Sabiq səfir məhkəməyə xərəkdə gətirildi - FOTO

Xəbərlər

05.11.2021 - 15:43

Eldar Həsənovun qızı: “Onun hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər”

Bu gün Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq səfir Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə bir saat gec başlayıb. AYNA xəbər ki, bu haqda onun qızı Səbinə Hüseynova “Facebook”da yazıb.

“Onun hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər. Şahid ifadələri dinlənilməliydi, amma... Atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi...”, - deyə sabiq səfirin qızı deyib.

S.Hüseynova bildirib ki, atasının müayinə sənədlərini Türkiyədə onu müalicə etmiş həkimlərə göstərib: “Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır”.

Qeyd edək ki, E.Həsənov 2010-cu ildən 2020-ci ilə qədər Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir işlədiyi dövrdə mənimsəmə ilə bağlı ittiham olunur. Söhbət təmir işləri aparılarkən və səfirliklər üçün otaqların alınması zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.

Müəllif: Ayna.az