“Ruspərəst siyasət”in gerçək üzü: “milçəkləri kotletlərdən ayırmaq” lazımdır

Dünya

26.07.2022 - 10:10

Hökumət Qərbin təzyiqlərini azaltması üçün Rusiya faktorundan istifadə edir

Baxmaq və görmək iki fərqli şeydir. Azərbaycan, Ukrayna və ya digər KİV-lərin rəsmi Budapeştin siyasətinin nədən ibarət olması ilə bağlı yanlış fikirlər səsləndirməsinə baxaraq, bir daha buna əmin olmaq olar. Budapeştin siyasətini rusiyapərəst adlandırırlar və bu, yumşaq desək, qətiyyən doğru deyil. Orban rusiyapərəst, qərbpərəst yox, macarıstanpərəst siyasət yürüdür. Və buna görə də 4-cü müddətdir ki, seçkilərdə ölkə əhalisinin böyük əksəriyyətinin dəstəyini alır.

Gəlin ondan başlayaq ki, Budapeştlə Kiyev arasında yeni qalmaqal yaranıb. Macarıstanın Baş naziri Viktor Orban deyib: “Avropa İttifaqının Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni strategiyaya ehtiyacı var, çünki Rusiyaya qarşı sanksiyalar istənilən effekti vermədi”.

“Qərbin məqsədi sülh olacaq yeni strategiyaya ehtiyacı var. Avropa İttifaqının vəzifəsi tərəf tutmaq deyil, Rusiya ilə Ukrayna arasında dayanmaqdır", - deyə o bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Orbana cavab verib. XİN-in sözçüsü Oleq Nikolenko belə reaksiya verib: “Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqının Moskvaya qarşı sanksiyalarının nəticə vermədiyi barədə bəyanatı Rusiya təbliğatının klassik nümunəsidir”.

O xatırladıb ki, Orban Macarıstanın xarici işlər nazirinin Moskvaya səfərindən sonra ikinci gündə Aİ-nin Rusiyaya qarşı sanksiyalarının səmərəsizliyi ilə bağlı ritorikasını bərpa edib və orada Rusiya qazının ölkəsinə daha çox tədarük edilməsini istəyib: ““Sanksiyalar Rusiyanı sarsıtmayıb” ifadəsi Rusiya təbliğatının klassik nümunəsidir. Sanksiyalar effektivdir, Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını xeyli azaldıb. Ukraynaya silah verilməsi ukraynalıların həyatını xilas edir. Əgər sanksiyalar və silahlar səmərəsiz olsaydı, Kreml onları gözdən salmaq üçün nəhəng resurslardan istifadə etməz, onları dayandırmağa çalışmazdı”.

Bu mübahisədən belə nəticəyə gəlmək olarmı ki, Macarıstan rusiyayönlü və Ukrayna əleyhinə mövqe tutur? Məncə, yox. Sadəcə “milçəkləri kotletlərdən ayırmağı” bacarmaq lazımdır. Çünki reallıqda Orban Aİ-nin sanksiyalarının Rusiyanın mövqeyinin dəyişməsinə səbəb olmadığını bildirib. Və bu, təəssüf ki, belədir. Müharibə dayandımı, Ukrayna şəhərlərinin atəşə tutulması dayandımı, Kreml qoşunlarını heç olmasa fevralın 24-dək olan  mövqelərə çəkməyə hazır olduğunu bildirdimi? Xeyr, buna bənzər bir şey yoxdur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatını xatırlamaq kifayətdir. O, Rusiyanın Ukraynadakı “hərbi xüsusi əməliyyatı”nın coğrafi məqsədlərinin dəyişdiyini qeyd edib.

Rusiyalı nazirin sözlərinə görə, indi söhbət təkcə Donetsk və Luqansk vilayətləri deyil, həm də Ukraynanın bir sıra digər ərazilərindən gedir. "Bunlar Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərdir və bu proses ardıcıl və israrla davam edir".

