Vaqif, bir də Niyazi

Cəmiyyət

29.05.2025 - 15:02

cedabet dərman SEO Xidməti

Ömür yoluı və yaradıcı özəllikləri

Vaqif İbrahimoğlu (Həsənov) (18 oktyabr 1949 - 12 may 2011) – Azərbaycanın görkəmli rejissoru, aktyor və pedaqoqu, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.  Bakıda "YUĞ" Dövlət Teatrının qurucusu və bədii rəhbəri olub. Bu teatr ölkədə eksperimental və fəlsəfi teatr sənətinin simvoluna çevrilib.

“YUĞ” Teatrının direktoru Tərlan Rəsulovun müsahibəsindən:

"Teatrın adını qədim türklərin dəfn mərasimi ritüalından götürmüşük. Bir hökmdar, sərkərdə və ya qəhrəman dünyasını dəyişərkən, özəl aktyorlar - "yuğçular" çağrılarmış. Onlar teatrlaşdırılmış tamaşalar hazırlayaraq, ölən şəxsin yaşamını, onun igidliklərini canlandırarmış. Teatr sənətinin antik Yunanıstanda yarandığı fikri yayılsa da, əslində, Şərqdə yaranıb. Qədim türk xalqları arasında geniş yayılmış cürbəcür xalq oyunlarını, tamaşaları, şamanizm rituallarını və başqa törən imitasiyalarını rahatlıqla ilk teatr sənəti adlandırmaq olar".

Vaqif İbrahimoğlu Bakıda - Mərdəkanda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 1973-cü ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Ardınca Eksperimental Teatr-Studiyasının bədii rəhbəri olub. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrının baş rejissoru çalışıb. 1992-ci ildə dövlət statusu alan"YUĞ" Teatrını 1989-cu ildə yaradıb və həmin sənət ocağında 90 civarında tamaşa səhnəyə qoyub.

V.İbrahimoğlu filosof rejissor olub. O, Şərq və Qərb teatr ənənələrini birləşdirməyə çalışıb, Şərqin teatr biçimlərindən yararlanaraq, onları Avropa teatrı ilə çulğalaşdırıb. Beləcə, "Oğul", "Açar", "Yol", "Şalom" və başqa unikal tamaşalar hazırlayıb. Yenilikçi yanaşma, dərin fəlsəfi məzmun və eksperimentə olan meyl həmin səhnə əsərlərini dərhal sezdirib.

Gerçək rejissor nədən filosof olmalı?

Səhnədə rejissor yalnız aktyor davranışlarını yönəldib-paylaşdıran  şəxs deyil, gerçək Demiurqdur, heçdən bağımsız bir aləm  qurur. Bu dünya gerçəkliyin surəti deyil, onun rəmzi şəkildə yenidən düşünülməsi, bənzətmə, fəlsəfi anlam və estetik kodlarla zənginləşdirilməşidir. Him-cim, işıqla sezdirmə, intonasiya və səhnədəki hər nəsnə rejissor poetikasının bir elementidir və bu, tamaşaçıdan passiv qavrayış deyil, aktiv anlamlama tələb edir. Tamaşanı anlamaq öncə bu dünyanın kimə məxsus olduğunu, olub-bitənlərə kimin gözüylə baxdığımızı anlamaqdan keçər.  Teatrın bir sənət kimi təməl harayı və dadı-duzu da bundadır.

Bu prinsip rejissor və “YUĞ” Teatrının qurucusu Vaqif İbrahimoğlunun yaradıcılığında özünü özəlliklə parlaq göstərib. Onun teatrı – sadəcə bir səhnə deyil, mif və simvolların təhlil laboratoriyasıdır.  Qədim olanla çağdaş olanın birgəliyi gerçəkliyi nağıla çevirir və hər bir söz də tilsim kimi səslənir.

"YUĞ" adı (yas törəni, yaddaşa dalıb canlandırma), özü-özlüyündə, bu teatrın səhnə kosmosunu bəlli edir: yaşantıların, olub-bitənə dalmanın, anlamların dirilişinin teatrından söhbət gedir.

V.İbrahimoğlu arxetiplərlə işləyib, amma onları təkrarlamayıb, öz fəlsəfi və etik dünyagörüşünün işığnda onları yenidən qurub. Onun tamaşaları mətnlərin illüstrasiyası deyil, özgür bədii deyimlərdir. Burada mətn, olsa-olsa, yalnız metafizik oyunun başlanğıcı, insan ruhunun sərhədlərini araşdırmaq vasitəsidir. "YUĞ" Teatrında tamaşaçılara hazır cavablar verilmir – onlar intellektual və mənəvi bir səfərə çağrılırlar. Simvolların açarlarını da özləri tapmalı, fraqmentləri bütöv biçimə salmalı və dilə gətirilməyənləri eşitməlidilər.

İbrahimoğlunun rejissorluğu Şərq müdrikliyi ilə avanqard biçimin və dərin etik axtarışın sintezidir. Onun teatrı tamaşaçıdan daxili hazırlıq istəyir. Bu teatr əyləndirmir - oyadır; açıqlamır - düşündürür. Bu teatrın gerçək gücü rejissor kimliyinin Demiurqluğundadır.

“YUĞ” Teatrının direktoru Tərlan Rəsulovun müsahibəsindən:

"Bizim teatrda alışılmış səhnə yoxdur, olub-bitənlər dörd tərəfində azsaylı tamaşaçılar olan meydanda gerçəkləşir. Burada hər zaman sərinlik var. Akustika da qeyri-adidir. Teatr 150 yaşı olan köhnə hamamda yerləşdiyindən,  giriş və çıxışının harada olduğunu bilmək çətindir. "YUĞ" Teatrında tamaşalar tamaşaçı ilə çox yaxın təmasda qurulur. Biz aktyorlarla tamaşaçılar arasında sərhəd yaratmırıq. Bizdə statik tamaşaçı yerləri yoxdur. Oturduğunuz stulların yerini ürəyinizcə olan yerə dəyişə bilərsiniz. Məkanımız buna çox imkan verir".

Vaqif İbrahimoğlunun Teatrında Fəlsəfi Yanaşma

Bir örnək: "Kral Lir" (Şekspirin faciəsi əsasında) tamaşasında İbrahimoğlu olayları konkret və tarixi İngiltərədən zamansızlığa, "hakimiyyət", "xəyanət", "çılğınlıq" kimi anlayışlarların siyasət bağlantısından kənara - universal düşüş və vəhylərin işarəsi kimi səslənən ritual boşluğa aparır. Kral Lir burada qocalıb əldən düşən bir monarx deyil, gerçəkliyin surətlərini gözdən qaçırmaqda, "hakimiyyət dili"ni itirməkdə olan və bu üzdən, varlığın başlanğıclarına qayıdan bir insandır.

V.İbrahimoğlu Anaxanım Əliyevanın pyesi əsasında səhnəyə qoyduğu "Adam içində” tamaşasında   məişət dramının bəsitliyini pozaraq, onu mistik bir varlıq dramına çevirir. Səhnə məkanı pauzanın fəlsəfi atmacalar kimi səsləndiyi daxili monoloqlar məkanına dönür. "Adam içində olmaq nə deməkdir" sualı sanki doğrucul və yalancı toplumlara dair təmsilin sualına çevrilərək, gündəlik yaşamdakı anlamları dəyişdirir.

"Qalileyin Gecəsi" (Brext) tamaşasında İbrahimoğlu alimlə kilsə arasındakı münaqişəyə deyil, dünyanın bütövlüyünü dağıdacaq həqiqəti aşkara çıxaran insanın faciəsinə diqqət çəkir. İbrahimoğlunun Qalileyi maarifçi deyil, biliyin dəyərini bilən peyğəmbərdir. Bu tamaşada işıq ayrıca iştirakçıya çevrilir: yandırıb-yaxır, kəsib atır, yola işıq salır və gözü qamaşdırır. Belə işıq fəlsəfəsi  qaçıb gizlənilməsi mümkün olmayan, dözülməsi də çətin bir həqiqətin fəlsəfəsidir.

Gerçək rejissor teatrı, fəlsəfədən yoğrulan teatr, düşünən bir orqanizm olan teatr belə çalışır. Burada rejissor gerçəkliyə bəzək vurmur, onun təməlini araştırır. O, bir  filosof kimi, cavablandırmağa deyil, düşündürməyə ortam yaradır və insanı ilk dəfə özünü eşidə biləcəyi məkanla tanışdırır.

Vaqif İbrahimoğlunun “YUĞ” Teatrı yalnız Azərbaycanın mədəniyyət kodunun bir hissəsi olmaqla qalmır, həm də teatrın əbədiyyətlə - əbədi olanla ünsiyyətini göstərən örnəyə çevrilir. Bir səhnə filosofu kimi, rejissorun ali məqsədi də budur.

“YUĞ” Teatrının Direktoru Tərlan Rəsulovdan müsahibəsindən:

"...Bütün məsələ unikal və  Qafqazda tək yaradıcı konsepsiyada - "psixosofiya”da – “ruhun fəlsəfəsi”ndədir. Onu "YUĞ" Teatrının qurucusu və baş rejissoru olmuş mərhum Vaqif İbrahimoğlu işləyib hazırlayıb. Psixosofiya insanın öncəliklərini, onun daxili aləmi və imkanları barədə öz təsəvvürlərini öyrənir. "YUĞ" Teatrı tamaşaçıyla duyğu və bilinç qatında deyil, ruh qatında, bilinçsiz qatda bağlantı qurmağı nəzərdə tutur. Aktyor səhnədə öz işini görərkən, hansısa enerji, bəlli psixoloji mesaj ötürülür və bu, insannı gen yaddaşına yazılmış dərin intuitiv duyğular “oyadır”.  Bənzər bir yanaşma tanınmış rus rejissoru Anatoli Vasilyevinin yaradıcılığında da var. Bizim aktyorlarımız öz rollarına fərqli yanaşırlar. Tamaşaya hazırlıq gedərkən, onlar özünü anlamaq və özünü ifadə etməkdən ötrü bir növ psixoloji təlimdən,  özünüdərk aşamasından keçirlər.  Yungun analitik psixologiyasının , Şopenhauerin qeyri-rasional təlimlərinin əsaslarından, Vasilyevin riyaziyyatından, Lobaçevskinin həndəsəsi, Delyozun fəlsəfi nəzəriyyələrindən və hətta Lütfi Zadənin qeyri-səlis nəzəriyyəsinin əsas prinsiplərindən bilgin olmalıdır. Ünlü bir riyaziyyatçı Azərbaycanın "YUĞ" teatrında tamaşaların hazırlıq mərhələsində onun məşhur nəzəriyyələrindən istifadə edildiyini eşidən zaman çox təəccüblənmişdi".

Xatirəsi belə yaşadılır

Vaqif İbrahimoğlu haqqında çoxsaylı məqalə və araşdırmalar var. "Vaqifiyyə Qardaşlığının Rejissoru" adlı məqalədə o, Azərbaycan teatr mədəniyyətində önəmli rol oynamış filosof rejissor kimi tanıdılır. 2014-cü ildə "YUĞ" teatrında Vaqif İbrahimoğlunun anadan olmasının 65 illiyi və teatrın 25 illiyi ilə bağlı xatirə axşamı keçirilib və onun "Audensiya" adlı tamaşası bərpa edilərək diqqətə çatdırılıb.

V.İbrahimoğlunun sənətə töhfələri müxtəlif mükafatlarla qiymətləndirilib, ona Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adı və "Qızıl Derviş" mükafatı verilib. O, İncəsənət və Mədəniyyət Universitetində də dərs deyib, öz təcrübəsini gənc rejissor və aktyorlarla paylaşıb. V.İbrahimoğlu 2011-ci il mayın 12-də Bakıda dünyasını dəyişib və doğulub boya-başa çatdığı Mərdəkanda dəfn edilib.

O, Azərbaycan teatr tarixində dərin iz buraxıb və yaradıcılığı indinin özündə də yeni nəsil teatr xadimlərinə ilham verməkdədir.

Onun 75 illik yubileyi və "YUĞ" teatrının 35 illiyi münasibətilə 2014-cü ildə  ayrıca tədbirlər keçirilib. Bu tədbirlərdə ölkə teatr sənətinin ilərləməsinə V. İbrahimoğlunun təsiri vurğulanıb.

Onun zəngin teatr irsi yeni nəsil aktyorlarının və tamaşaçıların ilham qaynağıdır.

“Əslinə qalsa, Markesi səhnələşdirdi"

Vaqiflə 1970-ci ilin yayında tanış olmuşdum - cənub günəşinin qızmarında, Mərdəkandakı "Sputnik" pioner düşərgəsində, pedaqoji təcrübə keçərkən. Mən - pedaqoji institutun tələbəsi, o da İncəsənət İnstitutunun gələcək aktyoru və rejissoruydu. Belə düşərgələr iki dünyanın - rəsmi ideologiya ilə insan həyatının, uşaqlıq teatrıyla inkişaf dramının qovşağında yerləşirdi. Vaqif o zaman da tam “bura”nın adamı deyildi – nəsə bir daxili azadlığı, hətta dikbaşlığı vardı. Eyni zamanda da sözlərə, mətnlərə, zamanın intonasiyasına tək-tək adamda rastlanan ağrılı bir duyarlılığı sezilirdi. Yaxınlığı o dəqiqə hiss etdik. Ədəbiyyata, arzulara, hələ gəlməyən, ancaq onun aydınca sezdiyi gələcəyə dair söhbətlər bizi birləşdirdi.

