Rusiyadan ABŞ-a Qara dənizlə bağlı təhdid: “2014-cü ili xatırlasınlar”

Dünya

09.04.2021 - 12:14

Deputat: “Amerikalılar bu cür hallar üçün zəmin yaratmasalar daha yaxşı olardı”

 

Rusiyanın Dövlət Duması ABŞ hərbi gəmilərinin Qara dənizə göndərilməsini Ukraynaya dəstək əlaməti adlandırıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin üzvü Yelena Panina deyib.

 

Onun sözlərinə görə, belə bir demarş Donbass ətrafındakı vəziyyəti çətinləşdirəcək. Deputat Amerika gəmilərinin Qara dənizə göndərilməsinin Rusiyaya deyil, Ukrayna milli radikallarına bir siqnal olacağını qeyd edib.

 

“Eyni zamanda, ABŞ hərbçiləri rus həmkarlarının belə vəziyyətlərdə qaçılmaz olan cavab addımlarına görə çox narahat və çox əsəbi olurlar. ABŞ-ın "Donald Cook" gəmisinin heyət üzvlərinin 2014-cü ilin aprelində Rusiyanın “Su-24” təyyarəsinin yaxınlaşmasına verdiyi panik reaksiyanı xatırlasınlar. Amerikalılar bu cür hallar üçün zəmin yaratmasalar daha yaxşı olardı”, - deyə deputat təhdid dolu mesaj da verib.

 

Qeyd edək ki, Dövlət Dumasının MDB işləri komitəsi rəhbərinin müavini Konstantin Zatulin də bildirib ki, ABŞ son illərdə Qara dənizdən çıxmır və dənizi “Amerika gölü” nə çevirməyə çalışır. Deputat vurğulayıb ki, Montrö Konvensiyasının müddəalarına əsasən Vaşinqtonun bunu etmək şansı yoxdur.

 

Xatırladaq ki, 8 aprel tarixində ABŞ-ın Rusiya sərhədlərinə hərbi gəmilər göndərmək istədiyi barədə xəbərlər yayılıb. “CNN”in məlumatına görə, Ağ Ev Ukraynaya dəstək vermək üçün yaxın bir neçə həftə ərzində Qara dənizə qüvvələr göndərməyi düşünür. Buna baxmayaraq, Pentaqon sözügedən məlumatları təsdiqləməyib.

Müəllif: Ayna.az