Ərazi polislər tərəfindən mühasirəyə alınıb
İyulun 19-da saat 21:20-də Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Sumqayıt şəhəri, Yaşma bağları, Dalğa yaşayış sahəsində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AYNA-ya bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 millimetrlik top mərmisi (BK-3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 200 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.