“Rusiyada yeni anti-Azərbaycan propaqandası hazırlanır” – <font color=red> KUZNETSOV</font>

Siyasət

03.09.2021 - 14:12

Rusiyalı analitik: “Bu payız Qarabağda növbəti hərbi əməliyyatlar başlaya bilər”

 

Bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyinin yeni rəhbəri Ararat Mirzoyan Moskvaya səfər etdi. Görüş, əvvəllər onun İrəvanda Rusiya əleyhinə mitinqlərdə fəal iştirak etməsinə baxmayaraq, gözlənildiyi kimi, dostluq şəraitində keçdi. Kreml Mirzoyanın əvvəlki mövqeyini fərq etməmək qərarına gəldi və ya bəlkə də fərq etdilər, amma sadəcə bunu üzdə göstərmədilər.

 

Məşhur rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində Mirzoyanın Moskva səfərinin nəticələri və Qarabağ istiqamətində yaxın gələcəkdə nələr gözlənilə biləcəyindən danışıb.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

- Bu yaxınlarda Mirzoyan Moskvaya səfər etdi. Görüş məlumat məqsədli idi, amma yenə də erməni nazirin Azərbaycana qarşı ittiham qeydlərini gördük. Sizcə, Ermənistan Rusiya XİN başçısı ilə görüşdə ritorikanı kəskinləşdirməklə nəyə nail olmağa çalışır?

 

- Bu suala ədəbsiz olsa da, bir sualla cavab verəcəyəm: bu günün reallıqlarında Ermənistanın xarici işlər nazirinin etməli olduğu başqa nə qalıb ki? Xarici siyasətdə (Aleksandr Zinovyevin ruhunda) yalnız "uçurum yüksəklikləri" var, daxili siyasətdə - altı aylıq xaosu əvəz edən turbulentlik. Ermənistanın əslində öyünə biləcək heç bir şeyi yoxdur, ona görə də pis oyundan  yaxşı nəticə ilə çıxmağa çalışır.

 

Bu kontekstdə, özlüyündə yalnız Ermənistanın antaqonisti kimi birbaşa Azərbaycan üçün aktual olduğunu, amma əslində o qədər də diqqətəlayiq olmayan bu səfərin faktını deyil, onu müşayiət edən hadisələri qeyd etmək istərdim. Bilmirəm, niyə Azərbaycan mətbuatı bu barədə danışmır, amma Ararat Mirzoyanın Moskvaya gəlişi erməni icmalarının bütün liderlərinin və maliyyə tuzlarının Rusiya paytaxtında toplanmasına səbəb oldu. Əslində Lavrov-Mirzoyan görüşünün himayəsi altında Moskvada erməni diasporunun imkanlarına ümumrusiya baxışı keçirildi, bu, o deməkdir ki, Dövlət Dumasına seçkilərdən dərhal sonra yeni seçilmiş bütün deputatlara təbii olaraq, Ermənistanın maraqlarına və Azərbaycana qarşı ən ciddi emosional və maliyyə lobbiçilik təsirini göstərməyə başlayacaqlar.

 

Buna paralel olaraq, Rusiya mətbuatında erməni diasporunun pulu ilə ödənilən anti-Azərbaycan ritorikasının artmasını gözləmək olar. Buna qarşı Azərbaycanın nisbətən məhdud və primitiv olan informasiya resursları ilə deyil, yalnız hərbi qüvvələrlə cavab verə bilər - Ermənistan ərazisindəki eksklavları nəzarəti altına qaytarmaq kimi son dərəcə uğurlu yerli hərbi əməliyyatın müvəffəqiyyətini gözardı etmək mümkün olmayacq. Rəsmi Bakı yalnız bu yolla artıq İrəvana dəstək üçün indidən hazırlıq getdiyi yeni informasiya dalğasına qarşı çıxa bilər. Bu anti-Azərbaycan ritorikasının startı, gördüyüm kimi, oktyabrın ortalarında olacaq. Beləliklə, Ararat Mirzoyanın Moskvadakı bütün açıqlamaları bir növ "səs yoxlanışı"dır, sentyabrın sonuna doğru ifasına başlanılacaq yeni güclü anti-Azərbaycan ariyasının bir tərənnümüdür.

