Şuşadakı “andiçmə”nin Bakıdakı əks-sədası: <font color=red> Sülh çarələri tükəndi</font>

Siyasət

22.05.2020 - 21:23

Nəzakət Məmmədova: “Xalq Xarici İşlər Nazirliyinin boş kağız parçasından ibarət bəyanatlarından, Müdafiə Nazirliyinin nəticəsiz hərbi təlimlərindən bezib”

 

“Bu, danılmaz həqiqətdir ki, dünya erməniləri Ermənistanın Azərbaycan torpaqları hesabına genişləndirilməsi planı üzrə fəaliyyətlərini ardıcıl şəkildə davam etdirirlər. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Qarabağın müstəqil dövlət kimi tanıdılması Ermənistan dövlətinin əsas siyasi prioritetidir”.

 

Bunu AYNA-ya şərhində politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, özünü demokrat elan etmiş Paşinyan belə, Azərbaycan torpağının işğalının dünya tərəfindən qəbul edilməsi istiqamətində, Qarabağda əlində silah alıb vuruşmuş cinayətkar Köçəryan və Sarkisyan kimi işğal prosesində fəal iştirak edirsə, deməli istənilən ideologiya, hətta ermənisayağı demokratiya da ermənilər üçün sadəcə işğala bəraət üçün pərdələmə vasitəsidir.

 

“Dünənki “andiçmə” ilə Ermənistan danışıqlar prosesindən bir addım daha uzaqlaşdı və artıq bunu əvvəllər əməldə göstərirdisə, indi heç sözlə, diplomatik ifadələrlə də ört-basdır etməyə çalışmır. Lavrovun Paşinyan hökumətini xalqdan gizli separat danışıqlar aparmaq ittihamına Ermənistanın Baş Naziri və onun komandası, öz təyin etdiyi adamı üçün ənənəvi olaraq Xankəndidə deyil, Şuşada “andiçmə” təşkil etməklə cavab verdi”, - politoloq vurğulayıb.

Nəzakət Məmmədova: “İtaliya - Azərbaycan əlaqələri yeni inkişaf ...

Məmmədova bildirib ki, Ermənistan Azərbaycanın hərbi təlimlərə başlamasını 2011-ci il Vyana razılaşmasını pozmaq kimi mənalandırıb və Bakını Yerevanı hərbi təlimlər barədə əvvəlcədən xəbərdar etməməkdə ittiham edib: “Ermənistan bunu BMT-nin Baş katibi Quterreşin COVID-19 pandemiyası fonunda qlobal təhlükəsizliyin möhkəmlənməsi çağırışına zidd addım kimi dəyərləndirib. Ermənistanın istinad etdiyi 2011-ci il etimadın və təhlükəsizliyin möhkəmləndirilməsinə dair Vyana razılaşmasına əsasən, əgər ATƏT üzvü olan dövlətlərin keçirdiyi hərbi təlimlərdə iştirak edən şəxsi heyətin sayı 9 mini keçərsə, həmin üzv ölkə təlimə 42 gün qalmış ATƏT-i bu barədə xəbərdar etməlidir. Bundan başqa, “İnaqurasiya”nın Şuşada keçirilməsinin daxili siyasi səbəbləri də var: Ermənistanın koronavirusla mübarizədə uğursuzluğu, əhalinin sosial vəziyyətinin olduqca acınacaqlı olması və getdikcə pisləşməsi, hakimiyyətdaxili mübarizə, hakimiyyət və cəmiyyət arasında çatların dərinləşməsi, müxalifətin resurslarının getdikcə artması”.

 

Müsahibimiz Paşinyanın babasının alman faşistlərinə qulluq etməsi barədə ehtimalı da dəyərləndirib: “NKVD arxivlərindəki məlumatın mətbuata sızdırılmasından sonra Rusiya kəşfiyyatı Paşinyan ailəsinin - onun arvadı Anna Akopyan və digər yaxın qohumları Sipan Paşinyan, Qraçya Akopyanın siqaret qaçaqmalçılığında əli olduğuna dair sübutlar dövriyyəyə buraxıb. Görünür, Rusiya kəşfiyyatı Paşinyan ailəsi haqda artıq xeyli qalın kompromat dosyesi hazırlayıb. Bu məlumatı Ermənistan Prezident Administrasiyasının keçmiş rəhbərinin müavini, Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş dövlət başçısı Serj Sarkisyanın qızının əri Mikael Minasyan açıqlayıb. Köçəryanın azadlığa buraxılması şərtləri, Ermənistana satılan Rusiya təbii qazının qiymətinin artırılması, Lavrovun son iki ildə mərhələli həll planı üzrə danışıqlar aparıldığını bəyan etməsi, Ermənistandakı ABŞ biolaboratoriyalarının fəaliyyəti və s. Rusiya ilə Ermənistan arasında narazılıq yaradıb. Paşinyan, görünür, Rusiyaya demarş etmək üçün işğal planlarında improvizasiyalara yol vermək fikrinə düşüb”.

 

“Hər halda, separatçı rejimin “parlamenti”ni Xankəndidən Şuşaya köçürmək, “andiçmə”ni Şuşada təşkil etmək bunun göstəricisidir. Ermənilər bütün məsələlərdə özlərini İsraillə müqayisə edirlər. Bu hadisə bizə İsrailin paytaxtının Təl-Əvivdən mübahisəli Qüdsə köçürmək planını xatırladır. BMT Baş Assambleyası təcili toplanaraq İsraili qınadığı kimi Ermənistanı da qınamalıdır. Azərbaycan BMT-yə, ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatına çağırış etməli, toplantı tələb etməlidir”, - siyasi şərhçi diqqətə çatdırıb.

 

N.Məmmədova hesab edir ki, qondarma “andiçmə” mərasiminin Şuşada keçirilməsi bu şəhərin danışıqlarda Azərbaycana qaytarılması perspektivinin olmayacağına işarədir: “Azərbaycan söz oyunundan ciddi tələblərə keçməlidir. Bizim keçirdiyimiz hərbi təlimlər demarşdan, nəticəsi olmayan güc nümayişindən başqa bir şey demək deyil. Minsk qrupu qarşısında konkret vaxt tələbi qoyulmalıdır ki, Ermənistana təzyiq göstərib torpaqları azad etsin. Əgər həmin dövrdə məsələni həll edə bilməsə (ki, şübhəsiz etməyəcək), o zaman özünü buraxmalı, ATƏT-in toplantısı keçirilməli və yeni format müəyyən edilməlidir. Azərbaycan bu məsələni təşkilat qarşısında təcili və qətiyyətli şəkildə qaldırmalıdır. Sülh çarələri tükənib, odur ki, başqa çıxış yolları düşünülməlidir. Xalq Xarici İşlər Nazirliyinin heç bir diplomatik əhəmiyyət kəsb etməyən mənasız sözlərdən və boş kağız parçasından ibarət bəyanatlarından, Müdafiə Nazirliyinin heç bir qarış torpağın azad edilməsinə yardım etməyən hərbi təlimlərindən bezib”.

Müəllif: Mərahim Nəsib