Vergilərin ödənilməsi müddəti uzadılıb

Cəmiyyət

29.03.2020 - 15:13

Vergilər Nazirliyi məlumat yayıb 

 

Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb.

 

Bu barədə AYNA-ya Vergilər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 2020-ci ilin martın 31-dək idi.

 

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

 

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-na keçirilib.

Müəllif: Ayna.az