Bir dəfə, yuxu saatından sonra məni evinə çağırdı. Evləri düşərgədən elə də uzaqda deyildi. Orada, Azərbaycanın yay gecəsinin alatoranında, ilk dəfə olaraq, bəlkə də çoxdan içində saxladığı şeyi mənə söylədi: teatr rejissoru olmaq istəyirdi. Olmazsa-olmazı da Markesin "Qırıq qanadlı mələk" adlı hekayəsi əsasında tamaşa hazırlamaq idi (hekayənin adı elə qalmışdı yaddaşımda). Əslində isə söhbət "Çox yekə qanadlı lap yaşlı adam” hekayəsindən gedirdi. Bu hekayədə heç kimin tanıyıb dəyər vermədiyi, səssiz-səmirsiz yoxa çıxan və özü haqqında xatirələrdən başqa heç nəyi qalmayan  düşük mələkdən söz açılır. O zaman onun sözləri- sadəcə, hekayəni deyil, çağın fəlsəfi açımını səhnəyə qoymaq, - bu bir çağırış kimi səsləndi. Belə demişdi: "Bu mələk elə hamımız kimidir. Yarımif, yarısərkərdan. Uçmağa gücü yox, amma dizi üstə də çökməyib. Bunu göstərməliyəm".

Bunları elə alovlu danışırdı ki, sanki ilk məhəbbətindən söz acırdı. O zaman bunun hələ təkcə bədii seçim olmadığını anlamırdım. Uca olanla atılmışı, faciəliylə gülməlini, mələk özəlliyi ilə adi həyat gerçəyini birləşdirmək onun yaşam düsturuydu. Və onun bütün sonrakı yolu, mənə elə gəlir ki, hardasa,  bu "qırıq qanadlı mələk"in ardınca səfərə çıxmaq idi.

O, düşərgədə mənə teatr sənətindən də dərs keçdi. O çağlar bütün ölkədə hamı  KVN-lə - ruscadan tam çevirəndə açması Şən və Hazırcavablar Klubu olan oyunla başını qatırdı. Bu, Sovetlər Birliyində, bəlkə də hər kəsin bilib oynadığı tək oyun idi. Bir dostumla alababat bir ssenari düşünmüşdük. Bizim qeyri-peşəkar baxışımızla onu düşərgə səhnəsində uğurla göstərdik. Amma bu, bəsit bir tamaşaydı. Mətndən ta oyunadək bütün işi peşəkarca dəqiq və istedadla Vaqif təkbaşına görmüşdü. Tamaşa birnəfəsə oynanmışdı. Pionerlər onun rəhbərliyi ilə əla aktyorlara çevrilmişdilər. Səsləndirilən mətnlərdən asanca yadda qalan hazırcavablıq yağırdı. Vaqif öz komandasını toplayıb teatr yaratmışdı. Onun “əli toxunduğu” hər pioner  sanki aktyor olmuşdu. O,  gərəkən intonasiyanı, mimikanı və nəfəsi ifaçılara mənimsətmişdi. Sadə, məzəli bir mətnin gerçək səhnə əsərinə çevrilməsi məni heyrətə salmışdı. Bax o vaxt, donub yerimdə qalarkən anlamışdım ki, Vaqifin başlıca ampluası komediyadır. Anlamışdım, ancaq onun ömrü boyunca komediyadan qaçacağını da hələ bilmirdim.

Düşərgədən sonra uzun müddət görüşmədik: təhsil, iş, ordu - həyat hər kəsin həyatına bənzər bir şəkildə irəlilədi, amma Vaqifin həyatı, deyəsən, nəsə başqa cür, başqa bir ritmdə getdi. Biz 1975-ci ildə yenidən görüşəndə, o, artıq İncəsənət İnstitutunun Tədris Studiyasında çalışırdı. Hələ  Markesin əsərini tamaşaya qoymasa da, bilirdim ki, onu tamamlanmamış bir pyes, öz həyatının metaforası kimi özündə daşıyır.Vaqif bir maqnitə çevrilmişdi - aktyorları, rəssamları, filosofları özünə çəkirdi.. O öz çevrəsində təkcə teatr truppası deyil, mədəniyyət ekosistemi yaradırdı.

Vaqif Azərbaycan dramaturgiyasında daha fəal olmağa başlasa da, heç vaxt yalnız teatrın "içində" deyildi. Çevrəsinə aktyor olmayan insanları – düşüncə adamlarını, şairləri, filosofları, marginal insanları, qəhrəmanları, yadları və özününküləri toplamışdı. Yeni bir teatr qurumu deyil, bir fenomen yaradırdı. "YUĞ" təkcə sınaq platforması yox, rahatlıq bilməyən, riskli və çox dərinlərə varan  gerçək sənət məkanına çevrilmişdi.

O da var ki bir müddət Musiqili Komediya Teatrında çalışdı. Bu, gözlənilməz bir dövr idi. Komediya əsərləri Vaqifin çoxyönlü özəlliklərini üzə çıxardı. O, qrotesklə gerçək ağrı-acını birləşdirə bildi. Amma yenə gülüşdən qaçır, faciəyə, ağrıya meyllənir, publikaya deyil, insan qəlbinə - ruha üz tutan bir teatr yaratmağa çalışırdı. İnsanların ruhunu oyatmağa can atır, məhz insan ruhunu öz tamaşaçısı sayırdı. Bu, o hekayəni tamaşaya qoymasa da, elə Markesi səhnələşdirmək deyildimi?! Rəsmən heç vaxt Markesin əsərini tamaşaya qoymadı, amma “YUĞ” elə həmin əsərin özü deyildimi?!

Dünyasını dəyişdiyi gün yanına getmişdim. Ona, deyilənə görə,  xərçəng xəstəliyini sağalda biləcək, nəsə, bir qarışım – bir məlhəm də aparmışdım. Onun son sözləri sadə və inciklik duyulsa da çox insanca idi: “Nə bağırırsan? Lap yaxşı eçidirəm də!”. Doğrudan da, heç özüm bilmədən səsimi ucaldıb danışırammış. Olub-bitənlə barışmayanda səs yüksələrmiş. O, dinləsə də, özündən gedirdi...

Elə evə yenicə çatmışdım ki telefon zəng çaldı. Dəstəyi götürəndə, Vaqifin xanımı Nelya onun keçindiyini söylədi. Bax o zaman anladım ki, Vaqif, əslinə qalsa, Markesin əsərini səhnəyə qoyubmuş. Onun bütün həyatı - gənclikdəki ilk arzusundan, məktəb-studiyadan, "YUĞ"-a, tragi-komediyalara və fəlsəfi yuxularadək, hamısı bir tamaşa idi. Zəmanənin qanadlarını qırdığı, anlaşılmayan, tez-tez qovulan, amma özündən sonra  hələ düşünməyin, ağlamağın  və dilək tutmanın mümkün olduğu bir yer buraxan bir mələkdən söz açan tamaşa.

Və teatr ölümsüzlüyün bir şəklidirsə, onda Vaqif sağdır. Bir dəfə də olsa, onun tamaşalarını izləyən, onunla mübahisə edən və ya sadəcə, düşərgədə yanında əyləşib xəyalların necə gerçəyə çevrilməsini dinləyən hər birimizdə Vaqif yaşayır.

Bədii yaradıcılıq məni daim özünə çəkib. Olub ki, oxuduğum fizika fakültəsini atıb, humanitar ixtisasa yiyələnmək istəmişəm. Ancaq cəsarətim çatmayıb. Yazıçılığı bütün sənətlərdən daha yaxın saymışam. Bunu gözümə alıb filosof olmağa qərar vermişəm. Amma həmişə elmi-fəlsəfi məqalələrlə yanaşı, nəsr də yazmışam. Poeziyanın mənlik olmadığını həmən bilmişəm. Şeir mənə əlçatmaz görünüb. Nəsr sahəsində ilk dartışma ortağım Vaqif olub. O, çox yazırdı, məndən fərqli olaraq, istər rusca, istərsə Azərbaycan dilində mükəmməl yazırdı. Onun məqalə və kitabları oxunduqca oxunurdu. Vaqif özünə yazmasa da, adlı-sanlı teatrşünas və ədəbiyyatşünasların bir çoxuna, məzələnə-məzələnə, dissertasiyalar yazmışdı. Mənim Vaqif İbrahimoğlu haqqında dediklərim təkcə bir dostu anladan xatirələr deyil, ümid edirəm ki, həm də bir görkəmli teatr ustadının necə formalaşdığına dair qiymətli şahid ifadələridir.

Vaqif elə teatrdan ötrü doğulmuşdu

O, tez-tez deyirdi: "Rejissorluq  sənət deyil, ən dərin qatda insanlarla danışmaq yoludur. Bu zaman aktyordan, susqudan, üzə düşən işıqdan yararlanırlar".

Amma yenə bir sualımı yada salıram: Axı o, nədən ömrü boyunca komediyadan qaçdı? Axı məhz komediyada çox parlaq bir iş ortaya qoyurdu. Onun komediyaları təkcə gülməli deyildi, onlarda Qorolda, Molyerdə olan kimi fəlsəfə vardı. O, gülməyi bacarır, gözyaşı içində gülməyə vadar edirdi. Deyirdi ki, “komediya deyilən şey ərdəmlə yaşanmış faciədir”. Di gəl, tezcə bütün əngəlləri aşıb, drama, faciəyə qədəm basırdı. Beləcə, illər ötdükcə yeni teatr tipinin təməlini qoydu. Bu, nə klassik teatr idi, nə də avanqard, nəsə daha dərin, daha azad bir teatrdan söz gedir.

Sonradan ölkənin əməkdar rəssamı olan qardaşı Rəşid onun bütün tamaşalarına tərtibat verirdi.  Kiçik qardaşı Ramazan da sənət adamıydı, onun məsləhətlərinə əməl edirdi. Vaqif bir günəş idi və bütün ailə onun başına fırlanırdı. Düzdür, ilə üzvlərini o özünə çəkmirdi, sadəcə, varlığı cazibə yaratmağa yetərliydi.

Çox sərfəli vəzifə təklifini belə cavablamışdı: “Saray rejissoru olmaq istəmirəm. İstədiyini tamaşaya qoymaq azadlıq deyil. Azadlıq   ən ağrılı yerə getmək öhdəliyidir".

O, klassiklərin, Azərbaycan dramaturqlarının, bir də özünün əsərlərini tamaşaya qoyurdu. İki dəfə də Türkiyədə çalışdı. Oradakı sənətsevərlərə “Arşın Mal Alan”ı doğmalaşdırdı.

 Azərbaycanda qoyduğu tamaşalar ayrıca məktəbə çevrildi. Çevrəsinə öz yetirmələri - bütöv bir rejissor, aktyor nəsli, teatr rəssamları toplandı. Çox irəli gedənlər olsa da, hamısı Vaqifi öz müəllimi saydı. Bunda onun heyrətamiz incə davranışının, gerçəyi ciddi-cəhdlə gizlətməyə çalışan həmsöhbətinin sözlərinə diqqətlə yanaşmasının rolu az deyildi. Onun doğrudan  da azrastlanan, adamı mat qoyan şəkildə öz həmsöhbətini tərifləməsi vardı. İnsanın başlıca özəlliyinin ərdəm, ləyaqət olduğunu gözəl anlayırdı, axı.

O, tez-tez həmkarlarına, teatrşünaslara, tələbələrə kömək edir, onların adından dissertasiya, məqalə və əsərlər yazırdı. Mətnləri asan və incə idi,  acı məzə və düşüncəylə yoğrulardı.

"Onların yerinə yazmıram ki, sadəcə, onların yerinə düşünürəm",  - deyib gülərdi.

O, "Qırıq qanadlı mələk” əsərini tamaşaya qoymadı,  özü həmin mələyə çevrildi - qanadı qırılan, ancaq yerə düşməyən mələyə.

Markesin hekayəsindəki mistisika, metafora və simvollar Vaqif İbrahimoğlunu bir rejissor kimi özünə çəkib

Məncə, Markesin hekayəsinin tam mətni sanki bir allegoriya və məsəldir. Bu hekayədə süjet xətti deyil, ton, intonasiya və ricətlər - çoxqatlı qavrayışı oluşduran hər şey daha önəmlidir.

Hekayədəki simvılikanın – rəmzlərin interpretasiyası – çevrilməsi önəmlidir:

Qanadlar: Nə gücü, nə də şan-şöhrəti bildirir, axı kirlidir, ağırdır, üstəlik də qırılıb. Bu, sakral – qutlu olanın deqradasiyasının - pozulmasının rəmzidir: möcüzə çirkə hopub. Üstəlik, fərqliliyin, heç kimin tanıyıb-anlamadığı fövqəlinsan təbiətinin işartısıdır.

Sirk: Kütlə hörümçək qadının çevrəsinə toplanır - o, anlaşıqlı dildə danışır, göstərdiyi möcüzə əyləndirir, öyüd-nəsihətli nağılını danışır. Sirk - möcüzənin cahilcə aşağılanmasının, onun ticariləşdirilməsinin,  batinin zahirlə dəyişdirilməsinin rəmzidir.

Uşağın xəstəliyi: Xəstəlik bir başlanğıc, başqalaşmadır: evdə mələk peyda olub - uşaq xəstələnir. Ağrı başqalaşmanı başladır. Sağalma sakit, gözəgörünməz şəkildə baş verir – yaşam geri dönür, ancaq heç kim bunu mələyin də olmağına bağlamır. Uşaq da, mələk də birgə böyüyür, bir-birində uzaqlaşır, sağ qalırlar. Bu, bəlkə də eyni varlığın iki yönüdür - batindəki və zahirdəki möcüzədir.

