Rəhim Səfəvi: "Bu məsələ ilə bağlı nə real anlaşma, nə də ortaq məxrəc var
“Biz TRIPP layihəsi ilə bağlı Ermənistanla heç bir ilkin razılığa gəlməmişik”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistan tərəfinin iddialarının əksinə olaraq, TRIPP layihəsi və Ermənistanla danışıqlar ətrafındakı vəziyyəti şərh edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Rəhim Səfəvi deyib. Generalın fikirlərini “Sepah Pasdaran” “Telegram” kanalı yayıb.
"Bu məsələ ilə bağlı nə real anlaşma, nə də ortaq məxrəc var. Biz qırmızı xətlərimizi Ermənistana açıq və aydın şəkildə çatdırmışıq. Buna görə də, Ermənistan tərəfindən verilən açıqlama doğru deyil. Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, onda niyə onların Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə bütöv baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır”, - general vurğulayıb.
R.Səfəvi qeyd edib: “Biz Ermənistanla danışıqları davam etdiririk. Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika silahlı qüvvələrinə verilərsə, İran qisas almaq hüququnu və müvafiq tədbirlər görmək imkanını özündə saxlayır. Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və ondan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlasaydılar, daha yaxşı olardı".