Sülhü istəyən dövlətin humanist jesti: indi “top” Qarabağın erməni sakinlərindədir

Aktual

04.10.2023 - 18:10

İlham İsmayıl: “Heç kəs fikirləşməsin ki, ermənilər gəlib üst başa keçəcəklər, sadəcə bu, ilkin siyasi gedişdir”

“Qərbi azərbaycanlıların Xankəndiyə köçürülməsi real deyil. Xankəndidə vaxtilə yaşayanlar niyə oraya köçürülməsinlər ki?!”

Üç gün əvvəl rəsmi Bakı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqlayıb. Azərbaycan Prezident Adminstrasiyasının yaydığı məlumatda qeyd edilib ki, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Bundan başqa, Qarabağda bələdiyyələr formalaşdırılır, sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir, tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır.

Azərbaycanın daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilərlər.

Eyni zamanda, sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi üçün təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri nəzərdə tutulur.

Bölgədə Azərbaycan manatının işlənməsi təmin edilir, sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi nəzərdə tutulur, fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Həmçinin qeyd olunur ki, sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur, sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir.

Bununla yanaşı, sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar, sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Eyni zamanda, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır.

Erməni sakinlərin vətəndaşlığı və bu şərtləri nə dərəcədə qəbul edib-etməyəcəkləri bəlli deyil. Azərbaycan cəmiyyətində isə bu şərtlərin bir çoxundan narazılıq özünü göstərdi. Sosial şəbəkələrdə sözügedən şərtlərin illərdir azərbaycanlılara qarşı düşmənçilik edən ermənilər üçün çox yüngül olduğu barədə etiraz paylaşımları edildi. Ekspertlər isə fərqli düşünürlər. Analitiklərin fikrinci, rəsmi Bakının reinteqrasiya şərtləri humanist prinsiplərə əsaslanır və sülhyönümlüdür.

Bununla yanaşı, vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların Xankəndiyə köçürülməsi məsələsi də gündəmə gəlib. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham ismayıl AYNA-ya müsahibəsində sözügedən məsələlərdən danışıb. Ekspert bildirib ki, hazırda orada nə qədər erməninin qalacağı sualı aktualdır:

- Əvvəlcə baxaq, görək ki, Qarabağda nə qədər erməni qalacaq, nə qədər Azərbaycan vətəndaşlığını qəbul edən olacaq. Lokal antiterror əməliyyatlarından sonra erməni sakinlərin Qarabağdan kütləvi köçü oldu. BMT-nin ərazidə olan nümayəndələrinin hesabatına görə, Xankəndidə 50-1000 arası erməni sakin qalıb. Əlbəttə, biz onları zorla Qarabağdan çıxarmamışıq. Düzdür, iddia var ki, guya Azərbaycan “etnik təmizləmə” aparır. Amma bu, absurddur və heç bir nəticəsi də olmayacaq. Sadəcə Ermənistan və havadarları bu yolla Azərbaycana hansısa təzyiqlərə nail olmağa çalışırlar. Azərbaycan açıq şəkildə bəyan edib, Qarabağın erməni sakinlərinə bir neçə dəfə müraciət ünvanlayıb ki, hüquqları tanınacaq, qorunacaq, təhlükəsizlikləri təmin olunacaq. Bunu qəbul etmirlərsə, vətəndaşlığı qəbul edib yaşamaq istəmirlərsə, biz onları zorla saxlaya bilmərik ki?! Öz dillərində də, rus dilində də müraciətlər edilib ki, qalsınlar, vətəndaşlığı qəbul etsinlər, adam kimi yaşasınlar.

İndi ola bilsin ki, geri qayıdanlar olacaq. Bizim Azərbaycanın dövlət qurumları orada fəaliyyətə başlayıblar. Artıq bir neçə erməninin vətəndaşlıq almaq üçün müraciət etdiyi haqqında rəsmi məlumat da var. İstənilən halda, Azərbaycanın reinteqrasiya ilə bağlı təklifləri müsbətdir, normaldır. Müəyyən çətinliklər olacaq, çünki buna zaman lazımdır. İndi necə deyərlər, “top” Qarabağın erməni sakinlərindədir. Onlar qərarlarını verməlidirlər. Bakı təklifini edib, şərtlərini açıqlayıb.

Birgəyaşayış məsələsi indi gündəmdədir. Amma birgə yaşamağın necə olacağı sualına cavab vermək bizim yox, onların problemidir. Bu qədər cinayət törətmiş bir toplum sabah azərbaycanlılarla necə yaşayacaqlar? Yenə deyirəm, bu, bizim problemimiz deyil. Özləri fikirləşsinlər, qərar versinlər.

- Reinteqrasiya şərtlərində ermənilərin daxili işlər orqanlarında işə cəlb oluna biləcəyi məsələsi də var. Bu o demək deyil ki, sabah erməninin əlinə silah veriləcək?

- Çox vacib deyil ki, erməninin əlinə silah verəsən, polis formasını geyindirmək də olar. Həm də bu, yoxlamadan keçəndən sonra tətbiq ediləcək. Yoxsa sabah hansısa bir terrorçu, məsələn Araikin bir qohumu gəlib desin ki, “mən polisdə işləmək istəyirəm”, onu işə almayacaqlar ki... Orada bir filtirasiya tədbirləri görüləcək və bu, mütləqdir. Sadəcə reinteqrasiya şərtlərində bu kimi təkliflər Azərbaycanın xoş məramından irəli gəlir.