Rus işğalçılarının reallıqda nə edəcəyini zaman göstərəcək. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Xersonu tezliklə geri alması ehtimalı yüksəkdir. Amma indi məsələ ondadır ki, Kreml öz qanlı oyununda “stavka”nı aşağı salmır, qaldırır. Və bu, Orbanın Rusiyaya qarşı sanksiyaların istənilən effekti vermədiyi üçün Avropa İttifaqının Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni strategiyaya ehtiyacı olması barədə bəyanatının sübutudur.

Daha da irəli gedək. Macarıstanın xarici işlər nazirinin müavini Levente Madyar Lvova səfəri zamanı söyləyib ki, Budapeşt digər ölkələrin Ukraynaya göstərdiyi bütün yardımları, o cümlədən hərbi yardımı öz ərazisindən keçirməyə hazırdır. Bu barədə “Evropeyskaya pravda” Lvov Şəhər Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.

"Bir çox Qərb tərəfdaşlarından fərqli olaraq, biz bu nəhəng Şərq dövlətinə qarşı durmağın necə bir şey olduğunu özümüz üçün hiss etdik. Eyni zamanda, Macarıstanın özü də silahlarını tədarük etməyəcək - bu, bizim strateji mövqeyimizdir. Bununla belə, üçüncü ölkələr bizim ərazimizdən istifadə edə bilər", - deyə Madyar bildirib.

Gördüyümüz kimi, bəyanat heç də rusiyapərəst deyil. Və tək bu da deyil.

Bu yaxınlarda Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfər etdi, səfərin məqsədi Rusiya ilə əlavə qaz tədarükü ilə bağlı razılaşma əldə etmək idi. Eləcə də Ukraynadakı müharibənin müzakirəsi. Beləliklə, Lavrov bu görüşdə bir sıra sərt diplomatik sillələr aldı. Ondan başlayaq ki, Siyarto bu görüşdə üzərində xarıbülbül çiçəyi təsviri olan qalstuk taxmışdı. Bildiyiniz kimi, bu gül Azərbaycanda 44 günlük müharibədə həlak olan əsgərlərin xatirəsinin rəmzi kimi qəbul edilir.

Siyartoda bu qalstuku görən etnik erməni Lavrov çox əsəbi görünürdü. Rusiyayönümlü siyasət aparan ölkə heç vaxt belə bir addım atmaz. Üstəlik, Macarıstan XİN-in rəhbəri Lavrovun müharibəni “xüsusi əməliyyat” adlandırmaq cəhdini açıq şəkildə rədd edib. O, açıq şəkildə bildirib ki, Macarıstan üçün Ukraynadakı müharibənin tezliklə başa çatması, Ukraynaya sülhün gəlməsi vacibdir.

Mənim fikrimcə, aydın bir bəyanatdan daha çoxdur bu sözlər. Rəsmi Budapeştin reallıqda Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni hansısa formada dəstəkləyən dövlət olmadığını başa düşməyə imkan verir. Əks halda, qondarma “DXR” və “LXR” kimi qurumların tanınmasını görərdik, hələ Krımı demirəm. Bunların heç biri yoxdur.

Və ortada nə var? Macarıstanın Rusiya qazından asılılığı. Macarıstan qazın 85%-ni Rusiyadan idxal edir. Bu iynədən bir gecədə qurtulmaq mümkün deyil. Lakin Budapeştdə belə bir anlayış var ki, bu, uzunmüddətli perspektivdə həyata keçirilməli olacaq. Mümkün həll yollarından biri LNG (mayeləşdirilmiş təbii qaz) ola bilər. Rusiya qazına alternativlər arasında Xorvatiyanın LNG boru kəmərinin gücləndirilməsi də var - LNG anbarlarının alınması və yenidən qurulması; İtaliyanın şimalından Sloveniya və Macarıstana qaz kəmərinin tikintisi; "böyük şimal əlaqəsi".

Ancaq bütün bunlar çox vaxt və pul tələb edir. Qışa isə az qalıb. Ona görə də Macarıstan rəhbərliyi problemi burada və indi həll etməyin yollarını axtarır. Macarıstanda yeganə işləyən atom elektrik stansiyası olan “Paks” AES-i də xatırlamaq lazımdır. Sovet layihəsinə uyğun olaraq tikilib, 4 reaktorun hamısı ümumi gücü təxminən 2 GVt olan VVER-440 tiplidir. Atom elektrik stansiyaları ölkədə istehsal olunan elektrik enerjisinin 50%-dən çoxunu istehsal edir.

