olması səbəbindən (məsələn, uşaqpulunun ödənilməməsi, sosial müavinətlərin getdikcə azalan həcmi və s.) gənc ailələrdə 1-2 övladla kifayətlənirlər, nəsil artımında, ailələrin böyüməsində maraqlı deyillər”.

Nail Cəlilin fikrincə, burada mühüm çıxış yollarından biri maddi və mənəvi həvəsləndirmə ilə ailənin böyüməsinin, demoqrafik artımın stimullaşdırılmasıdır:

“Bundan ötrü qurulan yeni, gənc ailələlər daha fəal bir şəkildə dəstəklənməli, onların sosial problemlərinin, mənzil-məişət qayğılarının həllinə xüsusi diqqət yetirilməlidir.

Sosioloq istənilən halda sosial-demoqrafik proseslərə, ilkin əlamətləri qabarıq görünən demoqrafik böhranın aradan qaldırılmasına dövlətin müdaxiləsinin zəruriliyini, hökumətin bu istiqamətdə gözlənilən, adekvat addımlar atmasını, həll proqramlarını və modelləri ortaya qoymasını məqsədəuyğun hesab edir:

“Əgər sərt karantin tədbirləri, qadağalar, məhdudiyyətlər daha bir il davam edərsə, son 70 ildə ilk dəfə Azərbaycanın əhalisinin geriyə sayılmasını - azalmasını müşahidə edə bilərik. Oxşar proseslər Rusiyada, Ermənistanda, Belarusda, Ukraynada artıq çoxdan yaşanır, bu həm də informasiya faktoru - boşanmaların, natamam ailə modellərinin, "azad" münasibətlərin daha çox təbliğ edilməsi ilə bağlıdır”.

“Hazırkı qadağaların qorunub saxlandığı bir şəraitdə hökumətin demoqrafik siyasəti demək olar ki, nəzərə  çarpmır. Bu istiqamətdə yaşanan problemləri, obyektiv, subyektiv meyilləri nəzərə aldıqda hökuməti anlamaq olar, amma təqdir etmək qeyri-mümkündür. Çünki məhdudiyyətlər yoluxma ilə bağlı riskləri yalnız müvəqqəti zəiflədir, aradan qaldırmır. Belə şəraitdə hökumətin edə biləcəyi iki iş var. Birincisi, məhdudiyyətlərin yumşaldılması, toylara müəyyən şərtlər daxilində icazə verilməsi, iqtisadi fəallığın təşviq edilməsidir. İkinci yol da var ki, bu da sosial siyasətin səmərəliliyinin artırılması, uşaqpulunun verilməsi, sosial yardım tədbirlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsidir. Lakin görünən odur ki, hökumət hələ ki, nə birinci, nə ikinci fəaliyyət xətti üzrə fəaliyyət platformasını formalaşdırmağa, hərəkət etməyə çox da hazır deyil. Hələ ki, hökumət vəziyyətə müdaxilə etmək, problemləri effektli şəkildə həll etmək potensialını qoruyub saxlayır, lakin bir müddət sonra vəziyyət mürəkkəbləşə və dövlət qurumlarının nəzarətindən, təsir dairəsindən çıxa da bilər”, deyə o qeyd edib.

 

Ülviyyə Şahin

Müəllif: Ülviyyə Şahin