Tovuz cinayətində kilid məqam: Efirdən müraciət olmasaydı...

Cəmiyyət

09.01.2020 - 10:19

Hüquqşünas: “Ana telekanal vasitəsilə “heç olmasa, uşağımın ölüsünü gətirin” deməklə kiməsə müraciət edirmiş kimi davrandı, deməli, şübhələndiyi məsələlər vardı”

 

Cəmiyyət, əvvəl itkin düşmüş, sonra isə yanmış meyitinə şahidlik etdiyi, 10 yaşlı Nərmin Quliyevanın faciəsinin təsiri altındadır. Tovuzun Dondar Quşçu kənd sakini olan qızcığaz noyabrın 21-də qohumunun evində qəfil yoxa çıxıb və yanvarın 6-da yanmış cəsədi tapılıb. Yəni ay yarımdan sonra...

 

Burada bir sıra suallar meydana çıxır, şübhələr yaranır, narahatlıqlar doğulur. Həmin suallara hüquqşünas Nicat Gözəlovla AYNA tutmağa çalışdıq.

 

- Nərminin yandırılmış meyitinin tapılması neçə gündür cəmiyyətdə ajiotaja səbəb olub. Sizin düşündürən, narahat edən daha çox hansı məqamlardır?

 

- Dəhşətli faciədə hiddətlənəcək çox məqam var. Əvvəla, bir ölkədə ki, gündəm, problemlər bayağı verilişlərin ümidinə qalıb, onda biz nə gündəyik?! Biz necə oldu, belə anormal vəziyyətə gəlib çıxdıq? İnsanlar niyə hansısa verilişə üz tutub imdad istəməlidirlər? Sonra da telekanal sinəsinə döyür ki, “baxın, biz qışqıran kimi uşaq tapıldı”. Məlum veriliş bəyan edir ki, uşağın tapılmasında “rol” oynayıb. Belə “rol” olar? Deyən yoxdur ki, əslində telekanaldakı veriliş bu uşağın yanmış halda ortaya çıxmasına səbəb olub, hətta daha ağır cinayətin törədilməsi baş verib. Çünki ananın TV-dəki çağırışından sonra uşaq yanmış halda küçəyə atılıb.

Raminə Eyvazqızı