Bir sıra qanunlara dəyişiklik nəzərdə tutulub
Azərbaycan Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə verilir. AYNA-nın xəbərinə görə, bununla bağlı bir sıra qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub.
Məsələn, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın dərhal ötürülməməsi və ya düzgün olmayan məlumatın verilməsinə görə inzibati cəza mexanizmləri mövcuddur. Eləcə də qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə məlumat verməyənlərlə bağlı.
Bu zamana qədər prosedurlara Səhiyyə Nazirliyi nəzarət edirdisə, təklif edilən dəyişikliklərdə həmin səlahiyyətlərin TƏBİB-ə verilməsi bildirilir. Həmçinin zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması ilə bağlı faktlara nəzarətin TƏBİB-ə verilməsi təklif edilir.
Qanun layihələrinə əsasən, Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini Səhiyyə Nazirliyi deyil, TƏBİB aparacaq.
“TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməsini nəzərə alaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq layihələrin qəbul edilməsi təklif olunur”, – deyə layihələrdə yazılır.