Şuşada məktəb tikmək ideyası gələcəyə, 100 ilə hesablanmış addımdır

Aktual

27.01.2021 - 18:12

Bu boşluğu vətənsevər, türk dünyasını, Azərbaycanı içdən sevən qüvvələr doldurmalıdır

 

Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Qarabağda, Şuşada məktəb tikilməsi ilə bağlı təklifini, daha sonra bunun layihəsini təqdim etməsini çox yüksək qiymətləndirirəm. MHP kimi köklü, vətənpərvər, Türk dünyasının birliyi üçün çalışan sanballı bir təşkilatın liderinin bu cür təklif səsləndirməsi məni çox sevindirdi. Bu, Türkiyədə türklük və islam dəyərləri uğrunda mücadilə aparanların, AKP ilə MHP koalisiyasının birliyinin gücünün göstəricisidir.

 

Biz illərdir, bu ideya ilə çıxış edirdik ki, Türk-İslam ideyası, düşüncəsi, ideoloji baxışı bir-birindən ayrı ola bilməz. 20-25 il əvvəl də bu sözü deyirdik, indi də o fikirdəyik. O zaman bizim fikirləri süngüylə qarşılayanlar, bu ideyaları bir-birindən ayrı salmağa, ayrı göstərməyə, hətta bir-birinə zidd olduğunu göstərməyə çalışanlar var idi. Biz qarşılığında Azərbaycan bayrağını göstəriridik ki, bu ideyalar heç zaman bir-birinə zidd ola bilməz. Həyat kimin haqlı olduğunu sübut edir.

 

MHP ilə AKP-nin birgə fəaliyyətləri, MHP-nin koalisiyaya ortaq olaraq, Azərbaycan siyasətinə anlamlı yanaşması, Azərbaycan dövlətilə, ona rəhbərlik edən Prezident İlham Əliyevlə ortaq məxrəcə gəlməsi, Azərbaycana yanaşmada fərqli, dövlətçi amildən çıxış etməsi təqdirəlayiqdir. Əslində biz də kluarlarda, görüşlərdə, hansısa müzakirələrdə illərdir bunu deyirdik. Türk-İslam ideyası və Türkiyədəki aparıcı təşkilatların, xüsusən köklü siyasi təşkilatların Azərbaycan dövlətilə əməkdaşlıq etməsi çox vacibdir. Əgər biz həqiqətən əməkdaşlığın faydalı nəticələrini görmək istəyiriksə, bu yol daha məqbuldur. Necə ki artıq nəticəni də görürük.

 

MHP-yə yaxınlığı ilə seçilən Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin Azərbaycanın, elə həm də, İslam və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada məktəb tikmək qərarı uzaqgörən siyasətin, ağıllı şəkildə düşünülmüş əməkdaşlığın nəticəsidri. MHP, Ülkü Ocaqları Azərbaycanda, digər türk ölkələrində hansısa amorf siyasi qüvvələri dəstəkləməkdənsə, Azərbaycan dövlətini, onun siyasətini dəstəkləməlidir. Məktəb tikmək, təhsilə, mədəniyyətə yatrımlar qoymaq lazımdır. Bu, gələcəyə, 50 ilə, 100 ilə hesablanmış addımlardır.

Vaxtilə FETÖ yanlıları olan təşkilatlar bunu etmişdilər. O zaman millətçi insanların başı mənasız siyasi mübarizələrə qarışmışdı. Həyat və gedişat FETÖ yanlılarını təbii şəkildə meydandan çıxartdı. Bu boşluğu vətənsevər, türk dünyasını, Azərbaycanı içdən sevən qüvvələr doldurmalıdır. Onların da başında MHP, Türk Ocaqları, Ülkü Ocaqları kimi önəmli təşkilatlar gəlir. AKP-MHP birliyinin idarə etdiyi Türkiyənin köməkliyilə Qarabağı düşmən əsarətindən qurtardıq. İndi elə bu koalisiyanın köməkliyilə Qarabağda tikinti-quruculuq, elm-təhsil, mədəniyyət, sosual-iqtisadi baxımından da qurtarmağa köklənməliyik. Ona görə də mən MHP lideri Dövlət Baxçalının təşəbbüsünü alqışlayıram.

 

Bu fikri inkişaf etdirərək, Ülkü Ocaqlarını gələcəkdə Azərbaycanda geniş təhsil, mədəniyyət, ictimai fəaliyyət göstərməyə, təmsilçiliyik yaratmağa səsləyirəm. Bu təklifi 2011-ci ildə Ankarada səfərdə olarkən vermişdim. Amma təklifimiz o zaman tam anlaşılmamışdı. Zaman bizim doğru təklif səsləndirdiyimizi, bunun vacib amil olduğunu göstərdi. Ona görə də, düşünürəm ki, həm Türkiyənin, həm də MHP-nin və millətçi düşərgənin təmsilçilərinin gələcəkdə bu istiqamətdə də qərarlar verərək elm, təhsil, mədəniyyət baxımından da Azərbaycana yatırımlar qoyacağına inanıram.

 

Mübariz Göyüşlü - Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Müəllif: Ayna.az