Sülhə aparan “çərçivə sazişi” – İlin sonunadək müqavilə imzalana bilər?

Aktual

03.08.2023 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

İlham İsmayıl: “İlin sonunadək əsas prinsiplərin razılaşdırılması mümkündür”

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Euronews” televiziyasına müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının müm künlüyünə toxunub. Ölkə başçısı bildirib ki, Ermənistan iddialarından əl çəksə, sülh mümkündür: “Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.

Azərbaycan lideri sülh danışıqları ilə yanaşı, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsinə də toxunub və bildirib ki, Azərbaycanda yaşayan bütün xalqlar kimi, ermənilərin də qanunlar çərçivəsində yaşayışına Bakı təminat verir.

Prezidentin bəyanatı və mesajları ilə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qeyd edib ki, sülh müqaviləsi imzalanana qədər müəyyən mərhələni keçmək lazımdır:

- Bu zaman müxtəlif variantlar masaya qoyulur, müzakirələr aparılır. Hesab edirəm ki, Prezident İlham Əliyevin nəzərdə tutduğu bu mərhələlərdir. Yeri gəlmişkən, XİN başçılarının Moskva görüşündə Lavrov bildirdi ki, sülh sazişinin əsas prinsiplərinin Rusiyada razılaşdırılmasına şərait yaratmaq istəyirik. Buna adətən “çərçivə sazişi” deyilir. Söhbət konkret olaraq Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh sazişindən gedir. Qarabağ məsələsi ilə bağlı proses başqa istiqamətdir, İrəvanla-Bakı arasında sülhün əldə edilməsi başqa istiqamətdir. Düzdür, bu məsələlər bir-birinə müəyyən mənada təsir edir, lakin fərqli məqamlar var. Hesab edirəm ki, ilin sonunadək əsas prinsiplərin razılaşdırılması mümkündür.

- Erməni silahlılarının qeyri-qanuni şəkildə hələ də Qarabağda qalması, İrəvanın dəstələrini oradan çıxarmaması sülhün əldə olunmasına mane olan amillərdəndir. Bu, ilin sonunadək həllini tapa bilərmi?

- Təbii ki, bu amilin də təsirləri var. Amma erməni silahlılarının Qarabağdan çıxarılması sülh müqaviləsinin bağlanmasınadək də baş verə bilər. Yaxud da, qanunsuz silahlı dəstələr Qarabağda qaldığı vaxt da sülh sazişi imzalana bilər. Hamımız bilirik ki, separatçıları himayə edən, erməni silahlılarını bəsləyən Rusiyadır. Sülhməramlılar onların təminatı ilə məşğul olurlar. Bu məsələni düşünürəm ki, biz Rusiya ilə danışmalıyıq. sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyatın blokdan çıxarılması  məsələlərinin həlli Ermənistanla Azərbaycan arasında sülhün imzalanmasına gətirib çıxaracaq. Qarabağ isə Azərbaycanın daxili məsələsidir. Qarabağdakı məsələləri həm danışıqlar vasitəsilə həll edə bilərik, ermənilərin inteqrasiyasını həyata keçirmək üçün dialoqlar yolu ilə yoluna qoya bilərik. Separatçılar buna imkan verməsələr, oradakı silahlılar silahı yerə qoymasalar, yəni dialoq müsbət nəticə verməsə, o zaman hərbi yolla həll edə bilərik.

- Yəni ki, antiterror əməliyyatı ilə əraziləri təmizləmək ehtimalı var...

- Əlbəttə, bu ehtimal var. Yola gəlməsələr, Azərbaycanın başqa variantı qalmayacaq. Yeri gəlmişkən, qanunsuz silahlıların çıxarılması, təksilah edilməsi Rusiyanın da öhdəliyinə daxildir. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda konkret bənd var. Orada deyilir ki, qeyri-qanuni silahlı dəstələr Qarabağdan Rusiya sülhməramlılarınınm yerləşdirilməsi ilə paralel şəkildə çıxarılmalıdır. Təəssüf ki, bu günədək terrorçu silahlılar çıxarılmayıblar. Demək istəyirəm ki, Rusiya ilə danışıqlarla bu məsələni yoluna qoymaq lazımdır. Ermənistanla sülh müqaviləsi üzərində danışıqlarla paralel şəkildə Azərbaycanın daxilində, Qarabağda gedən proseslərlə bağlı ayrıca danışıqlar xətti olmalıdır. Çünki bu, Ermənistanla məsələmiz deyil, daxili məsələmizdir.

- Reinteqrasiya demişkən, Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə Azərbaycan nümayəndələrinin Yevlaxda görüşəcəyi barədə məlumatlar var...

- Hesab edirəm ki, bu görüş baş tutarsa, bizim xeyrimizədir. Reinteqrasiya istiqamətində dialoq olmalıdır. Söhbət Xankəndidəki separatçı rejimlə dialoqdan, görüşdən getmir, erməni sakinlərin nümayəndələri ilə görüşdən, onların inteqrasiyalarının baş verməsindən gedir.

Bir müddət əvvəl təxribat xarakterli görüş təklif edilmişdi. Qərb təşəbbüs göstərmişdi ki, Bratislavada görüş keçirilsin. Bu, Azərbaycanın əleyhinə idi. Xankəndi ilə Bakı arasında görüşü beynəlxalq müstəviyə çıxarmaq niyyəti ilə belə təşəbbüs irəli sürülmüşdü ki, Azərbaycan haqlı olaraq bundan imtina etdi. Çünki Qarabağ ermənilərinin reinteqrasiyası beynəlxalq məsələ deyil, daxili məsələdir. Ona görə də görüş Azərbaycan ərazisində keçirilməlidir. İndi Rusiyanın təklifi ilə Yevlaxda görüş gündəmə gəlib. Təsdiqini taparsa, o zaman bizim xeyrimizə olar. Əsas olan odur ki, görüş vasitəçisiz keçirilsin.

- Rusiya vasitəçisiz dialoqda maraqlı ola bilərmi?

- Məsələ burasındadır ki, Qərb təşəbbüsü ələ alıb. Rusiya isə təşəbbüsü öz əlinə almaq istəyir. Moskva Qərbdən üstün təkliflərlə çıxış etməyəndə arxa plana keçir, təşəbbüs əldən gedir. Brüssel, Vaşinqton danışıqları nəticələr baxımından üstünlük təşkil edir. Rusiya isə təbii ki, bunu həzm edə bilmir. XİN başçılarının sonuncu – Moskva görüşündə Lavrovun çıxışı, etnik azlıqlar məsələsi, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaması ilə bağlı fikirlər onu deməyə əsas verir ki, Moskva bəzi məsələlərdə Qərbdən üstün görünməyə çalışır.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş