Ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə vaksin olunmaları ilə bağlı tibbi sənədlər verilib
“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılıb. Bu barədə AYNA-ya Rayon Prokurorluğundan bildirilib.
Prokurorluqda aparılan araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə COVID-19 əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.