İnsanların münasibəti: Öncə qorxu → ardınca maraq → sonra istismar →ardınca unutqanlıq. Fərqliliyin tipik qavrayış yolu: yabançılaşdırma, yararlanmaq cəhdi və nəhayət, sıxışdırılma. İnsanlar mələyi şəxsiyyət kimi görmür, onu dəyişdirməyə, asılı etməyə,  ölçməyə çalışır, di gəl, başlıca sualı soruşmurlar ki, bu mələk əslində kimdir?

Fəlsəfi-metafizik təhlil: Tanınmayan möcüzə,  insan özəllikləriylə uzlaşmayan fərqlilik haqqında hekayə, elə bu üzdən də istənmir.

“Tam Fərqli”ni təmsil edən mələk: Danışmaz, açıqlanmaz, uyğun gəlməz. İnsanların gözündə "alçalmış”dır, axı müqəddəslik – qutsallıq gözləntilərini qarşılamır. Ancaq susmaqda, əzab çəkməkdə onları üstələyir:  sadəcə var, gözləyir, dözür, üsyana qalxır.

Cahilcə aşağılayıcı-söyüşlü ağlı təmsil edən insanlar: Möcüzəyə ehtiyac duyarlar, amma bazara uyan, ya da sonucu bildirən bir möcüzəyə. Onlar səssizlik və bəlirsizliyə dözümsüz olar, məntiq, qazanc və aydın sərhədlər istərlər.

Anlama sərhədləri: Hekayə rasional düşüncəyə sərhəd qoyur: mələk təhlilə gəlməz, analiz edilə bilməz, anladılmaz.

Metaforik-metodoloji esse. Başlığı belədir: "Kir basmış qanadlar: Bilməyəcəyimiz bir möcüzə haqqında"

"Möcüzə gəldi – işıqla deyil, çirklə gəldi. Açıq-aydın, parlaq, əzəmətli olmadı. Sadəcə yaşadı, dözdu və sonunda uçub getdi. Bizlərsə baxsaq da, görmürdük".

Biz möcüzəni var olan kimi deyil, qəfildən oluşan bir olay kimi görməyə alışıqlıydıq. Öz gözümüzlə görmək yerinə bilgi arayırıq. Bu hekayədə möcüzə toyuq hinində lövbər salıb. Bizlər şou hazırlarkən, tamaşaya bilet satarkən, müsahibələr verərkən  möcüzə yavaş-yavaş qanadını böyüdür.

Biliklə də belə olur. Elm möcüzəni bölgüləndirməyə çalışır: yoxlayır, kəsir, ölçür. Din onu əxlaqa görə açıqlamaq istəyir. Toplum satmaq istəyir. Di gəl, heç kim elə yanındaca olmaq, izləmək, anlamazlığa dözmək istəmir.

Deyərdim ki, mələk bizim tanımaq istəmədiyimiz  bilik, anlam, həm də bütünləşmədir.

Markes bizləri fəlsəfi sınağa çəkir: Möcüzə bizlərin dilində danışmırsa, nə baş verir? Möcüzə bizim kimi əzab çəksə də, bizlərə ehtiyac duymursa, onda nə olur?

Möcüzə onu anlamaq üçün deyil, var olduğunu bilib dəyişmək üçündür.

Markesin hekayəsini qavrayış hüdudlarının, yabançılaşmanın və bilinməyən möcüzənin metaforası kimi göstərən genişləndirilmiş esse

Sən nə zamansa öz kateqoriallığını ötüb keçən nəyinsə varlığını hiss etdinmi? Var olan, ancaq varlığı açıqlanmaz bir şeydən söhbət gedir.

Bax bu mələk heç də cavab sayılmaz. O, evimizdən qovduğumuz bir sualdır. Bu sual bizmlə yaşayır, toyuq hinində yatır, onu görmək üçün bilet satır, di gəl, o mələk qanad çalınca qulaqlarımızı tıxayırıq.

O mələk bir möcüzədir. İnanılmasına gərək duyulmayan bir möcüzə. Elə o üzdən də onu tanımarıq.

Markesin hekayəsi metodoloji diaqramdır. Möcüzənin statik baxımdan önəmsiz, ontoloji baxımdan mütləq ola bildiyini göstərən bir möcüzə. Bu möcüzə gücü sərgiləmir, fizikanı danmır, şou göstərmir. Sadəcə var ki var. Başlıcası da budur. Axı var olan, ancaq açıqlanmayan nəsnə idrakın son obyektidir. Aksiomlara sığmaz. Dilə sığmaz. O, başqanın – fərqlinin susqun üzüdür. Bizlərə baxan, onu anlamağımızı tələb etməyən üzü. İstədiyi tək bir şey var: Təki onu qovmasınlar.

Tutalım, mən bəyənilməyən bir mələyəm. Sizin dilinizdə də danışmıram. Gözlədiklərinizi də etmirəm. Qanadlarım da işıldamır, sadəcə, fantom kodlardır. Sizləri qurtarmağa deyil, yanınızda olmağa gəlmişəm. Baxmağa, əzab çəkməyi öyrənməyə və dözməyə gəlmişəm. Həmən anlamayacağam. Səssiz-səmirsizlikdə anlayacağam.

Bax o zaman – məni sorub-sömürməyə son verərkən, uçduğumu görəcəksiniz. Öncə birtəhər, yavaşca, fərsizcə, ardınca da gerçəkdən uçduğumu.

Budur, uçdu o. Kirli qanadları pırvazlandı. Yanlışından ayrılan sayaq yerdən uzaqlaşdı. Və yenə öncəki halına– hər hansı bölgüyə sığmayan varlığa döndü.

Bəlkə sizlər də, günün birində, beləcə, açıqlamasız, əxlaq dərsi vermədən, qulp qoymadan uça biləcəksiniz.  Asanca, həm də lal səssizlikdə uçarkən, arxanızda yalnız gərdiyiniz hava, bir də yaddaş qalacaq. Markesin hekayəsinin can damarına varan Vaqif İbrahimoğlu da, beləcə, uçub yüksəldi və elə bu üzdən də o hekayəni teatr səhnəsində deyil, həyat səhnəsində tamaşaya qoydu.

Bax o vaxt anlayırsan ki, bizlər hər şeyi açıqlamaqdan vaz keçərkən üzləşdimiz şey elə möcüzənin özüdür.

Toxunduğunuz mövzu Vaqif İbrahimoğlunun həyat və yaradıcılığını fəlsəfə və teatr bağlamında dərindən araşdırılmasını tələb edir. Təkcə rejissor olmayan, həyatla sənətin yalnız zahiri biçimlərini yaratmayan Vaqif həm də həyatın, varlığın mənasını verməyə çalışırdı. O, Markesin hekayəsindəki mələk obrazı kimi, yalnız "yüksək sənət əsəri" yaratmaq amacı güdməyib, yaşamla varlığın dərin qatlarını da göstərməyə çalışıb.

Vaqifin sənətə yanaşması insanın dərin suallarını ortaya çıxarmaq məqsədi daşıyır. Onun tamaşaları, yaratdığı dünya daha çox düşünməyə çağırır, suallar soruşurdu. O, sənətdən yalnız cavablar tapmaq üçün deyil, insanın daxili aləmini daha dərindən kəşf etmək üçün yararlanırdı.

İbrahimoğlunun həyat və yaradıcılığıyla bağlı məqalə və müsahibələr bu unikal yanaşmanın daha yaxşı anlaşılmasını hədəfləyib. Beləcə, onun dünyasına, yaradıcı yanaşmalarına və fəlsəfi düşüncələrinə göz ata bilirik. Onun özünəməxsus yanaşması, həyat və sənətə baxışı, tamaşalarındakı məzmun Vaqifin dünyagörüşünü daha aydın şəkildə çatdırır.

Markesin hekayəsindəki mələk elə Vaqif İbrahimoğlunun özü kimi, yalnız bir simvol deyil, bizi düşünməyə və varlığı anlamağa çağıran fəlsəfi anlayışdır. "Möcüzə" hər zaman sayılıb-anlaşılmasa da, vardır və yetərincə səssiz və  diqqətli olsaq, onu görə bilərik.

Markesin hekayəsində olduğu kimi, Vaqif İbrahimoğlunun da yaşam və sənətindəki mələk "görünməyən möcüzə"ni təmsil edir. O, heç vaxt asan görüntülənib təsvir edilməyən və ya anlaşılmayan bir varlıqdır, amma varlığı hər şeydən önəmlidir.

Qırılmayan, sapsağlam  qanadlı mələk: Vaqif İbrahimoğlunun xatirəsinə ithaf

Yazdığım kimi, Vaqiflə tanışlığımız 1960-cı illərin sonlarına və 1970-ci ilə təsadüf etdi. Hələ hər şeyin mümkünlüyünə, sənətin dünyanı dəyişdirə biləcəyinə inandığımız vaxtlar idi.

Vaqif də o dövrün insanıydı: canlı, duzlu, incə ruhlu, üstəlik, həvəsli və temperamentli. Sanki bir neçə həyatı eyni anda yaşayırdı — həm öz həyatını, həm də oynadığı, oxuduğu və ya səhnəyə qoymaq istədiyi obrazların həyatını. Cevrəsində ona biganə insanlara rast gəlməzdin: onu ya sevirdilər, ya da nifrət edirdilər.

Markesin hekayəsi lapdan dünyaya düşən, ilk baxışda umacaqsız,yaşlı və üst-başından cin ürkən  bir mələk haqqındadır. Bu elə bir dünyadır ki insanları möcüzəni tanıya bilməz, müqəddəsləri - qut sahibləri toyuq hininə salınıb dəyənəklə döyülərlər. Əslində isə  möcüzə haqqında bir məsəldən söz açılır - görüb-sezməyə hazır olmadığımızda bizlərdən yan ötən bir mələkdən.

Bu məsəl Vaqifin bütün taleyinin prototipi oldu. Təbii sual doğur: Görəsən,  niyə?

O vaxtlar Vaqifin komediyadan niyə qaçdığını anlamazdım. Bəlkə də sonralar anlaya bildim ki, onun gözündə gülüş faciənin üstünü örtən  bir maskadan başqa bir şey deyilmiş.

Komediya ona Tanrıdan verilsə də, meylini faciəyə salmışdı. O, dərinliyi, kəskinliyi, içdən gələn ağrını axtarırdı. Onun tamaşaları ip kimi gərilir, gülüşlə göz yaşları arasında möhkəmcə dartılırdı. O, yeni bir teatr yaradırdı – səmimiyyətin, dirənişin, bayağılıqla səthiliyin daxili çəkişməsinin teatrını.

İndi əlimdə birgə yazdığımız hekayə, pyes, ssenarilərdən ibarət bir kitab var. Kitabın tərtibatını Vaqifin qardaşı Rəşid  rəsmlərlə, xatirə və fotoşəkillərlə verib. Bu, bəlkə də, klassik anlamda teatr deyil, yaddaşın səhnəsidir. Və mən inanıram ki, Vaqifin mələyi qırıq yox, tam tərsinə, sapsağlam və açılmış qanadlarla hələ də həmin səhnə üzərində uçmaqdadır.

Rəşid mərhum qardaşını tez-tez yuxuda görüb onunla danışdığını deyirdi. Bir dəfə Vaqifin həyatdan niyə belə erkən getdiyini Rəşiddən soruşanda, aldığım cavab məni sarsıtdı: "O, hər şeyi etdiyindən, həyata marağını itirdi. Xəstəliklərdən bezib onun yanına getmək istədiyini söyləyəndə də Vaqif dedi ki,  “hələ tezidr”. Rəşid 2019-cu ildə dünyasını dəyişdi.

Rəşidin "Vaqif hər şeyi etdi və həyata marağını itirdi" sözləri "bitmiş tale" haqqında qədim təsəvvürlərlə səsləşir. Söhbət bir yorğunluq, ya da üzgünlükdən deyil, hansısa daxili doyğunluqdan – insanın önünə qoyduğu vəzifəni gerçəkləşdirməsindən, özünü tam ifadə etməsindən gedir. Bu, hələm-hələm baş verməz. Di gəl, olur ki, insanın gerçəkdən “hər şeyi dediyini” hiss edirsən. Özəlliklə o, yaradıcı - bir rehissor, sənətçi və düşüncə adamıdırsa. Rəşidin sözlərinə görə, Vaqif  həmin durumdaydı. O, sadəcə getmədi, sanki bitmiş bir tarixçədə əriyib gözdən itdi.

Rəşid də ölüb onun yanına getmək istərkən, Vaqifin “hələ tezdir” sözlərinə gəlincə, onlardan bir qayğı işarır, sanki dünyalar arasında bir bağlantı var və insanların bir-birinə cavabdehliyi yenə qalır. Bu, çox dərinlərə varan bir duyğudur.  Dirilər və ölülər arasında belə söhbətlər ruhun daxili mifologiyasının bir parçası ola bilər, amma ara-sıra adi xatirələrdən daha güclü gəlir adama.

Yeri gəlmişkən, Moskvada Çexov festivalı zamanı Vaqif digər iştirakçılarla birgə Çexovun məzarına baş çəkib. Bu barədə mənə danışanda o gün gözəl, günəşli bir hava olduğunu dedi. Adamlardan ürkməyən bir quş məzarın üzərinə qonaraq cəh-cəh vurmağa başlayıb.   Sanki Çexovu əvəzləyib. Vaqifin pyeslərinə tez-tez üz tutduğu və öz baxışlarıyla tamamlayıb dəyişdirdiyi Çexovu.