Belə ki, 2014-cü ilin sonunda “Rosatom” və Macarıstanın MVM şirkəti VVER-1200 nəsil 3+ reaktorları ilə atom elektrik stansiyalarının 5-ci və 6-cı bloklarının tikintisinə dair sənədlər imzalayıb. 2019-cu ildə Macarıstan “Paks-2” AES-in texniki layihəsini təsdiqləyib. Rusiyanın “Paks-2” layihəsi üçün Macarıstana 10 milyard avroya qədər dövlət krediti verəcəyi, işlərin ümumi dəyərinin isə 12,5 milyard avro olacağı bildirilirdi.

2019-cu ilin martında Macarıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqından atom elektrik stansiyalarının tikintisi üçün icazələrin alınması prosesinin başa çatdığını elan edib. 2019-cu il iyunun 20-də isə “Paks-2” AES-in tikinti meydançasında ilk tikinti-quraşdırma işlərinə başlanılıb. “Paks-2” AES-in yeni enerji bloklarının 2029-2030-cu illərdə işə salınması planlaşdırılır. Təbii ki, Macarıstanın hazırkı rəhbərliyi bu məqamı nəzərə almaya bilməz.

Və daha bir məqam. Rəsmi Budapeştin Brüssellə, yumşaq desək, o qədər də ideal münasibətləri yoxdur. Macarıstan rəhbərliyi isə Aİ-nin Macarıstana təzyiqlərini azaltması üçün Rusiya faktorundan Aİ-yə təzyiq elementi kimi istifadə edir. Aydındır ki, Aİ Macarıstan müxalifətini dəstəkləyir, indiki Macarıstan hakimiyyəti bunu bəyənə bilməz. Üstəlik, Orban hökuməti və şəxsən Orban Corc Sorosa və onun Macarıstanda qurduğu Mərkəzi Avropa Universitetinə dəfələrlə açıq şəkildə qarşı çıxıb.

Xatırladaq ki, bir neçə il əvvəl Macarıstan parlamenti təhsil haqqında qanuna Macarıstanda fəaliyyət göstərən xarici universitetlər üçün yeni tələblər irəli sürən düzəlişlər qəbul edib. Onların fikrincə, Aİ-dən kənarda qeydiyyatdan keçmiş Macarıstanda fəaliyyət göstərən universitetlər öz ölkələrində Macarıstandakı kimi eyni dərəcələri və tədris planlarını təklif etməli, eyni zamanda Macarıstanda öz ölkələrindən fərqli adla fəaliyyət göstərməlidirlər. Bundan əlavə, yeni qanuna əsasən, bütün əcnəbi müəllimlər Macarıstanda iş icazəsi almalıdırlar.

Bütün bu düzəlişlər mahiyyətcə Budapeştdə fəaliyyət göstərən yalnız bir xarici universitetə - Corc Soros tərəfindən təsis edilmiş Mərkəzi Avropa Universitetinə aid idi. Aİ bu məsələdə çox qəzəbli olmağa və Macarıstan rəhbərliyinə təzyiq göstərməyə başladı. Aİ-də hesab edirlər ki, Macarıstanda cinsi azlıqların nümayəndələrinə münasibətdə çox repressiv qanunlar var.

Təbii ki, Macarıstan rəhbərliyi bütün bunlarla qəti şəkildə razılaşmır. Budapeşt Brüsselin istəklərinə qarşı eyni sərt xətti davam etdirmək hüququnda israr edir. Macarıstan vətəndaşlarının böyük əksəriyyəti isə Orban və hökumətinin bu mövqeyini dəstəkləyir. Hansı ki, təkrar edirəm, Aİ-yə qarşı təzyiqlərə cavab vermək üçün Rusiya faktorundan istifadə edir. Rəsmi Budapeştin bütün “rusiyapərəst” siyasəti bundan ibarətdir.

Müəllif: Əkbər Həsənov