Boykot çağırışı edən, bu çağırışları yayan şəxslər məsuliyyətə cəlb olunacaqlar
İstanbul Baş Prokurorluğu Türkiyədə yerli məhsulları və biznesləri boykot etməyə çağıran şəxslərlə bağlı araşdırmaya başlayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Baş Prokurorluğun məlumatında qeyd olunub.
Bəyanatda bildirilib ki, “nifrət və ayrı-seçkilik salmaq” və “əhali arasında nifrət və ədavət salmaq” ittihamları üzrə aparılan istintaq çərçivəsində ənənəvi formada və sosial şəbəkələrdə boykot çağırışı edən, bu çağırışları yayan və cəmiyyətin müəyyən hissəsinin iqtisadi fəaliyyətinə təsir göstərmək məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Bundan əlavə, prokurorluq istintaqın bəzi iş yerlərində fiziki və şifahi zorakılıq hallarına da baxılacağını bildirib.
Türkiyənin ticarət naziri Ömər Bolat boykot çağırışları nəticəsində maddi itkiyə məruz qalan hər kəsin məhkəməyə müraciət edərək təzminat tələb edə biləcəyini bildirib.