Təhsil naziri əmr verib

Cəmiyyət

09.12.2019 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməlidirlər

 

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən məlumat verilib.

 

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

 

“Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq. Nazirliyin “qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək”, - deyə TN-dən bildirilib.

 

Qeyd olunub ki, əmr imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi daşıyır.

Müəllif: Ayna.az