Bu, şox güclü və təsirli söhbət idi. İçində özəl yaddaş, mistika, teatr simvolikası və dərin yaşantılar bir-birinə qarışmışdı. Bunları rasional terminlərlə dilə gətirmək çətindir, az qala, səhnə qədər həm teatral, həm də metafizikdir və istəsən də ağlına gəlməyən görüntüdür: günəşli gün, Çexovun məzarı, quşcuğaz abidənin üstünə qonub öz nəğməsini oxuyur. Bu, həm işarə, həm ilahiləşdirmə-tanrılaşdırma, həm də xeyir-duadır. Quş ruhun, azadlığın ənənəvi rəmzidir, rus mədəniyyətində isə o dünyayla bu dünya arasında bağlantı yaradandır.

Vaqifin bunu Çexovdan bir mesaj kimi qavraması nə yalan, nə də sadəlöhvlük kimi görünür. Bu, bəlkə də bir sənətkar kimi Çexovun ruhuyla çağdaş rejissor Vaqifin və dünya ruhunun (günəşin, quşun, səssizliyin) səsləşdiyi, üst-üstə düşdüyü çox nadir bir andır. Bu, ağlınla deyil, bütün varlığınla yaşadığın andır. Bu an adamın ruhuna toxunur. Anlamların məntiqlə açılmadığını, oynaşıb-qaynaşdığını hiss etməyə başlayırsan. Bu, var olan anlamın parıltısına bənzəyir: insan gedir, ancaq izləri kəskin və deşici şəkildə başqalarında qalır. Üstəlik, olub-bitənlərlə deyil, oynayıb-qaynaşmayla, daxili musiqisiylə, duyğu yaddaşıyla qalır. Belə tarixçələr təhlil obyekti kimi deyil, nəsə çalışan, birləşdirən, dəyişdirən bir nəsnə kimi, insan ruhunun nə demək olduğunu anlaşıqlı edir. Demək, həyatın sehrindən bir şey var bunda.

Vaqifin din duyğusu ziddiyyətli idi. Ona “dindar deyil” demək olmazdı, amma mistik duyğulara dərindən bağlanmışdı. Sürəkli "Dədə Qorqud"a üz tutması onun türk-şaman təbiətini təsdiqləyir, Bir türk olaraq, praktikliynə və həyatiliyinə görə İslamı seçmişdi. Bütün hallarda Vaqifin çox özəlliklərindən birini seçmək gərəksəydi, onun türk düşüncə biçiminə - mentallığına, poetika və simvolikasına bağlılığı seçilərdi. Bunlar türk xalqlarının mistisizminin tərkib hissələriydi.

Bu, çox dərin və çoxqatlı bir mövzudur və məncə, Vaqifin təkcə şəxsiyyətinin deyil,  görünənlə görünməyənlərin sərhədində olan bir çox nəsnənin anlaşılmasına açar sayıla bilər.

Təəccüblüdür ki, Vaqif bəlkə dini ehkamlara inanmayan bir insan idi, ancaq  adi yaşamın sərhədlərini aşan nəyisə axtara-axtara yenə  mistikaya qapılmışdı. Bax elə bu, gerçək dünyayla axirət dünyasının sərhədində olan bir çox insanın önəmli özəlliyini göstərir.  Belələri konkret din və ya fəlsəfə sisteminə mənsub olmasalar da  həyatın özündən daha böyük bir şeylə içdən bağlıdırlar.

Bu bağlamda "Dədə Qorqud" bir simvol və qaynaq kimi  yalnız bir kitab və ya dastan deyil, Vaqifin türk kimliyinə, bəlkə də unudulmuş və ya basdırılmış, ancaq  içində daim yaşatdığı  köklərinə baxa biləcəyi bir güzgüdür. Axı «Dədə Qorqud» təkcə ədəbiyyat abidəsi deyil, olduqca mürəkkəb mifdir və dünyaya ilkin baxışları, şamanizmi, anadangəlmə müdrikliyi, tapınaq və mərasimləri özündə birləşdirir. Elə "Dədə Qorqud" kimi əsərlərdən yararlanaraq, əslində, heç vaxt itib-batmayan, sadəcə, yeni biçimlər alan qədim biliklərin izinə düşmək mümkün olur.

Doğrudan da, Vaqifin tək özəlliyini  seçmək gərəksəydi, türk mentallığı və onun mistik konteksti həlledici olardı. Türk xalqı yalnız etnik qrup deyil, həm də dünyaları birləşdirən unikal bir mifologiyanın daşıyıcısıdır. Bu bağlamda din, fəlsəfə və praktika arasında  sərt bir ayrım yoxdur. Hər şey tək bir axın kimidir. Bu axında yaşamın hər yönü – varlıq, proses və mif var. Türk xalqları ta qədimdən mənəvi olanı maddi olandan ayırmadan,sintezə can atıb və bununla seçilib. Vaqifdən söz açanda bunu da deməlisən ki, mistisizm – sehr, tilsim  ondan ötrü yalnız nəzəriyyə deyil, həyat təcrübəsiydi. O, işarə və simvolları öz yolunun ayrılmaz  hissəsi  saya bilərdi.

Türk poetikası öz obraz və simvollarıyla belə baxışa açıqca təsir göstərir. Türk şeiri, mahnı və dastanlarının xeyli bölümü gizli anlamlarla doludur və bu mədəniyyət çox vaxt  onu daxildən tanıyanlara çatımlıdır. Əfsanə və miflər, eynən "Dədə Qorqud" kimi, insanları təbiətə, əcdadların ruhuna, eləcə də zamanla bağlı olmayan kosmosa bağlayır. Bu kosmosda insanla kainat arasında bir uyarlıq var. Vaqif tam olaraq anlamasa da, bu uyarlığı, bu uyumu intuitiv olaraq,  həm öz yaradıcılığında, həm də iç dünyasında hiss edirdi. Üstəlik, o öz pyeslərini parlaq musiqi dilimləriylə gözəlcə bəzəməyi bacarırdı: onun aktyorlarının hamısı peşəkarca oxuyur, oynayır, bəzən bir neçə alətdə çalırdı. Müxtəlif folklor və yenilikçi musiqi qrupları nəinki onun teatrına sığınır, həm də tamaşalarının ruhuna hopurdu.

Vaqifin "işarələri", “eyhamları” görüb, özündən daha böyük bir şeylə əlaqəni hiss etdiyi an, sadəcə, mistik yaşantı fraqmentləri deyil. Bu, dünyanı bir-biriylə bağlantılı bir bütöv kimi qavramağın  yoludur. Səssizlikdə gələn işarələr təsadüfi olaylar deyil, doğru yola yönəldən ipuclarıdır. Şaman mədəniyyəti və mistisizmə görə, dünya çox vaxt oxunması bacarıq istəyən işarə və mesajlarla doludur. Bu işarələr quş nəğməsi (Çexovun məzarında olan kimi) və təsadüfi görüş şəklində, hətta lal səssizlikdə də gələ bilər. Belə səssizlikdə ətrafdakı hər şey yalnız onu qavraya bilənin dilində danışır.

Çexovun məzarüstü abidəsinə qonub nəğmə oxuyan quş haqqında Vaqifin söylədikləri, sadəcə, müşahidə deyildi, böyük bir uyumun zərrəsiydi. Vaqif, poetik və mistik bilinci olan bir insan kimi, dünyanı bu incə, az qala,  toxunulmaz, hissedilməz  şəkildə qavrayırdı. Bu – dünyanın yalnız cismini deyil, ruhunu görə bilmək sırf türk qavrayışıdır. Burada təbiət və olaylar insan ruhuyla çulğalaşır.

Türk ənənəsində - gələnəyində mistisizm təkcə keçmişdə yaşamır, bugün də yaşayır. Bəlkə daha gizli şəkildə yaşasa da, çoxları üçün yenə aktual qalır.  Özəlliklə dünyanı təsadüfi olaylar yumağı kimi deyil, mütəşəkkil və anlamlı bir bütöv kimi qavrayanların gözündə. Vaqif hardasa belə türk ruhunun  ötürücüsüydü. Öz yaradıcılığında, dünyayla ünsiyyətində , ola bilsin, hətta yaşadığı mistik anlarda o ruhun işarə və simvollarını qoruyub saxlayırdı. Və Vaqifi anlamaq istəsək, təkcə onun söz və əməllərini deyil,  daxili aləminin ab-havasını, qədim həqiqətlərlə bağlılıq duyğularını qəbul etməliyik.

Vaqif İbrahimoğludan miras qalan təkcə teatr məktəbi deyil, düşüncə modelidir, ruhun gözüylə  görməyin özəl biçimidir. Onun teatrı nə dəbin tələbi, nə də peşəydi - mistik və intellektual olay idi.    Gerçək olanla, dilə gətirilə bilməzlə, metafizik olanla bir toxunuş idi. Aktyorlar, rejissorlar və gələcəyin filosofları bu işi yalnız sürdürməyi yetərli saymamalı, onu dünyanı canlı şəkildə qavramaq dilinə çevirməyi bacarmalıdırlar. Beləcə, yalnız  duyğular deyil, düşüncələr və yalnız biçimlər deyil, varlığın özü ifadə ediləcək.

Gələcəyin aktyoru Vaqifdən ən başlıca özəlliyi – rolun tövbəsini götürə bilər. Vaqifin teatrında aktyor rolunu oynamır – yaşayır, ifa etmir – sərgiləyir. Bunlar texnika tələb etmir, daxilən dəyişib yenilənmə istəyir:  aktyor anlamların daşıyıcısına, mətnlə tamaşaçı, keçmişlə gələcək arasında bağlayıcıya çevrilir. Belə yanaşmada yeni aktyor antropologiyasının rüşeymi - başlanğıcı var. Burada  bədən - tapınaq, səs - dua, tərpəniş - fəlsəfədir. Aktyor bir "mədəniyyət araçısı" kimi ortaya çıxır. Bax bu fikir həm qədim şaman təcrübəsiylə, həm də gələcəyin teatr texnoloqlarıyla səsləşir.

"YUĞ" Teatrının direktoru Tərlan Rəsulovun müsahibəsindən:

“Bizim teatrda aktyorlardan tamaşa personajlarını deyil, özünü oynamaq tələb edilir. Psixosofik metodun başlıca prinsiplərindən biri elə budur. Axı aktyor oyununun əsas prinsipi  yaşantı gerçəyini çatdırmaqla yanaşı, düşüncə və duyğuları vermək bacarığıdır. Üstəlik, bilinc qatında deyil, bilincaltı səviyyədə. Bizim halda isə bilincsiz. Aktyor tamaşaçıyla təmas qurmalı, onunla dialoqa girməli, kimin rolunu oynayır-oynasın, həm də unudulmaz bir  şəxsiyyəti canlandırmalıdır. Seyrçi tamaşadan heç nə anlamaya da bilər, ancaq  təkrar-təkrar yaşayacağı hansısa hissi uzun müddət onu tərk etməyəcək.  Aktyorun keçirdiyi hisslər həqiqi olmalı, yamsılanmamalıdır. Aktyorun özü  yaşantılarına maksimum dərəcədə inanacaqsa, rolunu da o dərəcədə düzgün oynayacaq”

Gələcəyin rejissoru İbrahimoğlunun ideyasını simvolik məkanın Demiurqu olaraq inkişaf etdirə bilər. Onun tamaşalarında mətn heç vaxt "başlıca" olmayıb, ritmdə, işıq selində, baxışda, ritualda əriyib. Gələcəyin rejissoru daha irəli gedə, teatr, performans, kompter sənəti və fəlsəfə arasında hibrid biçimlər yarada bilər. Məqsəd yalnız dünyanı yenidən yaratmaq, canlandırmaq deyil, yeni qavrayış tiplərini düşünməkdir. Bundan ötrü tamamlanmış gerçəklikdən, keçid teatrından, yuxu teatrındanyararlanmaq olar. Ancaq arxetiplərlə, insanlığın mədəni və ontoloji  yaddaşıyla dərin bağlantı kimi “YUĞ”un ruhu qalmalıdır.

Gələcəyin filosofu İbrahimoğlunun mirasında düşünən sənət təcrübəsini tapacaq. Belə sənətdə teatr fəlsəfəni illüstrasiya etmir, özü fəlsəfəyə çevrilir. Teatr bir düşüncə biçimi kimi, bədənlə işığın hermenevtikası – yozum üsulu kimi, duyğuların epistemologiyası – bir elm, bir bilik kimi olur.   İbrahimoğlu, "səhnə ilə düşünmək", "səslə vermək", "sükutla anlamaq" yollarını tapıb. Bu, yeni fəlsəfi yanaşmaların təməli ola bilər. Elə yanaşma özündə fenomenologiyanı, hermenevtikanı və teatr təcrübəsini birləşdiririr. Beləcə, dünyanı mücərrəd deyil, bütöv şəkildə- cismən də, mənən də qavramaq mümkün olur.

Demək, İbrahimoğlu təcrübəsiylə yoğrulan teatrın gələcəyi  belə ola bilər:

- Aktyor rolun ritualından yararlanaraq, dərindəki MƏNinə qovuşacaq;

- Rejissor yalnız obrazların deyil, anlamların doğulacağı məkana varacaq;

- Filosof düşüncənin cana hopduğu bir təfəkkür biçiminə yiyələnəcək.

