Toy məclisi təşkil etməyə çalışan şəxslər cərimələniblər

Xəbərlər

11.08.2020 - 16:58

Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsi dayandırılıb

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan olunan xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Dədə Qorqud kəndində keçirdiyi tədbirlər nəticəsində evinin həyətində toy məclisi təşkil etməyə çalışan şəxslər müəyyənləşdirilib.

 

Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsi dayandırılıb. Toyun təşkilatçılığını edən iki nəfər ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunub. Onlar cərimələnib, digərlərinə isə ciddi xəbərdarlıq edilib.

Müəllif: Ayna.az