Saakaşvili xalqı meydanlara səslədi: “Kütləvi şəkildə hərəkətə keçməliyik”

Dünya

02.11.2021 - 13:55

“İndi bizim küçə aksiyaları keçirmək və zorakılığa müqavimət göstərmək üçün tam legitimliyimiz var”

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili həbsxanadan öz tərəfdarlarını hazırkı Gürcüstan hakimiyyətinə qarşı mübarizəyə çağırıb.

AYNA gürcü mediasına istinadən bildirir ki, məktubunda bildirib ki, onun tərəfdarları seçkilərdə qalıb gəlib: “Biz bu seçkilərdə qalib gəldik, Gürcüstan hakimiyyəti bu qələbəni bizim əlimizdən aldı. Biz nə etməliyik? Seçkilərin saxtalaşdırılmasına görə hakimiyyətin ödəməli olduğu hesabı onlara ödətməliyik”.

“Vaxtımız yoxdur, hər yerdə və kütləvi şəkildə hərəkətə keçməliyik. Təbii ki, paralel olaraq seçki komissiyalarında və MSK-da seçkinin nəticələrinə etiraz etməliyik. İndi bizim küçə aksiyaları keçirmək və zorakılığa müqavimət göstərmək üçün tam legitimliyimiz var”, - Saakaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanın keçmiş Prezidenti, hazırda Ukrayna vətəndaşı olan M.Saakaşvili sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib. Oktyabrın 1-də o, Tiflisdə saxlanılıb. Saakaşvili hazırda Rustavi şəhərindəki həbsxanadadır. Keçmiş Prezident həbsxanada tutulan gündən aclıq aksiyası keçirir.

Xatırladaq ki, Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası seçki saxtakarlığına etiraz olaraq noyabrın 7-də Tiflisin mərkəzində mitinq təyin edib.

Müəllif: Ayna.az