“Rusiyanın Ermənistanı müdafiə etməsi mümkün deyil, hətta, əksinə...”

Siyasət

16.10.2020 - 13:39

Türkiyəli politoloq: “Azərbaycanın qələbəsi Paşinyanın sonu olacaq və Moskva da bunda maraqlıdır”

 

Kremlin “qara piar”çılarından olan Vladimir Solovyov yenidən Azərbaycana qarşı qarayaxmalara və təhdidlərə başlayıb. O, bugünlərdə “SolovyovLİVE” proqramının efirində, Azərbaycanın ünvanına hərbi təhdid də səsləndirdi: “Lavrovun dilindən anlamayanlar Şoyqunun dilindən anlamaq məcburiyyətində qalacaq”.

 

Bu təhdidin üstündən çox keçməmiş Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyquya zəng edərək, atəşkəsi pozan, Azərbaycanın mülki yaşayış məntəqələrinə hücum edən Ermənistanın hücumlarına son qoyulması və işğal etdikləri torpaqlardan çıxarılması barədə xəbərdarlıq etdi. O, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyini vurğulayaraq, Azərbaycanın daha 30 il gözləyə bilməyəcəyini, həmçinin Türkiyənin regionun sabitləşməsi üçün əlindən gələn səyləri göstərməyə davam edəcəyini bəyan etdi.

 

AYNA-nın mövzuya dair suallarını türkiyəli politoloq, tarixçi Mehmet Perinçək cavablandırıb:

 

- Əvvəlcə onu qeyd edim ki, Rusiyanın Azərbaycana silahlı müdaxilə etməsi nəinki ehtimal, heç mümkün də deyil. Hətta, əksinə, hazırda rəsmi Moskva ilə rəsmi İrəvan arasında ciddi problemlər var. Bildiyiniz kimi, Nikol Paşinyan “narıncı inqilab”la hakimiyyətə gəlib və Amerika Birləşmiş Ştatlarının bölgədəki ən böyük səfirliyi Ermənistanda yerləşir. Bundan əlavə, Ermənistanda Soros Fondu, ABŞ yönümlü çox sayda QHT, həmçinin vətəndaş təsisatları fəaliyyət göstərir. Paşinyanı da şəxsən onlar hakimiyyətə gətirib deyə, qorumağa çalışırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev də haqlı olaraq Paşinyanın “Soros qulluqçusu” olduğunu bir neçə dəfə ifadə edib və bunu bir neçə ay əvvəl baş verən Tovuz hadisələrində, həmçinin son hadisələrdən sonra Rusiya televiziyalarına müsahibələrində də bildirib. Bu günlərdə isə İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində Sorosla Paşinyan arasındakı münasibətlərə işarə vurdu. Paşinyan da onu hakimiyyətə gətirən Qərb dairələrinə öz sədaqətini göstərir. Ona görə də Ermənistan iqtidarı bu gün tamamilə qərbyönümlü və Rusiya əleyhinə siyasət həyata keçirir. Bunu da Moskva açıq şəkildə görür.

Politoloq: “Avropa ölkələri qərarlarını yenidən gözdən keçirəcək”

- Burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini necə dəyərləndirirsiniz?

 

- İki ay bundan əvvəl baş verən Tovuz hadisələrində də, Azərbaycanın hazırda davam edən hərbi əməliyyatları başlayanda da rusiyalı rəsmilər, məhz KTMT vasitəsi ilə Ermənistanın tələblərini rədd etdi və Rusiya Prezidenti Vladimir Putin bunu şəxsən özü dilə gətirdi. Putin, əslində, münaqişənin heç bir halda Ermənistan torpaqlarında cərəyan etmədiyini bildirməklə, Rusiyanın Ermənistan qarşısında məsuliyyət daşımadığına da işarə vurmuş oldu. 

 

- Rəsmi Moskva Paşinyanın hakimiyyətdən getməsində maraqlıdır?

 

- Bəli. Çünki KTMT-nin Baş katibi Stanislav Zas da münaqişə ilə bağlı verdiyi açıqlamada Azərbaycanın Ermənistana qarşı heç bir işğalçı siyasət həyata keçirmədiyini vurğuladı. Dolayısı ilə bütün bunlar Rusiyanın da münaqişə ilə bağlı mövqeyini əks etdirir və Moskva ilə İrəvan arasındakı problemlərdən xəbər verir. Bu problemlər də Azərbaycana irəliləmək üçün ciddi imkanlar və şərait yaradır. Onu da qeyd edim ki, Azərbaycanın Qarabağ müharibəsində qazanacağı qələbə Paşinyanın da hakimiyyətdən getməsi ilə nəticələnəcək. Və bu, Moskvaya sərf edir. Çünki Moskva Paşinyanın “narıncı inqilab”la hakimiyyətə gəlməsinə qarşı çıxa bilmədi. Amma İlham Əliyevin qazanacağı qələbə Paşinyanın iqtidardan getməsinə şərait yaradacaq. Buna görə də cənab Əliyev qazandığı qələbə ilə sadəcə Azərbaycan və Türkiyədə deyil, həm də Rusiyada qəhrəman elan ediləcək.

 

Azərbaycanın qarşılaşacağı hər hansı bir uğrusuzluq isə Rusiyanın da əleyhinə olacaq. Çünki Azərbaycan uğursuzluq əldə edəcəyi təqdirdə, Qərb “narıncı inqilab” ssenarisini Azərbaycanda da həyata keçirməyə cəhd edə bilər. Rusiya ilə mehriban qonşuluq siyasəti aparan Əliyevin zəifləməsi və Qərbin Azərbaycanda təsirinin artması da Rusiyanın əleyhinə ola və Paşinyan hakimiyyətinin ömrünü uzada bilər. Belə olan halda, həm Gürcüstanı, həm də Ukraynanı itirən, Paşinyanın iqtidara gəlməsi ilə Ermənistanda təsiri azalan Rusiya, yalnız Azərbaycana ümid bəsləyir. İstənilən uğursuzluq isə Azərbaycanın da möveyinin dəyişməsinə yol aça bilər. Təbii ki, bu da Moskava üçün həddindən artıq mənfi nəticələrə səbəb olacaq.

 

- Bir sözlə, Azərbaycanın qələbəsi Rusiyaya tamamilə sərf edir...

 

- Bəli. Çünki bu qələbə ilə Paşinyan hakimiyyəti devriləcək, Qarabağ problemi öz həllini tapacaq, Qarabağ probleminin də həllini tapması bölgəyə sabitlik gətirəcək və münaqişəyə son veriləcək. Cənubi Qafqaza gətirilən sabitlik isə həm Rusiyanın, həm Türkiyənin, həm Azərbaycanın, həm də İranın lehinədir. Ona görə də Azərbaycanın uğursuz olması Qərbi hərəkətə keçirəcək ki, bu da nə Rusiyanın, nə Türkiyənin, nə də İranın maraqlarına cavab verir. Bu baxımdan da Rusiyanın Ermənistan lehinə addım atması mümkün deyil.

Müəllif: Mərahim Nəsib