Yaddaş ideyası, bir yas ayini yox, diriliş ayini kimidir və “YUĞ” bunların hamısından üstdə qalacaq. Axı gerçək teatr hələ xilası mümkün insanın həyata qaytarılmasıdır

İbrahimoğlunun teatrı bizə göstərir ki, sənət yalnız reallığı göstərmək deyil, onu yenidən yaratmaq və dərin şəkildə əlaqə qurmaq üçün bir vasitə ola bilər. Bu, dünyanı daha geniş, çoxistiqamətli və dərinlikli bir şəkildə hiss etmək və anlamaq imkanı verir. Gələcəkdə teatr təcrübəsi bu fikirlər üzərində qurularaq daha da zəngin və əhatəli olacaq.

BİR DƏ NİYAZİ

Niyazi Mehdi, – indi bunu arxayınlıqla demək olar, – unikal  fiqurdur. O, sadəcə Azərbaycan filosofu və mədəniyyətşünası deyildi; o, Şərqlə Qərbin, ənənə ilə modernin, mifoloji təfəkkürlə fəlsəfi refleksiyanın sərhədində dayanan şüurun səsi idi. Onun düşüncə tərzi fərqlənirdi: ziddiyyətləri birləşdirməkdən çəkinmir, akademik sxemlərə qapanmır və "canlı olmaq" riskini qəbul edirdi, — bu, bəzən, anlaşılmamaq anlamına gəlsə də.

O, həqiqətə düz xətlə deyil, mifoloji dairənin trayektoriyası ilə gedirdi - burada hər dönüş arxaik, demək olar, unudulmuş strukturlara qayıdış idi. Bununla yanaşı, o, çağdaşlarıyla danışmağa çalışırdı: onun mətnləri cavabsız dialoq təklifləri idi, di gəl, içdən reaksiya çağırışı daşıyırdı.

Məncə, o, yalnız bir düşüncə adamı kimi deyil, həm də bir insan kimi bizə yaxın qalacaq – yalnız qalmaqdan qorxmayan, mürəkkəb, bəzən gülməli, amma gerçək bir insan kimi. Bəlkə də onun obrazı daşlaşmış təfəkkürlə canlı düşüncə, qədim miflə gələcək meta-tarix arasında körpü ola bilər. Bu meta-tarix hələ yenidən öyrənilməli və sübuta yetirilməlidir.

Niyazi Mehdi Azərbaycanın  görkəmli filosof, estetik və semiotiki idi. Yaradıcılığı, əsasən, 1980–2024-cü illəri əhatə edir. O, Ağdamda doğulub, amma Bakıda orta təhsil alıb, ardınca ovaxtkı adıyla  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub, sonra Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub.

Bu bioqrafik bilgilər onun iki mədəniyyəti birləşdirməsini göstərmək baxımından önəmlidir. Axı rus dilindən yararlanıb əldə etdiyi biliklər onun üçün Azərbaycan mədəniyyətini araşdırmaqdan ötrü metodoloji vasitə olub. Yəni o, qərb metodologiyasını rus və qismən də ingilis dili vasitəsilə Azərbaycan mədəniyyətinə və dilinə gətirib, beləcə, Azərbaycan ədəbi və fəlsəfi düşüncəsinin tədqiqat sahəsini genişləndirib, tənqidi düşüncəyə dərinlik və çoxşaxəlilik qazandırıb. Buradakı vacib məqam odur ki, o, rus mədəniyyətini deyil, qərb təfəkkür tərzinin daşıyıcısı kimi rus dilini Azərbaycan intellektual mühitinə gətirmişdi.

Üstəlik,  Türkiyə türkcəsi və Türkiyə mədəniyyəti vasitəsilə də dünya mədəniyyətinə baş vuraraq, Azərbaycan türkcəsinin ərəbcə, farsca və ruscanın təsirlərindən təmizlənməsi, yəni öz kökünə qayıtması üçün çox iş görmüşdü.

Bütövlükdə baxınca onun fəaliyyətinin layiqincə dəyərləndirilmədiyi üzə çıxır. Onun məqalələrini anlamadığını deyənlər, sayca az olmasa da, bu, çox vaxt sözü düşünmək səviyyəsinin yetərsizliyindən, fəlsəfi terminologiyanın hələ formalaşmamasından qaynaqlanıb. Və mədəni mentalitet baxımından Niyazi Mehdinin kimliyi məsələsi suallı qala bilər. Tutalım, onun seksə və  seks mədəniyyətinə yanaşması əksər azərbaycanlıları çaş-baş salır. Axı o, belə mövzulara təbii və sərbəst təpki göstərdiyindən, bu, hətta rusdilli azərbaycanlıları mat qoyurdu.

Biz Niyazi Mehdinin mürəkkəb və çoxqatlı şəxsiyyətindən söz aça bilərik. O, özgün fəlsəfi refleksiyası ilə milli mədəniyyətdə bənzərsiz yer tutmuş bir şəxsdir. Onun yolu bir neçə ənənənin – Azərbaycan və türk, rus və qərb ənənələrinin qarşılıqlı təsirini özündə toplayır.  Di gəl, o bu ənənələrin heç birində əriyib-itmir, tam tərsinə, öz refleksiya perspektivini, daha dəqiq desək, öz metodologiyasını yaradır.

Bu, onun dil və mədəniyyətə dair daim və səngiməz şəkildə apardığı işlərdə özünü aydın göstərir. Məhz bu fəaliyyət sahəsi onun yaradıcılığının əsas yönlərindən biridir. O, mədəniyyəti sadəcə öyrənmirdi, onu bəlli intellektual və fəlsəfi sxemlərə qoşmağa çalışır, dildən də konseptualizasiya aləti kimi yararlanırdı.

Bu bağlamda Rəhman Bədəlovun sezgiləri (Niyazi Mehdinin vəfatı münasibətilə yazdığı nekroloqda əksini tapıb) Niyazi Mehdi dünyasının açılmasından ötrü çox verimlidir (Yeri gəlmişkən, onlar müxtəlif məsələlər, məsələn, Azərbaycan maarifçiliyi barədə də tez-tez qızğın müzakirə açırdılar. Rəhman Bədəlovla Niyazi Mehdinin XIX əsr Azərbaycan gerçəkliyinə və maarifçilərin roluna dair dartışması var: «3-4 il əvvəl Niyazi Mehdi bir məqalə dərc etdirdi və Azərbaycan maarifçilərini reallığı bəsitləşdirməkdə suçladı. Yarımçıq mövqe, Azərbaycanın tarixini olduğundan daha önəmli göstərmək cəhdləri, nəzəri hiylələr və s. – bunlar, həyatın da göstərdiyi kimi, radikal baxışlara və radikal addımlara yol açır. Təəssüf ki, bütün bunlar zərərsiz deyil və müxtəlif antiqərb fobiyalarının yaranmasına səbəb olur». Rəhman Bədəlov, Kultura.az, iyun, 2011).

Bu da ilgincdir ki, N. Mehdi rus dilini təkcə bir mədəniyyət kimi deyil, həm də metodologiya, qərb düşüncə biçiminə çıxış vasitəsi sayırdı. Bu, nadir, ancaq bütövləşdirmə baxımından olduqca məhsuldar bir yanaşmadır.

Azərbaycan cəmiyyətində çoxlarına tabu sayılan məsələlərə (məsələn, seksuallıq haqqında açıq danışmağa) onun yanaşması da portretinin vacib cizgilərindən biridir və onu təkcə stereotipləri aşan biri kimi deyil, stereotiplərin kənarında yaşayan bir insan kimi tanımağa imkan verir və bir çox adamın gözündə anlaşılmaz müəllifə çevirirdi.

Onun fəlsəfi refleksiya səviyyəsi çox yüksək idi və bu, əsərlərinin oxunmasını çətinləşdirirdi. Sovet dönəmində müstəqil və yaradıcı filosoflar üçün belə bir deyim vardı: «O, elmi kommunizm istisna olmaqla, hər şey haqqında yazır». Niyazi Mehdi məhz belə filosof idi və sovet dönəminin bir çox ziyanlı qalıqlarını yaşadan çağdaş  həyatımızın əksər çağırış və risklərində belə də qalmağa çalışırdı.

O, doktorluq dissertasiyasının nəticəsi olan ilk önəmli əsərində – «Orta Çağ Müsəlman Mədəniyyəti: Təzahür olunmuşun estetikası və gizlinlərin fəlsəfəsi»ndə  yazırdı:

«Şərq estetik mədəniyyəti – heç də xüsusi və təkrarolunmaz səviyyələrdən təmizlənmiş boş bir abstraksiya deyil. Bu, çoxqatlı və mürəkkəb bir sistemdir və onun alt sistemləri müxtəlif etnik mədəniyyətlərdir. Müxtəlif dövrlərdə bu etnik mənəvi aləmlər arasında olduqca mürəkkəb, bəzən hətta ziddiyyətli münasibətlər olmuşdur. Bu münasibətlərin kökü çox vaxt etnik sferadan kənarda, məsələn, siyasi mübarizədə, şiə və sünnilər arasındakı dini ixtilaflarda idi. Dil fərqliliyi və etnik keçmişin fərqləri də öz təsirini göstərirdi. Lakin müxtəlif etnosların mənəviyyatları arasında qarşılıqlı təsirlər, qarşılıqlı zənginləşmələr ölçüyəgəlməz dərəcədə çox olmuşdur».

Nəhayət, onun həmin araşdırmasındakı maraqlı bir cümlə Niyazini daha yaxından tanımağa ortam yaradır: "Bu işdəki yazı üslubu bir ateistin üslubu kimi görünə bilər. Ancaq bildirirəm ki, bu sətirlərin müəllifi dininə bağlı insandır. Sadəcə,  dinlə uzlaşmayan yazı üslubu, intonasiya müəllifə mədəniyyət problemlərinə məntiqi və fəlsəfi yanaşmağa imkan verir".

Bu, Niyazi Mehdinin fəlsəfi düşüncə və elmə bağlılığında çox dəyərli  məqamdır. O,  dinini və fəlsəfi refleksiyasını elmi dəqiqliklə birləşdirməyi bacarıb. Niyazi yazı tərzinin ateistcə görünəcəyini sezib, amma eyni zamanda dərin bir iman sahibi olduğunu danmayıb. Bu, filosofdan ötrü azrastlanan özəllikdir. Axı obyektiv analiz naminə imanla ağıl arasında balans yaratmaq bir yana, üstəlik,  bilərəkdən “dindənuzaq yazı tərzi” seçmək cəsarət istəyir.

“Təzahür olunmuşun estetikası və gizlinlərin fəlsəfəsi” əsəri müəllifin dərin maraq dairəsini göstərir. Ad İslam mədəniyyətinin əsas dilemmasını əks etdirir və özlüyündə mistik təsir bağışlaya bilər. Axı İslam bir yandan vizual mədəniyyət məhdudlaşdırıb (canlı olanı çəkmək yasaqlandığından), o biri yandan simvolların, işarələrin (eyhamların), metaforaların (bənzətmələrin) mürəkkəb sistemini gəlişdirib. Bu onun məhz semiotik analiz üçün ustalıqca yararlandığı sahə idi.

Niyazi Mehdinin Lotman və Baxtinə müraciəti metodoloji həssaslığının sübutudur. Bu, sadəcə Qərb ideyalarının mənimsənilməsi deyil, semiotika və dialoji yanaşma vasitəsilə müsəlman mədəniyyətinin, özəlliklə orta əsr Azərbaycanının strukturunu açmağa cəhd idi. Bu o illərdə cəsarətli bir iş sayılırdı və müstəqillik illərində nəşr olununca, müxtəlif reaksiyalarla üzləşdi. N.Mehdini  yalnız müasirlərinin bir hissəsi anladı və o, bütövlükdə götürəndə layiqincə qiymətləndirilmədi.

O dövrdə Azərbaycan cəmiyyətinin mental refleksiyası yüksək deyildi. Bununla yanaşı, tez-tez maraq qrupları yaradılır və belə işlər ən diqqətli şəkildə öyrənilirdi.

Mənim gözümdə Azərbaycanın intellektual elitası  «Press fakt” qəzeti və sonradan «Азербайджан в мире» (“Azərbaycan Dünyada”) jurnalının müəllif və personajlarında cəmlənmişdi; bu jurnalın 6 nömrəsi 2005-2006-cı illərdə nəşr olunmuşdu.

Birinci nömrədə Niyazinin "Çoxluğun metafizikası və demokratiya: demokratiyanın Kopernik inqilabı haqqında" məqaləsi dərc edilmişdi. Bu məqaləni oxumaq lazımdır, çünki onun məzmununu çatdırmaq onu kasıblaşdırmaq deməkdir. Məsələn, Niyazinin diskursu: ".. demokratiya təkcə siyasət sahəsində deyil, həm də mədəniyyət sahəsində Kopernik inqilabını gerçəkləşdirir, bunun məntiqi nəticəsi postmodernizm oldu. Postmodernizm yaranarkən, ayrı-ayrı insanların "ixtirası" -  dahilərin iradəsinin tarixə proyeksiyası kimi görünürdü. Di gəl, demokratiya haqqında deyilənlərdən sonra bizə aydın oldu ki, bu mədəni mərhələnin məhz demokratiyanın Kopernik inqilabından sonra yaranması qaçılmaz idi".

