SOCAR hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

Xəbərlər

27.07.2021 - 12:03

17 işçinin yerinin özüllər arasında müvəqqəti dəyişməsi məqsədəuyğun görülüb

 

Hava şəraitinin dəyişməsi ilə əlaqədar SOCAR-ın dənizdə fəaliyyət göstərən neft və qazçıxarma idarələrinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib. AYNA xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən bildirilib.

 

Qeyd edilib ki, işçilərin sahilə çıxarılmasına zərurət yaranmasa da, riskləri minimuma endirmək üçün 17 işçinin yerinin özüllər arasında müvəqqəti dəyişməsi və ən təhlükəsiz məkanlarda yerləşdirilməsi məqsədəuyğun görülüb.

 

Xatırladaq ki, öncə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, iyulun 27-si axşamdan 29-na kimi isə Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az