FTX Ukrayna xüsusi xidmət orqanlarının dörd qadın agentinin həbs edildiyini açıqlayıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopol, Voronej və Rostov-na-Donu şəhərlərində Rusiyanın yüksək rütbəli hərbçilərinə və yanacaq-energetika obyektlərinə qarşı terror aktları hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının dörd qadın agentinin həbs edildiyini açıqlayıb.
AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş 4 qadın agentin fəaliyyətini dayandırıb. Onlar Ukraynada atıcı silahlarla, mina və partlayıcılarla işləmək, PUA-ların istismarı və müşahidənin aşkarlanması üsulları üzrə təlim keçiblər. Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda partlayıcı maddələr, partlayıcı maddələrin sintezi üçün kimyəvi prekursorlar, elektrik detonatorları, PUA-ların hazırlanması üçün təlimatlar, habelə Ukrayna kuratorları ilə əlaqə vasitələri ələ keçirilib", - məlumatda qeyd olunub.
FTX-nin istintaq bölmələri qadınlara qarşı “terror cinayətləri” maddəsi ilə cinayət işi açıb.
“Saxlanılan şəxslərdən etiraflar alınıb. Onları otuz ilədək həbs cəzası gözləyir”, - bildirilib.
Əlavə edilib ki, “saxlanılan şəxslərə qanunsuz fəaliyyət göstərməyə kömək edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.
Xüsusi xidmət saxlanılanların kimliyini və əməliyyatın digər təfərrüatlarını açıqlamayıb.