Ticarət mərkəzlərində maska tələbi və ya bizi aldadırlar

Cəmiyyət

03.06.2020 - 17:55

Polis niyə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarının icrasını təmin etmir?

 

29 may 2020-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargah ictimai nəqliyyatda, bazarlarda, ticarət mərkəzlərində və dövlət müəssisələrində tibbi maskaların taxılmasının məcburi olması barədə qərar qəbul etdi. Dünən isə Milli Məclis maska taxılmamasına görə cərimələri təsdiqlədi. Prosesə nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə edildi.

 

AYNA-nın əməkdaşı bir neçə iri ticarət mərkəzlərinə baş çəkərək, tibbi maska taxılması barədə qərara necə əməl olunmasını araşdırıb. İlk olaraq, açılmasını bütün Bakı əhlinin həsrətlə gözlədiyi “Sədərək” ticarət mərkəzinə baş çəkdik. Məlum oldu ki, satıcıların əksəriyyəti maska taxır, amma... Bu maskalar onların ağız və burunlarını deyil, təkcə çənələrini bağlayır. Bu isə koronavirusdan qorunmaq baxımından effektli ola bilməz.

 

Alıcılara gəldikdə isə, onlar, ümumiyyətlə maskadan istifadə etmirlər. Heç onlardan bunu tələb də edən yoxdur.

 

“Sədərək”dəki vəziyyəti araşdırandan sonra yolumuzu Bakı sakinləri arasında dəbdə olan “Gənclik Mall”dan saldıq. Bu ticarət mərkəzinin əməkdaşları elə girişdəcə alıcılardan maska taxmağı tələb edirdilər. Amma mərkəzin içərisində insanların çoxu elə maskasız gəzirdilər. Yarım saat içəridə maskasız gəzsək də, bu müddət ərzində heç kim bizə “gözün üstə qaşın var” demədi.

 

Oradan çıxdıqdan sonra, şəhər əhlinin daha bir sevimli məkanına – “28 Mall”a üz tutduq. Oranın da əməkdaşları girişdə insanları maska taxmağa çağırırdılar. Amma içəridə vəziyyət “Gənclik Mall”dakı situasiya ilə eyni idi. Bir saat da buranı maskasız dolaşdıq, amma heç kim bizə yaxınlaşıb, niyə NK-nın qərarını pozduğumuzu irad tutmadı.

 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası məcburi xarakter daşıyır və bu məsələyə polis əməkdaşları ciddi nəzrət etməlidirlər. Amma yuxarıda adını çəkdiyimiz hər üç məkanda biz bir nəfər də polis işçisinə rast gəlmədik. Görəsən, niyə polislərimiz Nazirlər Kabinetinin qərarının icrasını təmin etmirlər?

Rəşad Rüstəmov