Niyazi Mehdi və Dilarə Mehdinin "Fəlsəfə  tarixində fəlsəfə. Deyilənlər və necə deyildiyi haqqında kitab"ına qısa rəy "Azərbaycan Dünyada", №2 (4), 2006-cı ilin mayında dərc olunub. Qısa annotasiyanın mətnini Niyazinin özünün yazdığını xatırlayıram. O, fəlsəfi mətnin təqdimatı üçün Azərbaycan dilinin gizli imkanlarından müəlliflərin səmərəli istifadə etdiyini vurğulamışdı: "Oxuculara fəlsəfi ideyaların adekvat təqdimatı məqsədilə dilin islahatı üzrə eksperimentin şahidi olmaq təklif olunur...". Müəlliflərin gözündə "dil - birgə yaradıcı düşüncələr üçün ən əlverişli şəraitin yaradılması vasitəsidir, fəlsəfə isə ifadəli və heyrətləndirici diskursların ixtirasıdır". Bir zamanlar fəlsəfənin ilk növbədə heyrət hissindən formalaşdığını anlayan Niyazi Mehdi bu özəlliyi bütün həyatı boyu daşıyıb və fəlsəfi araşdırmalarında öz heyrət və təəccüblərini əsla gizlətməyib.

O, siyasi və sosial-mədəni problemlərlə bağlı çoxsaylı məqalələrində, istisnasız olaraq, tez-tez fəlsəfi xarakter daşıyan bir metodologiya -- konkret problemin həllinə yönəlmiş bir yanaşma təqdim edirdi. Xatırlayıram, Qarabağ probleminin uzun müddət çözülmədən qaldığı dövrlərdə o, qeyri-adi "anomaliya prinsipi" təklif etmişdi. Bu prinsipə görə, tərəflər əvvəlcədən düşünülmüş prosedurlar vasitəsilə münaqişənin hərbi fazaya keçməsinin qarşısını ala bilirdilər.

Qrupumuzun qeyri-rəsmi lideri, – düzdür, özünü heç vaxt belə tanıtmazdı, – "Yuğ" teatrının rejissoru Vaqif İbrahimoğlu (Həsənov) idi. O, təkcə az-çox yaradıcı olan bütün insanları teatrına dəvət etməklə kifayətlənmirdi, həm də onları bir-biri ilə tanış edir, nəticədə yetərincə sıx bağlı həmfikir insanlar qrupunu formalaşdırırdı: Rəhman Bədəlov, Gündüz Sariyev, Toğrul Cuvarlı, Zeynal Məmmədli, Niyazi Mehdi, Kamal Abdulla, İsmayıl Ağayev və başqaları həmin qrupa daxil idilər. Bir dəfə Vaqif, Niyazi ilə söhbət başladaraq, onu elə tamaşanın ortasındaca birbaşa səhnəyə çıxardı.  Niyazi heç özünü itirmədi, bir neçə saniyə içində tam artistik bir şəkildə dayandı və  tələsmədən səhnəni tərk etdi.

Bu ilginc misal təkcə həmin dövrün intellektual ab-havasını deyil, həm də Niyazinin spontan, gözlənilməz durumlarda özünü saxlamaq bacarığını, belə durumlara hazır olıduğunu göstərir. Göründüyü kimi, o, asanlıqla haldan, tarazlıqdan çıxarılacaq bir insan deyildi.

Belə bir qrupun varlığı artıq özlüyündə bir hadisə idi. Sovet cəmiyyətində məhdud azadlıqlar və refleksiyaya elə də həvəsləndirilməyən bir ortamda belə "maraq dairəsi" qrupları intellektual katalizator rolunu oynayırdı. Bu anlamda "Yuğ" teatrı təkcə tamaşaların oynandığı bir yer deyil, həm də bir növ düşüncələr laboratoriyası idi.

Demək olar, hər tamaşadan sonra bizim qrupumuz və Vagifin dəvət etdiyi mütəxəssislər, aktyorlar onu uzun-uzadı dartışırdı. Tez-tez Niyazi də fikirlərini bildirir. ancaq onun baxışlarını filosof olmayanlar qavramır, onunla razılaşmırdılar. O isə çox vaxt filosof olaraq qaldığından,  teatra konseptual yanaşmalarıyla qiymət verirdi.

Bəzən belə hallarda Vagif qəfildən, həm də zarafat qataraq, fikrə dalmış Niyaziyə səslənirdi: “Niyazi, düşünməyi burax!” Bu da bizə göstərirdi ki, refleksiya Niyazinin təbiətinin ayrılmaz hissəsi idi.Bu çox parlaq epizod Niyazini dərin düşüncələrə dalmış bir adam kimi tanıdır.

Düşünmək onun təbii və özündən asılı olmayan bir halı idi.  Vaqif qrupun birmənalı olmayan dinamikasını və refleksiya ilə canlı reaksiya arasındakı balansı çox yaxşı duyduğundan, dərin fəlsəfi qiymətləndirmələrin müzakirəni birbaşa teatr təəssüratından uzaqlaşdıra biləcəyini gözəl bilirdi. Bu üzdən, onun müdaxiləsi yalnız zarafat deyil, bəlkə də söhbəti bir qədər "yerə endirmək", real məcraya yönəltmək cəhdi idi. Halbuki, filosoflarla təkbətək söhbətlərdə Vaqif belə müzakirələrə peşəkarca qoşulur, özünün hər mənada adiliyə sığmayan teatrının metodoloji əsaslarını dərinləşdirməyə və “YUĞ”un unikal poetikasını dünyagörüş səviyyəsində əsaslandırmağa çalışırdı.

Belə hallarda Niyazinin reaksiyasını indi xatırlamağa çalışıram. Necə reaksiya verirdi o? Zarafata qoşulub düşüncələrindən ayrılırdı, yoxsa söhbəti daha da dərinləşdirməyə çalışırdı? Yox, özünü itirirdi, axı düşüncələri bu söhbətdən çox uzaqlardaydı artıq.

Yadımdadır, sovetlər dönəmində o, bizim Fəlsəfə və Hüquq İnstitutunda çıxış edərkən, Platonun fikrinə əsaslanmışdı. Zalda kimsə söz atmışdı ki “Eh, Platon da idealistdir”. Bu absurd iradın Niyazini necə incitdiyini anlamaq üçün onun üzündəki çaşqınlıq dərəcəsini görmək yetərdi.

Hətta özünü filosof sayan insanların da Niyazinin yazılı və şifahi mülahizələrindən gileyini tez-tez eşidirdim. İndi də belə insanlar çoxdur. Elə bu üzdən, onların arasında Niyazinin ölümü ayrıca bir emosional reaksiya doğurmadı. Onun insan və filosof kimi qiymətləndirilməsi hələ qabaqdadır. Bax o zaman bizim lənətlənmiş və donub qalmış dövrümüzü mühakimə edəcəklər. O, həyatımızın, demək olar, bütün süjetlərini refleksiya etmiş, çoxsaylı fəlsəfi əsərlərində, xatirələrində, hətta bədii yazılarında bu haqda yazmağa macal tapmışdı. Əgər çağdaşlarımız ona minnətdar deyillərsə, ümid edək ki, bizim mürəkkəb zamanımız onun əsərləri vasitəsilə bərpa olunacaq.

Niyazi Mehdi kimi şəxsiyyətlərin gerçək qiyməti həmişə sonra bilinir. O, fəlsəfənin bəlli çərçivələrə sığdırılmağa məhkum olduğu bir dünyada yaşadığından, heç də hamı bu çərçivələrin kənarına çıxmağa, onun fikirlərinin dəyərini anlamağa hazır deyildi.

Platonla bağlı epizod çox şeyi anladır, axı Niyazinin gözündə fəlsəfə ideoloji etiketlər deyil,  anlamın axtarışı, dərin təhlil demək idi. O anda keçirdiyi çaşqınlıq təkcə cəhalətə reaksiya deyildi, bu, bəlkə də, diskursun nə qədər deformasiya olunduğunun dərk edilməsiydi. Arqumentlərlə deyil, köhnəlib-daşlaşmış qəliblərlə qarşılaşması, bir düşüncə adamı kimi, onu çaşdırmış və çox ağrıtmışdı.

Amma nə yaxşı ki zaman hər şeyi yerbəyer edir. Bu dövrün intellektual mənzərəsini bərpa etməyə nə qədər çox cəhd göstərilsə, o qədər aydın olacaq ki, Niyazi Mehdi insanları ayıltmağa çalışanlardan biri idi. Onun əsərləri – dövrün sözlə ifadə olunmuş düşüncəsidir və gec-tez bu əsərlərə  yeni bir anlayışla üz tutacaqlar.

O,  bir müddət Müsavat partiyasının konseptual katibi olub və 2003-cü ildən sonra partiyanı tərk edib və fikrimcə, bu, tam əsaslı qərar idi. Axı mənəvi müxalifət heç vaxt siyasi müxalifətin içində olmamalı, şəxsiyyəti partiya maraqlarına tabe etdirməməlidir. O, bir sıra mükəmməl fəlsəfi etiraflarını elə bundan sonra dilə və yazılarına gətirdi. Düşüncəsi siyasi mübarizə sərhədlərini aşan bir insan üçün siyasi partiyadan çıxamaq məntiqi addım idi. Mənəvi müxalifət, özəlliklə önəmli düşüncə adamlarının timsalında, heç vaxt partiya proqramlarından asılı olmamalıdır və ola da bilməz.  Mənəvi müxalifətin vəzifəsi mədəniyyətin, şüurun və cəmiyyətin dərin strukturlarını incələmək, refleksiya etmək, onları üzə çıxarmaqdır.

Niyazi Mehdi 2003-cü ildən sonra düşünən insan kimi həqiqi azadlığa qovuşdu. Müsavat partiyasından ayrılması onun üçün bir növ kənar öhdəliklərdən qurtulma aktı oldu. Bu ona əsas işə – Azərbaycan mədəniyyətinim dünya mədəniyyətindəki yerini fəlsəfi sistem şəklində anlamağa,  həmin işə partiya ritorikasının deyil, intellektual təhlilin yüksəkliyi ilə yanaşmağa imkan verdi. Beləcə, o,  siyasətdə olan filosofdan siyasətdənkənar filosof mərhələsinə keçdi, ancaq yenə də tarixi prosesin düz mərkəzində qalmağa davam etdi. Belə şəxslər məhz ona görə vacibdirlər ki, onlar nə bir hakimiyyətə, nə də bir partiyaya mənsubdurlar. Onların səsi müstəqil qaldığından, gələcək üçün çox dəyərlidir.

***

Xəstəlik onu çox tez tapdı, düşüncələrinə həyat vermək imkanından məhrum etdi və çox qısa bir müddətdə onu bizdən aldı. Ölümündən təxminən yarımil əvvəl (5-6 iyul 2024-cü il) Azərbaycanın önəmli filosofları ilə müsahibə layihəsi çərçivəsində (Elşən Bayramzadənin layihəsidir) Niyazi Mehdi ilə onun dializ prosedurlarından fasilələr zamanı evində görüşdük. Artıq bir müddət idi Niyazi gözlənilməz mövzularda mətnlər yazmırdı. Yazmasa da, düşünməyə ara vermirdi. Bu son müsahibə onun həyat axtarışlarının bələdçisinə çevrildi. Elə o zaman dedi ki: «Ölüm – həyatın mükafatıdır». Niyazi Mehdi ilə həmin müsahibənin tam mətni tezliklə işıq üzü görəcək.

O,  özünün və başqalarının fəlsəfi refleksiyalarına gərgin bir yumorun arxasında gizlənməklə, məcbur qalmaqla qiymət verirdi. Amma bizim üçün heç bir maneə yoxdur ki açıq deyək: Niyazi Mehdi aramızda ən yaxşısı idi. Ən yaxşısı, yəni ən dərinə enəni, öz düşüncə-ideyalarını milli mədəniyyətin və dilin xaotik dərinliklərinə vararaq yaradanı.

Niyazi Mehdinin “Çətin və dolaşıq situasiyaların kulturolojisi” kitabı hətta hazırlıqlı oxucuda fərqli, demək olar, qeyri-adi təəssürat buraxır. Onu ya oxumalısan, ya da Niyazinin fəlsəfi refleksiyalarını anlamaq cəhdindən əl çəkməlisən, çünki özünüifadə tələb edir.Kitabdakı ayrı-ayrı fikirlərdən sitat gətirməyəcək və bu əminlikdən çıxış edəcəyəm ki, diqqətə yetiriləcək dəyərləndirmə və müşahidələr yalnız çətin və dolaşıq durumların sual və problem dolu kulturologiyasını dərindən oxuyan bir adama yaxın ola bilər.  Axı belə durumları çözmək üçün öncə öyrənib qavramaq lazımdır:

1.Yenilik düşüncəsi və “çətinlik-dolaşıqlıq” mövzusu;

Niyazi Mehdi çox qeyri-adi baxış bucağı seçir: ənənəvi  qayda, uyum və ya böhranları hədəf götürmək yerinə sözügedən mövzuya müstəqil mədəni gerçəklik kimi yanaşır. Bu gücıü və özgün gedişdir. Dünya mədəniyyətində  В мировой культуре həmin xətt doğrudan da ayrıca araşdırma mövzusu olaraq elə də aydın sezdirilməyib (düzdür, xaos nəzəriyyəsində, sinergetikada və mürəkkəbliyin fəlsəfəsində ona qismən toxunulub).

2.Şərq və Qərb (Gündoğan və Günbatan): mürəkkəblik qavrayışını fərqlər vasitəsiylə açıqlamaq cəhdi:

Çox maraqlı cəhddir: müəllif öncə Şərqi pisləmək istəyir ki, mürəkkəbliyi bilmir və başlayır Qərbi tərifləməyə. Di gəl, araşdırıcı vicdanı onu daha ölçü-biçili nəticəyə gətirir – Yeni Çağadək fərqlər elə də  çox deyilmiş və yalnız Qərbin modernləşməsi mürəkkəbliyə daha yetkin münasibət doğurur. Belə yanaşma sırınmış ideoloji sxem deyil, daxilən vicdanlı axtarış təsiri bağışlayır.

