Saakaşvilinin həbsxanada səhhəti pisləşib

Dünya

11.10.2021 - 08:26

Həkim: “Sabiq Prezident təcili şəkildə xəstəxanaya yerləşdirilməlidir”

Oktyabrın 1-dən həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə onun həkimi Nikoloz Kipişidze məlumat verib.

Həkim qeyd edib ki, sabiq Prezident təcili şəkildə xəstəxanaya yerləşdirilməlidir.

“Həbsxana həkimləri və işçiləri işlərini yaxşı görməyə çalışırlar. Bu gün yenidən Saakaşvilinin yanına gedəcəm. Yəqin onu xəstəxanaya köçürməliyik”, - deyə Kipişidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 8 illik mühacirətdən sonra oktyabrın 1-də ölkəyə qayıdan Saakaşvilinin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılaraq nəzarətə alındığını açıqladı. Ehtimal olunur ki, sabiq Prezident Gürcüstan sərhədini gizli şəkildə keçib.

Saakaşvili həbs edildikdən sonra xanımı Yasko Ukrayna səlahiyyətlilərindən kömək istədi. Rəsmi Kiyevi Vətənin gələcəyi üçün nəcib mübarizə aparan vətəndaşını qorumağa çağırdı.

Gürcüstan hakimiyyəti isə Saakaşvilinin əfv olunma ehtimalını rədd etdi və keçmiş liderin cəzasının bütün müddətini dəmir barmaqlıqlar arxasında keçirəcəyini açıqladı.

Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Ölkədə bankir Sandro Qirqvlianinin öldürülməsi və deputat Valeri Qelaşvilinin döyülməsi işində ittiham olunan sabiq Prezident qiyabi olaraq 9 il müddətinə həbs cəzasına məhkum edilib.

Müəllif: Ayna.az