Mən anlayıram ki, cəmiyyətimiz bu məsələyə aqressiv reaksiya verir. Amma indi həssas mərhələdən keçirik. Nəzərə almaq lazımdır ki, bu, siyasi prosesdir. Biz beynəlxalq qınaq obyektinə çevrilməyək deyə, humanitar addımları, xoşməramlı jestləri etməliyik və bu, normal qəbul olunmalıdır. Bir qədər zamana ehtiyac var ki, daşlar yerinə otursun. Heç kəs fikirləşməsin ki, ermənilər gəlib üst başa keçəcəklər, sadəcə bu, ilkin siyasi gedişdir və belə də olmalıdır.

- Rəsmi Bakının reinteqrasiya şərtlərindəki digər müddəalara münasibətiniz necədir?

- Azərbaycanın reinteqrasiya şərtləri demək olar ki, humanistdir. Bakı istəyir ki, Qarabağın erməni sakinləri bütün digər etnik azlıqlar kimi hüquqları qorunmaqla, təhlükəsizlikləri təmin olunmaqla ləyaqətli şəkildə yaşasınlar. Sülhü istəyən dövlətin mövqeyi elə bu cür də olmalıdır. Azərbaycan ölkəmizi tənqid edən, qərəzli yanaşan beynılxalq dairələrə də mesaj verir ki, sizin dedikləriniz, “etnik təmizləmə” nağılı yalandan başqa bir şey deyil. Hesab edirəm ki, normal təkliflərdir. Yenə deyirəm, cəmiyyətin etirazını anlayıram. Amma bu siyasi prosesdir və rəsmi mövqe belə olmalıdır. Bir qədər səbirli olmaqda fayda var.   

- Daha bir sualım Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların Qarabağda yerləşdirilməsi ilə bağlıdır. Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə belə təklif verdi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız Xankəndiyə köçürülsünlər. Buna münasibətiniz necədir və ümumiyyətlə, bu real variantdırmı?

- Bu gün Xankəndiyə aidiyyati qurumların nümayəndələrindən başqa kimsə buraxılmır. Hadrut üç ildir ki, Azərbaycanın nəzarətindədir, bir nəfər mülki şəxs göndərilib ki, gedib orada yaşasın? Çünki siyasi cəhətdən bu, düzgün olmazdı. Biz deyirik ki, qaçqınlar geri qayıtsınlar, həm azərbaycanlılar, həm də ermənilər. Bu da BMT-nin Ali Komissarlığının müşahidəsi altında həyata keçirilməlidir. Xankəndidə evlər boşdur deyə gedib orada məskunlaşdırma indidən həyata keçirilməsi düzgün olmaz. Xankəndidən çıxan ermənilər deyirlər ki, Azərbaycanı beynəlxalq məhkəməyə verəcəklər, kompensasiya alacaqlar. Azərbaycan isə onlara bildirir ki, evin varsa, gəl evinə sahib çıx. Hazırkı məqamda Xankəndiyə Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların köçürülməsi mümkün deyil.

- Perspektivdə mümkündürmü?

- Gələcəkdə biləndən sonra ki, Qarabağda ermənilər nə qədər qalıb, boş evlər nə qədərdir, bu evlər alınıb, yoxsa alınmayıb və s. bunlar dəqiqləşməlidir. Bu proses də bir müddət gedəcək. Məsələn, Türkiyə 300 ildir ki, yunan vətəndaşın ərazisində olan əmlakına toxunmur ki, gəlib çıxa bilərlər. Bu gün əmlak toxunulmazlığı beynəlxalq hüquqda da əsas məsələdir. Həmçinin indi siyasi kövrəklik var. Ona görə də, bu məsələnin gündəmə gətirilməsi məncə, bir qədər düzgün deyil. Qüdrət bəy dostumuzdur, fikirlərinə hörmət edirəm. Amma mənim düşüncəmə görə, bu məsələnin indi gündəmə gəlməsi doğru deyil.

İkincisi, Qərbi azərbaycanlılarla Qarabağdan köçənlər arasında xeyli fərqlər var. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın Azərbaycanın müxtəlif yerlərində evləri var, yaşamlarını qurublar və s. İndi onlara demək ki, “sən köç, get Xankəndidə yaşa” da düzgün yanaşma olmazdı. Burada təbiilik yoxdur. Heç bir Qərbi azərbaycanlı burada ev-eşiyini qoyub Xankəndiyə köçməyə razı olmaz.  

Üçüncüsü, təkcə Xankəndinin özündə 1990-cı illərədək 15-18 min azərbaycanlı yaşayıb. Perspektivdə həmin azərbaycanlıların Xankəndiyə qayıdış məsələsi var. Lokal antiterror tədbirlərindən sonra Xankəndidə yaşamış yüzlərlə azərbaycanlı ilə görüş keçirildi. Onlar bildirdilər ki, əllərində evlərinin, mülklərinin sənədi var, saxlayıblar. Ona görə də Qərbi azərbaycanlıların Xankəndiyə köçürülməsi real deyil. Xankəndidə vaxtilə yaşayanlar niyə oraya köçürülməsinlər ki?!

Müəllif: Anar Bayramoğlu