Səbəb ABŞ və onun müttəfiqi İsrailə qarşı BCM-in hərəkətləridir
ABŞ Prezidenti Donald Tramp bu gün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) ABŞ və onun müttəfiqi İsrailə qarşı hərəkətlərinə görə sanksiya tətbiq edən sərəncam imzalamağa hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, sərəncamla ABŞ vətəndaşlarına və ya onların müttəfiqlərinə qarşı BCM araşdırmalarına kömək edən şəxslərə qarşı maliyyə və viza sanksiyaları tətbiq ediləcək. Məhdudiyyətlər onların ailə üzvlərinə də təsir edəcək.
Yanvarda “The Guardian” yazıb ki, BCM-nin rəhbərliyi ABŞ-ın ona qarşı tətbiq edə biləcəyi sərt iqtisadi sanksiyalardan ehtiyat edir. Məsələ 2024-cü ilin noyabrında BCM-nin İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı həbs etmək üçün orderlər verdiyi zaman xüsusilə kəskinləşib. Daha sonra ABŞ Konqresinin Nümayəndələr Palatası BCM-ə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.