 

- Cənubi Qafqaz regionunda vəziyyət yenidən gərginləşir. Ermənistanla Azərbaycan arasında yeni hərbi qarşıdurmanın yaranma ehtimalını necə dəyərləndirirsiniz?

 

- Məndən Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının tərəflərinin adi atışmalardan birləşmiş silahlı döyüşlərə keçməsinin mümkünlüyünü soruşsanız, şəxsən mən bunu çox böyük ehtimal kimi qiymətləndirirəm. Üstəlik, təcrübədə göstərildiyi kimi, Cənubi Qafqazda payız qısa müddətli hərbi əməliyyatlar üçün ən əlverişli vaxtdır, çünki dağlara qar yağması onları təbii olaraq dayandıracaq. Bu, Azərbaycan Ordusunun may ayına qədər fiziki olaraq dəyişdirilə bilməyən Ermənistanla potensial dövlət sərhəd xətti qurmaq üçün hərbi əməliyyat aparması üçün ən uyğun vaxtdır və maya qədər bütün şifahi mübahisələr tükənəcək.

 

Azərbaycan, başa düşdüyüm qədərilə, bu gün nəinki dövlət sərhədinin xəttini qurmaq, hətta lazım gəldikdə İrəvanı tutmaq üçün kifayət qədər hərbi qüvvəyə və resursa malikdir. Son variantın prinsipial olaraq istisna edildiyi aydındır, amma fakt faktlığında qalır. Ermənistanla Azərbaycan arasında yeni bir hərbi əməliyyatın başlaması üçün bütün maddi və digər şərtlər obyektiv olaraq var, lakin onların praktikada həyata keçirilməsi rəsmi Bakının göstərdiyi siyasi iradə və ya məqsədəuyğunluqla dayandırıla bilər. Şəxsən mən vəziyyətin başqa bir silahlı toqquşmaya girməsinin qarşısını ala biləcək başqa heç bir obyektiv amil görmürəm.

 

- Sizcə, Ermənistan tərəfi nəyəsə ümid edərək vaxt uzadır?

 

- Ermənistanın indi vəziyyəti xeyrinə köklü şəkildə dəyişmək üçün tək bir şansı da yoxdur və vəziyyətin belə asılı qalması nə qədər davam edərsə, əhalisinin və dövlətçiliyinin perspektivləri bir o qədər pis olacaq. Bunu həm ölkə daxilində, həm də diasporda yaşayan ayıq düşüncəli ermənilərin əksəriyyəti yaxşı bilir. Uzunmüddətli perspektivdə Azərbaycan qarşısında aqibətlərini dərk edərək, yenə də bir dini-mistik zehniyyətə sahib olan insanlara xas olduğu kimi, möcüzəyə ümid edirlər.

 

Bununla birlikdə, yaxş olacağına qarşılıqsız inam, milliyyətindən və dinindən asılı olmayaraq, tamamilə bütün insanlara xasdır, buna görə də qədim yunanların dediyi kimi, “talenin üzünə güləcəyinə ümid həmişə olub və olacaq”. Bir materialist və marksist olaraq, fövqəltəbii və ya gözlənilməz bir güc prosesə müdaxilə etməsə, Ermənistana gələcək üçün şans verən heç bir obyektiv səbəb görmürəm. Məhz bu mücərrəd bir gücə ermənilər ümid edirlər, baxmayaraq ki, daha çox maddi cəhətdən təminatlı və ayıq düşüncəli insanlar mütəşəkkil şəkildə ölkədən çıxırlar və bu depopulyasiya prosesi artıq geriyə dönməz hala gəldi və mən bu prosesi geri çevirəcək hansısa obyektiv faktor görmürəm.

Müəllif: Nicat Hacıyev