Saxta COVID-19 pasportu satan vəzifəlilər barəsində cinayət işi açılıb

Xəbərlər

27.10.2021 - 14:28

Cinayət əməllərinin törədilməsində iştirak etmiş şəxslərin müəyyəndirilməsi məqsədilə istintaq davam etdirilir

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir Şəhər Prokurorluğundan AYNA-ya verilən məlumata görə, qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az