12 ekipaj üzvündən 9-u xilas edilib, üçü itkin düşmüş hesab olunur
Yaponiyanın “Byakko” yük gəmisi Marşal adalarında qeydə alınmış kiçik “ULSAN PİONEER” tankeri ilə toqquşub.
AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Daxili Yapon dənizində Şikoku adasının sahilində baş verib.
Toqquşma nəticəsində Yaponiya gəmisi çevrilib. 12 ekipaj üzvündən 9-u xilas edilib, üçü itkin düşmüş hesab olunur. Onların axtarışına sahil mühafizəsinin 10-dan çox kateri yönəldilib.
“ULSAN PİONEER” tankerinə ciddi ziyan dəyməyib. Onun göyərtəsində Cənubi Koreya və Myanma vətəndaşları olan 13 dənizçi var. Onların heç biri xəsarət almayıb.
Tanker Çinin Nankin şəhərindən Yaponiyanın Osaka şəhərinə doğru hərəkət edirmiş. O, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulub. “Byakko” ilə toqquşmadan sonra hər hansı sızmanın baş verməsi barədə məlumat verilmir.