Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya üzərindəki hava məkanının təhlükəli olduğu barədə bəyanatından sonra baş verib
Türkiyənin ən böyük özəl aviaşirkəti olan "Pegasus" 2 sentyabr gecəsi Moskvaya reysləri ləğv edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Ostorojno Novosti" və "Post" qəzetləri məlumat yayıb.
Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya üzərindəki hava məkanının təhlükəli olduğu barədə bəyanatından sonra baş verib. Xüsusilə, PC1456 Bodrum-Moskva, PC1521 İzmir-Moskva və PC1576 Antalya-Moskva reysləri ləğv edilib. Bu gün səhər aviaşirkət İstanbuldan Moskva və Sankt-Peterburqa, eləcə də Antalya, İzmir və Dalamandan Rusiya şəhərlərinə bir neçə onlarla uçuşu ləğv edib. Rusiyadan geri dönüş reysləri də ləğv edilib.
“Pegasus” nümayəndəsi ləğv edilmiş reyslərdən birində sərnişinlərə "Türkiyə tərəfi uçuşları qadağan etdiyini" və şirkətin bundan sonra nə gözləyəcəyini bilmədiyini deyib.
Rusiyadakı “Pegasus” bilet kassaları aviaşirkətin təyyarələrinin Moskvaya uçub-uçmayacağını "bilmədiklərini" və qarşıdakı reyslər barədə məlumat verə bilmədiklərini söyləyiblər.
"Ostorojno Novosti" xəbərinə görə, dünən gecə Moskva hava limanlarında dron təhlükəsi səbəbindən təxminən 80 reys ləğv edilib və ya təxirə salınıb. Xüsusilə, Şeremetyevoda 40, Domodedovoda 20 və Vnukovoda 17 reys ləğv olunub, yaxud təxirə salınıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Moskva vilayəti və ilhaq edilmiş Krım da daxil olmaqla, Rusiyanın 11 bölgəsində gecə ərzində 130 Ukrayna dronu vurulub.
Qeyd edək ki, Zelenski bir gün əvvəl Rusiya üzərindəki hava məkanının "faktiki olaraq bağlanacağını" bildirmişdi: "Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkəti, hər bir sığortaçını və əsas Rusiya hava limanlarından istifadə etməyə davam edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya hava məkanı tamamilə təhlükəli hala gəlir". O, Kiyevin mülki təyyarələrə hücum etməyəcəyini, lakin Rusiya səmasında "nəzərə alınmalı miqyasda" dronların olacağını bildirib. Zelenski deyib ki, “bu, ilk növbədə Moskva, Sankt-Peterburq və digər vacib istiqamətlərə təsir edəcək”.
Rusiya Prezidenti Vladimir Putin Zelenskinin açıqlamasını "dövlət terrorizminə cəhd" adlandırıb: "Biz cavab verməyin yolunu tapacağıq. Buna heç kimin şübhəsi olmasın".
Nəqliyyat naziri Andrey Nikitin də öz növbəsində mülki aviasiyada "hər hansı əhəmiyyətli pozuntuların" qarşısını alacağına söz verib. Nikitin bildirib: "Biz bununla yaxınlarda mütləq məşğul olacağıq".