“Təəssüf ki, “sarı jurnalistika” hər zaman olub və olacaq”

Cəmiyyət

30.06.2021 - 11:08

Emil Əkbərov: “İnsanlar sırf rəsmi məlumatı hardan əldə edə biləcəklərini daha yaxşı bilirlər”

 

Mediada nə qədər islahatlar getsə də, yenə də çatışmayan nələrsə olur. Media dəyişiklikləri, peşəkarlığı hər zaman tələb edir. AYNA mediada baş verənləri bu günlərdə doğum gününü qeyd edən "BİG Media" MMC-nin direktoru Emil Əkbərovla müzakirə edib:

 

- Emil bəy, özünüzü niyə məhz mediada gördünüz? Mediaya necə gəldiniz?

 

- Uşaqlıqdan hər zaman yeniliyə can atan birisi olmuşam. İnternet media Azərbaycana yeni-yeni gələndə mənə bu sahə çox maraqlı olmağa başladı. O zaman indiki kimi internetə çıxış bu qədər asan deyildi. İnsanlar “Dial-up”dan istifadə edirdi, internetin sürəti çox az idi. Çox az sayda saytlar fəaliyyət göstərirdi. Və sayatların fəaliyyəti xarici ölkələrdə yeni-yeni dəbdə olmağa başlayardı. Həmin vaxt düşündüm ki, bu cür saytlar niyə məhz ölkəmizdə də olmasın. İndi hər hansı bir məlumatı yüzlərlə mənbələrdən əldə etmək olar. O zaman belə deyildi. İndiki gənclərin bəxti daha çox gətirib ki, bu cür zəmanədə yaşayırlar. “Google”, “YouTube”, müxtəlif sosial şəbəkələrdən bol-bol məlumatlar var. Amma ötən dönəmlərdə biz bu cür saytları yaratmaq üçün yalnız xaricdən kitablar sifariş verib, həmin kitablardan saytlar yaratmaq üçün məlumatlar əldə etməyə çalışırdıq. Kiçik yaşlarımda komputer deyəndə ağıla ilk olaraq oyun oynamaq üçün hansısa bir alət gəlirdi. O zaman valideynlərim də mənə deyirdi ki, kompüterdə oyun oynamaq yerinə, dərslərini oxu, hansısa peşəyə sahib olmağa çalış. Amma onlar bilmirdilər ki, internet, kompüter aləmi bu cür inkişaf edəcək, gələcəkdə həyatımızın böyük bir parçasına çevriləcək.

 

Pandemiyadan sonra insanlar bir çox işlərini daha çox onlayn üzərindən həyata keçirdi. Sayt yaratmaq qərarına gəldikdə, “Big.az”la şou xəbərləri tədqim etməyə başladıq, daha sonra isə daha ciddi layihələrə əl atdıq. “Sonxeber.az”la sırf siyasi-sosial aləmə daxil olduq. İlk saytımızı 17 il əvvəl yaratdıq. Saytlarımız günü-gündən təkmilləşir. Yeni texnologiya ilə ayaqlaşmağa çalışırıq.

 

- Tez-tez deyilir ki, jurnalistlərə azadlıq verilsə, “sarı jurnalistika” özünü daha çox göstərəcək. Siz necə düşünürsünüz, jurnalistlərə azadlıq verilsə, nə baş verəcək?

 

- Mən düşünmürəm ki, jurnalistikaya azadlıq verilsə, “sarı jurnalistika” daha çox irəli gedəcək. Əksinə, indiki jurnalistika daha rahat və azaddır. Əvvəl sosial şəbəkələr belə yox idi, insanlar məlumatı yalnız ənənəvi mediadan (qəzet və TV-lər) əldə edirdi. İndi isə hər kəsin öz sosial hesabı var. Jurnalist indi öz fikrini daha azad və sərbəst şəkildə ifadə edir və heç kəs ona mane ola bilməz. Təəssüf ki, “sarı jurnalistika” hər zaman olub və olacaq. Nə qədər azadlıq verilsə də, insanlar ağı qaradan ayırmağı bacaracaqlar. İnsanlar sırf rəsmi məlumatı hardan əldə edə biləcəklərini daha yaxşı bilirlər.

 

- Sizcə, Azərbaycanda media hansı səviyyədədir?

 

- Təəssüf ki, media yüksək səviyyədə deyil, amma qənaətbəxş də demək olar. İnkiaşf etməyə doğur gedir. İnsanlar artıq hansı saytdan hansı məlumat əldə etmək lazımdır, onu daha yaxşı bilirlər.

 

- Mediada islahatları necə dəyərləndirirsiniz?

 

- Bu günkü islahatları çox yüksək səviyyədə dəyərləndirirəm. Bundan öncə işinin öhdəsindən layiqincə gəlməyənlərin həbslərinin şahidi olduq. Keçmiş KİVDF-də bir çox yeyinti və korrupsiya halları üzə çıxdı. Onların isə bir sonu mütləq olmalı idi. Artıq yeni qurum yaradıldı. Məncə, indiki qurum öz fəaliyyətində nöqsanlara yol verməməyə çalışacaq. Çünki onlar da öncəkilərin aqibətini yaşamaq istəməzlər. Onlar artıq yenidən buraxılan səhvləri təkrarlamazlar. Bu gün cənab Prezidentin tapşırığı ilə nəinki media, bir çox sahələrdə ciddi tapşırıqların həyata keçirilməsini müşahidə edirik. Prezident əyri yollarla xidmət göstərənlərin sonunun həbslə nəticələcəyini dəfələrlə vurğulayır. Düşünürəm ki, bundan sonra da hər şey yaxşlığa doğru gedəcək.

 

- Növbəti doğum gününüzdə mediada nələrin dəyişməsini görmək istərdiniz?

 

- Mediada daha çox şəffaflığın olmasını istərdim. Mediada insanlara faydalı məlumatlar daha çox olsun. İnsanlar artıq çal-çağır, şou biznes xəbərlərindən doyub. İnsanların artıq şüur və düşüncələri dəyişməlidir.

 

- Sonda saytınızın izləyicilərinə nə deyə bilərsiniz?

 

- Onların hər birinə təşəkkür edirəm. Biz izləyicilərimizdən güc alıb bu yola davam edirik. Bizə müraciət edən hər bir vətəndaşın problemlərini, onları maraqlandıran mövzuları hər zaman işləyirik və işləyəcəyik də. Onların rahatlığı üçün saytlarımız üçün daha funksionallıqları həyata keçirməyi düşünürük.

 

- Emil bəy, sonda bir daha doğum gününüzü təbrik edir və gələn ilki doğum gününüzdə mediada görmək istədiyiniz dəyişikliklərin reallaşmasını arzu edirik.

 

- Mən də sizə, AYNA-nın bütün kollektivinə, həmkarlarıma təşəkkür edirəm. Qələmimiz hər zaman iti olsun...

Müəllif: Ülviyyə Şahin