“Mən bu təhdidə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm"
ABŞ Prezidenti Donald Tramp "elektrik şəbəkəsinə təhdidlər" səbəbindən milli fövqəladə vəziyyət elan edən və orada müəyyən xarici istehsallı avadanlıqların istifadəsini məhdudlaşdıran fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə sənəd Ağ Evin rəsmi saytında dərc edilib.
"Hesab edirəm ki, elektrik şəbəkəsi üçün xarici elektrik avadanlıqlarının tədarükü ilə bağlı vəziyyət tamamilə və ya əsasən ABŞ-dan kənarda yaranan ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil edir və mən bu təhdidə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə fərmanda bildirilib.
Sənəddə qeyd olunub ki, hakimiyyət orqanları mövcud təhlükəyə qarşı mübarizə aparmaq üçün əlavə tədbirlər görməlidirlər. Bu tədbirlər ölkədə istifadə olunan elektrik avadanlıqlarının təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını qorumağa yönəldilməlidir.
Trampın fərmanına uyğun olaraq, ABŞ digər ölkələrdə istehsal olunan müəyyən növ elektrik avadanlıqlarının alınmasına və quraşdırılmasına qadağa qoyub. Eyni şey ABŞ elektrik şəbəkəsindəki zəifliklərdən kiberhücumlar üçün istifadə edə biləcək xarici vacib proqram təminatı və rəqəmsal komponentlərə də aiddir.
Sənəddə qadağanın yüksək gərginlikli transformatorlara və "ağıllı elektron cihazlara" şamil edildiyi bildirilib.
Siyahıya həmçinin generatorlar, günəş və batareya sistemləri üçün invertorlar və müəyyən digər cihazlar daxildir.