Liderlər hərbi və humanitar vəziyyəti, eləcə də ədalətli sülhün bərqərar olması yollarını müzakirə ediblər
Almaniya kansleri Olaf Şolts martın 5-də Ukrayna Prezidenti ilə telefon danışığı aparıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
Hebestreyt bildirib ki, Şolts və Zelenski Ukraynadakı mövcud hərbi və humanitar vəziyyəti, eləcə də ədalətli sülhün bərqərar olması yollarını müzakirə ediblər. Almaniya kansleri Ukrayna Prezidentinin Rusiya ilə danışıqlara mümkün qədər tez başlamağa hazır olduğunu məmnunluqla qeyd edib.
Hər iki lider Ukrayna üçün sürətli atəşkəsin və uzunmüddətli sülhün təmin edilməsində ABŞ Prezidentinin rəhbərliyinin vacibliyi barədə razılığa gəliblər. Söhbətdə vurğulanıb ki, buna doğru ilk addım Rusiyanın mülki enerji infrastrukturuna hava və dəniz hücumlarına son qoymaq ola bilər.
Şolta və Zelenski həmçinin Ukrayna və onun ən yaxın tərəfdaşları arasında sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Almaniya hökumətinin nümayəndəsi qeyd edib ki, kansler Almaniyanın Ukrayna ilə daimi və sarsılmaz həmrəyliyini vurğulayıb. Şolts həmçinin Zelenskini əmin edib ki, Almaniya Avropa və beynəlxalq tərəfdaşları ilə birlikdə ədalətli və davamlı sülh bərqərar olana qədər lazım olan müddətdə Ukraynanı dəstəkləyəcək.