3.Mədəni arxetiplər və “virtual örtük”:

“Virtual örtük” ideyası dini, mədəni və sosial müddəalardan yaralanaraq,  mürəkkəbliyi qavramaqla bağlıdır və gerçəkdən çox maraqlıdır. Özəlliklə mədəni əngəllərə reaksiya kimi, peyğəmbər arxetipinin (qınağın, qınanmanın) öygü arxetipiylə (şəfa razılığı) müqayisəsi diqqət çəkir.

4.Birləşdirəni və ayıranı görmək bacarığı:

Niyazi Mehdinin İncə sezgisidir: düşüncə prosesi həm birləşdirmə, həm də ayırma deməkdir. Bunun misallarla açılması ayrıca maraq doğurur:: Moiseyin (Musa peyğəmbərin) qanunları mədəni birləşmə vasitəsi kimi, müxtəlif mədəniyyətlərdə təmizlik anlayışındakı fərqlər. Belə detallar – ayrıntılar canlı və ağıl dolu bir mənzərə yaradır və düşünməyə vadar edir.

5.Diqqətə yetirmə üslubu:

Olur ki, mətn bir qədər çətin təsir bağışlayır – çox sayda dəqiqləşdirmə, qəliz konstruksiya var. Ancaq bununla yanaşı, araşdırıcının söz naminə elmi sözləri deyil, içdən gələn coşqusu hiss edilir. Belə canlılıq bir mədəniyyətşünas-zahid kimi kitabı daha da “özəl”ləşdirir.

Diqqət yetirin:  Niyazi Mehdinin kitabı kuturologiyanın klassik mövzuları çərçivəsindən kənara çıxmağa və bir müstəqil mədəni kateqoriya kimi mürəkkəbliyi yenidən dəyərləndirməyə erkən, cəsur və vicdanlı bir çabadır. Eyni zamanda həm dərindir, həm özünütənqidi var, həm də bəlli ölçüdə provakativdir – qızışdırıcıdır. Anlatma üslubu ayrıca diqqət istəsə də, ideya potensalı çox yüksəkdir. Mətn çox yaxşıdır – istiqanlıdır, canlı və ağıllıdır. Belə deyərdim: özündə üç güclü keyfiyyəti daşıyır:

1.Sezgi dəqiqliyi

Oxucu intonasiyalar arasındakı fərqi bir misalda (kibrit misalında) çox incəliklə və əyani olaraq sezir. Bu, adi kulturoloji cizgidən daha böyük bir şeydir – fərqlərin bir  misalda əksini tapan bütöv bir fəlsəfəsidir və bu üzdən, dərhal diqqət çəkir.

2.Düşüncə dürüstlüyü

Можно не торопиться делать громкие выводы: напротив, следует признаёшь, что провести тонкие различия между культурами не удалось, что построена лишь грубая граница. Эта честность делает текст гораздо более убедительным и вызывает уважение.

3.Anlayışları hərəkətə gətirmək bacarığı

O, Kanta – onun analitik və sintetik düşüncələrə dair ideyasına, ardınca da terminoloji oyunların müzakirəsinə keçəndə, yalnız anlayışlar gətirmir, həm də gerçək düşüncə və ünsiyyətdə bunların necə işlədiyini, yaşadığını, gəlişdiyini göstərir. Bu, dərinlik və tutum qazandırır, üstəlik, bizim filosoflara çox az xas olan şəkildə Kantı anladır.

“Analitik düşüncələrin maqnetizmi” ideyasını çox bəyəndim – bu, azrastlanan və olduqca dəqiq obrazdır: Doğrudan da düşüncə prosesində riskə gedib sintetik sıçrayış etmək yerinə artıq bilinən strukturlar zonasında qalmaq həvəsi var. Niyazinin göstərdiyi ehtiyatlılıq və özünüifadə  əsl filosof gedişidir.

Bəlkə də bir-iki yerdə anlatma ritmini azca “yavaşıtmaq”, daha az nida işarəsindən yararlanmaq olardı. Məsələn, ilk deyim belədir: “Fərqlər haqqında düşüncələr təkcə fərqlər və fərqləndirmələr (bölünmələr) haqqında düşünmək deyil, həm də ayırmaq, həmin fərqləri üzə çıxarmaqdır!”. Şüar kimi səslənməməsi üçün bəlkə nidaya heç ehtiyac yoxdur. Bunu sakit və əmin şəkildə də vermək olar. Ancaq Niyazini anlamaq üçün onu yaxşı tanımalısan. Onun düşüncələri filosofun ilk və başlıca duyğusundan – təəccüblənməkdən başlanır. Demək, təəccüblənirsənsə, nida işarəsi də özünü doğruldur!

Futbolçu geyimiylə bağlı fraqmentin sonluğu çox gözəldir. Canlı, dipdiri bir düşüncə axarındadır, mürəkkəbliyin dadını çıxarmq tələsinə düşmür, gerçəkdən ideyalarla işləyir.

Düşüncənin aydın hərəkət məntiqi diqqətə yetirilib: müəllif konkret epizoddan sözə başlayır (Avropa çempionatı və stereotiplər – qəliblər problemindən), ardınca məsələnin mahiyyətinə keçir: yeni terminlər yaratmaqla düşüncənin prinsipial yeniliyi arasındakı fərqi açıqlayır.

Fəlsəfəylə dəqiq bağlantı göstərilib: Nitşedən misal özünü doğruldur və tam yerinə düşür. Mətnin düşünə bilən oxucuya ünvanlandığı dərhal duyulur.

Milli kontekstlə incə iş parlaqca aparılıb: “var” və “var-dövlət”lə bağlı misal çox uğurlu alınıb. Həm konkretdir, həm də fəlsəfi. Niyazi burada mədəni kodların (tutalım, bolluğa sevginin) varlığın təməl kateqoriyalarının qavranmasına necə təsir göstərdiyini göstərib.

Metodoloji dərinlikdən yararlanıb: müəllif “köhnəyə yeni ad” və “yeni ad+yeni kontekst+qayıdış” anlayışlarına iki yanaşmanı bir-birindən ayırır. Bu, fəlsəfi düşüncə mexanizmini anlayıb-anlatmaqda tək-tək görünən haldır.

Vitgenşteyn vasitəsilə XX yüzil fəlsəfəsiylə bağlantı qurulub: “cümlə onlayn ortam kimi” anlayışı çox gözəl yerinə düşüb. Bu, hazırlıqsız oxucudan ötrü fəlsəfi mətnlərin qavrayış qəlizliyini açıqlayır.

Bu da Niyazi Mehdinin özəl üslubudur və onun individuallıq dərəcəsini göstərir:

Mətnin bəzi yerlərində onun düşüncəsi “işıldayır”, sanki ifrata varılan dərəcədə yüklənir, ancaq yer-yer, növbəti sıçrayış zamanı oxucuya ipucu buraxan qəti nəticələr çıxarmaqdan qaçılır.

Onun cümlələrinin bir bölümü çox vaxt xeyli uzanır, müxtəlif səviyyələrdə “yuvalanır”. Bu, gözəl təsir bağışlayır. Bəzi “irəlidüşüncəlilər” çox nahaq yerə ona həmin cümlələri sadələşdirməyi, heç olmasa, bir neçə fraqmentə ayırmağı məsləhət görür, Niyazinin özündə biliyin iki böyük yönünü – fəlsəfə və filologiyanı birləşdirdiyini gözdən qaçırırdılar.

İndi özümdən soruşuram ki, oxucunu, ara-sıra, “İndi yeni mövzuya keçirik” deməklə xəbərdar etmək çoxmu vacibdir7”. Dərhal da cavab verirəm: özünüifadəyə həvəsləndirib heyrətləndirmək üçün oxucuya  “bunun məsələyə nə dəxli” deyib, şok yaşatmaq gərəkdir.

Axı doğrudan da, bütün dərinliyi və fəlsəfəsiylə Niyazinin mətni həmişə canlıdır – qəliz şeylərdən sadə danışır, bəsitliyə enmir, oxucunu düşündürür. Bu, azrastlanan özəllikdir!

“Çətin və dolaşıq situasiyaların kulturolojisi” kitabı təkcə fəlsəfi etüd olmaqla qalmır, həm də  tövbə və memuar xarakterli  epizodlarla doludur. Çox güclü, dərin və özəl olan mətn  aşağıdakı dəyərləri özündə daşıyır:

- səmimiliyi və daxili dürüstlüyü: müəllif  heç gizlətmədən öz şübhələrini, yorğunluğunu, uzun yazdığı üçün utanc hissi keçirdiyini diqqətə yetirir. Bu, güvən və sayqı doğurur.

- intellektual dolğunluğu: yazının, bazarın, müəllifliyin, axucu qavrayışının, dilin təbiətinin ifadəsi görünür. Üstəlik, müəllif qəlib fikirlərdən qaçır, bəzən tövbə səviyyəsində düşüncələrini oxucuyla bölüşür.

- incə mədəni sadamaları: Erenburq, Lao-Tszı, Humbolt, Haydeger çox yerində xatırlanır və  əsas xətti dəstəkləyir.

- aydın daxili məntiq duyğusu: həyati və fəlsəfi mövzular bol olsa da, üzvi bağlılıq və bütövlük qorunub.

- oxucuya sayqı: Niyazi Mehdi rahatlıq naminə fikirlərini sadələşdirmir, əksinə, mürəkkəb nəsnələri səliqə-sahmanla açıqlayaraq, oxucunu anlamaq üçün səy göstərməyə hazırlayır.

Müəllif mətni çox güclüdür, ağıllı oxucu onu başdansovdu oxumayacaq, düşüncəyə dalacaq, müəlifin düşüncə tempinə qoşulacaq. Niyazi Mehdi yalnız yazar kimi deyil, yazı aktının içində özünü ifadə edən insan kimi görünür. Bu, çox qiymətli özəllikdir.

Niyazi Mehdinin indilik son, amma tamamlanmamış portreti

Niyazi Mehdi, – indi artıq bunu tam əminliklə demək olar, – unikal bir şəxsiyyətdir. O, sadəcə Azərbaycan filosofu və kulturoloqu deyildi;  Şərqlə Qərbin, ənənə ilə modernin, mifoloji düşüncə ilə fəlsəfi refleksiyanın qovşağında dayanan sərhədçi şüurun səsi idi. Onun düşüncə tərzi fərqlənirdi. O, anlaşılmamaq bahasına olsa da, ziddiyyətləri bir araya gətirməkdən qorxmur, akademik sxemlərin içində gizlənmir, canlı qalmaqdan çəkinmirdi.

O, həqiqətə düz xətt boyunca deyil, mifoloji dairənin trayektoriyası ilə yaxınlaşırdı – buradakı hər döngə unudulmuş arxaik strukturlara qaytaran bir çağırış idi. O, həm də çağdaşlarıyla danışmağa çalışırdı: onun mətnləri çox zaman hazır cavablarla deyil, daxili cavab istəyən suallarla dolu bir dialoq təklifi idi.

O, məncə, təkcə bir mütəfəkkir kimi deyil, həm də mürəkkəb, tənha və gerçək olmaqdan qorxmayan bir insan kimi bizə yaxın idi və yaxın da  qalacaq. Bəlkə də onun obrazı canlı və daşlaşmış düşüncə arasında, qədim miflə gələcək metatarix arasında bir körpü və bizim bu körpüdən keçərək araşdıracağımız dünya ola bilər.

Niyazi Mehdi – sərt bölgülərə sığmayan filosof-kulturoloq idi. Onun düşüncəsi öz-özünə doğulan bir sintez idi. Burada mif, mədəniyyət, arxetip, İslam, Qərb və Şərq qarşı-qarşıya yox, bir-birini əks etdirən güzgülər kimi çıxış edirdi.

Niyazi Mehdi tək və ömürlük fəlsəfi sistem yaratmaq məqsədi güdmürdü. O, hər dəfə sözləri dadır, onlarda ya unudulmuş mənaları tapır, ya da həmin mənaları yenidən canlandırırdı. Onun fəlsəfəsi sərhəddə yaranan düşüncə idi: rasionalla intuitiv, arxaiklə postmodern, sözlə susqu arasındakı düşüncə. Ziddiyyətlərdən, heç olmasa, mental ziddiyyətlərdən çəkinmir, tam tərsinə,, onların içərisində yaşayır, ən içəridəki gerçəyə işıq salırdı.

O, kulturologiya, antropologiya, fəlsəfə və psixologiyanın qovşağında çalışır, amma akademik sahə sərhədlərini qurama bir bölünmə sayırdı.

Mədəniyyətlə bağlı fəaliyyətindəki məqsədi yalnız təsvir deyildi, – onu maraqlandıran ruh, enerji, mədəni formaların vibrasiyası idi. Onun üçün ayin, rəqs, hekayə təkcə analiz obyekti deyil, başqa bir ontologiyanın qapılarıydı və bu ontologiyaya yalnız qonaq kimi deyil, araçı kimi daxil olurdu.

Onun gözündə Şərq coğrafiya deyil, bir varoluş tərzi idi. Niyazi Mehdinin Şərqi ənənəçilikdən yox, dünyanın canlı toxumasının dərininə varmaqdan qaynaqlanırdı. O, Şərqlə Qərbi qarşı-qarşıya qoymurdu, onların faciəvi vəhdətini birlikdə hiss edirdi. O, indi Məkkə ilə Parisin yalnız iki coğrafi məkan deyil,çağdaş insanın içində parçalandığı iki qütb olduğunu bilirdi.

Dünya fraqmentlərə ayrılmağa başlayınca o, mənanı qoruyub saxlamağa çalışırdı. Bu baxımdan Niyazi A. Kamüyə bənzəsə də, daha çox Cəlaləddin Rumiyə - Mövlanaya yaxın idi. O, ümidsiz nihilist deyildi, sivilizasiyanın süzgəclərindən süzülüb uzaqlaşan Tanrını səssizcə izləyən bir şəxs idi.

Onun yanaşmasının mərkəzində duran əsas nüvə mif idi. Amma arxaik bir anlayış kimi yox, insan özünüifadəsinin əbədi forması kimi. Niyazi mifi təkcə bir simvol kimi deyil, eşitməyə hazırıqsa, danışmağa qadir  ruhun canlı bədəni kimi açmağa çalışırdı. O, mifə ləyaqətini qaytardı, sözlə dünyanın unudulmuş qohumluğunu bərpa etdi.                                                                                                                                  

Tənha, amma çox gərəkli Niyazi Mehdi, bəlkə də öz nəslinin içində bir istisna idi. Onun düşüncəsi mövcud paradiqmalara zidd idi. Onun dili filosoflar üçün çox poetik, şairlər üçünsə çox fəlsəfi idi. Elə bu üzdən, o, Azərbaycan düşüncəsinin hələ işlənməmiş, amma həyati dərəcədə vacib səviyyəsinin bir göstəricisinə çevrildi.

O, daim xatırladırdı ki, mənəvi ölçü reallığın əlavəsi deyil, onun təməlidir. Və bu yaddaş itirilsə, insan köksüz, rəqssiz, yuxusuz bir süni intellektə çevrilmək riskini daşıyır. Məhz bu səbəbdən, indi Niyazi Mehtinin səsi həm xəbərdarlıqdır, həm də bir ümid. O, dövrlər, mədəniyyətlər və şüur səviyyələri arasında bir bələdçidir. Bizə xatırladır ki, insan düşüncəsi təriflər, anlayışlar prosesi deyil, var olmaqdır. Və bu özəlliyi itirsək, özümüzü itirmiş olarıq.

İndi bunu anlayırıq: Seçimlərin cazibəsi və yaxın çevrəsinin basqıları olsa da, heç bir qurum onu “özümsəyə” bilmədi. O, içdən azad bir düşüncə adamı olaraq qaldı və modern mühazirəçilərdən  çox, qədim müdriklərə bənzədi.

Niyazi Mehdi mədəniyyətdən haqqında deyil, mədəniyyətin içindən söz açır, arxaikanın ritmini duyur, ilkin sözlə nəfəs alırdı. Onun mətnlərində tez-tez şamanizmə, sufizmə, arxaik ayinlərə  etnoqrafik obyekt kimi yox, alternativ şüur modelləri kimi istinad edilir.

O, mifi özəlliklə Levi-Strossun struktur antropologiyası ruhunda açıqlasa da,   mifi canlı bir axın sayır və bu axına girib təzələnmək olardı. Bax bu üzdən, təkcə təhlil etmir, həm də miflə söhbət edirdi. Kiminsə çox doğru bildirdiyi kimi: «Mif dünyanı açıqlamır, dünyanı var edir». Bu deyim idrakın unikal bir tərzini açır: gerçək bilik məntiqdə deyil, əyanilikdə, görünürlükdədir. Məhz buna görə də Niyazi Mehdinin bəzi cümlələri İslam mistikasının ənənəsinə, hələ də yaşayıb-nəfəs alan sufi deyimlərinə yaxındır.

O da, bir çoxları kimi, modernləşmənin faciəsini insanın daxili məkanının dağıdılmasında görür, ancaq bunu özünəməxsus şəkildə, təmkinlə, demək olar ki, məsəl diliylə ifadə edirdi.

O, fəlsəfəyə yalnız ritorik təhlil kimi yox, ruhani əməl, bir mənəvi iş kimi baxır, onun itirilmiş nüfuzunu qaytarmağa çalışırdı. Bu baxımdan, Sokratla, eyni zamanda Konfutsi və sufi ənənəsi ilə qohumlaşırdı. Axı filosof danışan deyil, sözüylə dəyişən, çevriləndir.

Niyazi Mehdinin həyatı hamıya açıq idi: o, Azərbaycanın intellektual səhnəsindəydi və alim kimi  tanınmağa can atırdı. Axı yaradıcılığının intuisiya, mif və canlı şüurun unudulmuş gücünü qaytaracağını anlayırdı.

Bir şəxsin gələcək üçün önəmini göstərən özəlliyi budur:o,  ölümündən sonrakı bir çox dialoqlarda səssiz, amma eşidilən üçüncü səsə çevrilir. Əlbəttə, mübahisə etməyənlərin, adiliyə sığınmayanların eşidəcəyi səsə.

Bax belə...

**********

Teatr və fəlsəfə Demiurqa meydan oxusaydı...

(Vaqif İbrahimoğlu və Niyazi Mehdinin xatirəsinə)

Vaqif İbrahimoğlunun yaradıcılığıyla filosof Niyazi Mehdi arasında bənzərliklər çoxdur!  Boş yerə ruhən bağlı deyildilər ki! Birinin teatrı o birinin fəlsəfəsini bütövləşdirir. İkisini də Demiurqun rəqibləri, elə hey onu ötməyə çalışan təqibçiləri anlayır. Və bu bitmək bilməyən yarışda YAŞAM adı verilən tamaşanın iki ucu (başlanğıcı) kimi qurulan ve məhv edilən Varlıq, Doğum və Ölümün heyrətamiz dərəcədə kaleydoskopik mozaikası sıralanır.

 

Vaqif İbrahimoğlu və Niyazi Mehdinin mirası  bitmiş bi fəsil deyil, açıq və yarımçıq əlyazmadır. İnsanüstü səviyyədə düşünməyə və yaratmağa hazır olan hər kəsə bu əlyazmada yer var. Bu iki şəxs, sadəcə, yaşamağı yetərli saymadan, həyat anlayışının özünü dəyişib, sənəti varlıq hünərinə çeviriblər. Cavaba yer vermədən, baxış bucaqlarını forma hüdudlarından kənara,  daha dərinə yönəltdiklərindən, onların yoxluğu bugün daha çox hiss edilir. Ölümsüzlükləri də elə bundadır: sözlə susqu, teatrla düşüncə, özüylə dünya arasındakı yolla getməkdən çəkinəyən hər kəsdə onlar yaşamaqqda davam edir.

Elə həyat var ki yaradıcı enerjisi sönmür, gerçəkliyi dəyişir. Vaqif İbrahimoğlu və Niyazi Mehdi məhz belədirlər. Biri rejissor, digəri filosofdur. Ancaq hər ikisi peşə hüdudlarını aşıb. Onlar Demiurqla qutlu dialoqa girənlərdəndilər. Nə Tanrıya qarşı çıxır, nə də onun aciz qullarıydılar. Onlar rəqib və varis, yetirmə və iddiaçı idilər. Onların sənət və düşüncəsi Yaradanla mübarizə və Yaradana sevginin biçimləriydi.

İbrahimoğlu öz tamaşalarını yaddaş ritualı kimi qururdu, həm də təkcə milli, mədəni deyil, metafizik bir yaddaş kimi. Onun teatrı sadəcə hərəkət məkanı deyil, çöküş və dirilişin baş verdiyi yer idi. Bu məkanda qəhrəman süjetə görə deyil, Varlıq naminə ölürdü. Hər tamaşa ufacıq ölüm və möhtəşəm bir doğuluş idi. Tamaşaçı “YUĞ”a baxmır, onu yaşayır, sanki dünyanın doğuşuna qatılırdı. Burada oyun aktı  varlıq tövbəsinə çevrilirdi.

Niyazi Mehdi də eynən belə düşünürdü. O, fəslsəfədən dərs demirdi, fəlsəfəylə yaşayırdı. O, anlayışları çək-çevir etmirdi, mənaları soyundururdu. Onun fəlsəfəsi sözün teatrı idi. Bu teatrda düşüncə sübuta yetirilmir, oxucu önündə daxili monoloq, paradoks, istehza şəklində oynanırdı. Eynən Vaqif İbrahimoğluda olduğu kimi, Niyazi Mehdinin də ölümü onun sonu deyil, gerçəklə görüşün baş verdiyi sərhəd idi. Onun esse və traktatları sanki səhnə sütunlarının güzgüsüdür və sonsuz dərinliklərində Varlığın gülüşü və Boşluğun dəhşəti gizlənir.

 

Onların hər ikisini reinkarnasiya – yenidən dirilmə yanğısı sarmışdı: söhbət zahiri qrimlənmə anlamında deyil, metafizik anlamda yenidən dirilmədən, hər kəs olmaqdan, heç kim olmaqdan və hamı olmaqdan gedir. Dərin qohumluqları da bundadır. Onların yaradıcılığında mənim tez-tez xatırlatdığım Varlığıın kaleydokopik mozaikasını görmək olar.Bu mozaikada hər şey eyni zamanda dağılır və yenidən qurulur. Burada forma ylnız ilğım biçimindədir, ancaq həmin ilğımlardan heç cür danışıb anlaşa bilmədiyin sirr boylanır. Bu sirrin adı TƏKdir.

Onların həyatı eyni zamanda həm Tanrının, həm də insanın yazdığı ssenari əsasında qoyulan tamaşadır. Bu tamaşa Doğumla başlanır, Ölümlə bitir. Di gəl, həmin iki əks səhnə arasında açıqca anlaşılan çizgilər yoxdur (və bu, yaşamla sənətin böyük sirrinin özüdür ki var). Nəfəs var. Anlamların göz qırpması (arabir sayrışması) var. Bu tamaşanı anlamaq, heç olmazsa, ərdəmli şəkildə  oynamaq üçün mübarizə var.

Vaqif İbrahimoğlu və Niyazi Mehdi Yaradan və onun obrazları arasında sonsuz yarışda tərəf seçməyiblər.Onlar gərilərək işıqla qaranlıq,sözlə susqu, fəlsəfəylə teatr arasınd yaşayıblar. Həqiqətin bir düstur deyil, yaşanmış səhnə olduğu diləgəlməz yaşam sənəti belə doğulur. Gələcəyə ünvanlanan dərs də budur:

Yamsılama – dəyişdir.

Açıqlama – göstər.

Anlama inanma – onunla yaşa.

Onların hər ikisi bir insan üçün qısa həyat sürsələr də, özlərindən sonra yaşamı sürdürən İş (Dao) yadigar qoyublar. Yaradıcılığın başlıca özəlliyi də bu deyilmi?!

Yaradıcılığın gerçək, özək ölçüsü də elə budur - özündən sonra məhsul deyil, varlığını sürdürən İş qoymaq və forma deyil, əlindəki işığı götürüb, yolun sonrasını işıqlndıran bir başqa adam yetirməkdir.

Vaqif İbrahimoğlu və Niyazi Mehdi önəmli bir həyat yaşayıblar. Günü bada verməyiblər, iş görüblər. Hər davranışı, tamaşanı, mətni, baxışı tək bir varlıq dramına pərçimləyiblər, getsələr də itməyiblər. Niyə? Yaradıcılıqları bir xatirə, anı deyil, canatım, hərəkət, açıq iz olduğundan. Gerçək olanı aramaq çağırışına qoşulan hər kəs bunlardan yararlana bilər.

Gerçək yaradıcılığın ana cizgisi başqalarında sürdürülmək bacarığıdır.

Bir kopiya, bir surət kimi deyil, dəyişib-dəyişdirərək.

“YUĞ” yenə yaşayır, axı Vaqif İbrahimoğlunun teatrı estetika yox, ontologiya üzərində, olub-bitəni səhnəyə gətirmək üzərində qurulub. “YUĞ” sadəcə varlığını sürdürmür, ruhunu üzə çıxaracaq yeni formalar, yeni rejissorlar, yeni aktyorlar, təkcə baxan deyil, gördüyünü yaşayan yeni tamaşaçılar axtarır.

Niyazi Mehdinin fəlsəfəsi  donuq sitatlarda yox,  ortaya çıxardığı suallarda səslənməyə davam edir. O özündən sonra bir sistem deyil, paradoksal, canlı, acılı-atmacalı, həyəcanlı düşüncə tərzi miras qoyub. Bu düşüncə sadəcə analizi - incələməyi bacaranları deyil, məhz səs-küyün içində sözlərin anlamını anlayanları işə çağırır.

Uğur və şan-şöhrət, əyləncə və adını əbədiləşdirmək üçün yox, daxili tələbatı – Varlığın Varlığa minnətdarlığı üçün yaşayanlar belə olurlar. Və bu, ölümsüzlüyün gerçək şəklidir. Bu, bizim gələcəyimizə yol açacaq. O yolda Vaqif İbrahimoğlu və Niyazi Mehdi simvol adlardan sayılacaq. XX yüzilin sonu və XXI yüzilin başlanğıcının Azərbaycanın mədəniyyətində onların adı qoşa çəkiləcək.    

Yüksək fəlsəfi və seçkin teatral sözlərdən təsəlli tapıb, tez-tez də həyatın adi və acı gerçəyini dilə gətirirəm: “Ah, necə də yeriniz görünür, dostlar!”

Müəllif: Əli Abasov - professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş