Rusiyada pandemiyadan ən çox zərər görən miqrantlardır

Dünya

08.07.2020 - 14:13

Ölkədə olan miqrantların 75 faizi qazancsız qalıb

 

Koronavirus pandemiyasına görə Rusiyadakı iqtisadi böhrandan əsas zərər çəkən miqrantlardır. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası araşdırma aparıb.

 

Araşdırmadan məlum olub ki, miqrantların 51 faizi bütün gəlir mənbələrini itiriblər. Ödənişsiz məzuniyyət götürənlər nəzərə alınsa, miqrantların 75 faizi qazancsız qalıb.

 

Akademiyanın sorğusundan məlum olub ki, pandemiyanın əvvəlində miqrantlar kiçik əmanətlər hesabına yaşamağa çalışıblar. Pulları tükənəndə isə öz ölkələrindən kömək istəməyə başlayıblar.

 

Araşdırmada o da qeyd olunur ki, etnik cinayətlərin kəskin artması qorxuları olsa da, bu özünü doğrultmayıb. Əksinə, Rusiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, pandemiya zamanı əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı 9,6 faiz, o cümlədən qətllər 14,3 faiz, quldurluq 7,8 faiz azalıb.

 

Miqrantların virusu daha çox yayması ehtimalı da sorğunun nəticəsinə görə əsassız sayılıb. Əsasən Qırğızıstan və Özbəkistandan olan miqrantların qatıldığı sorğudan ortaya çıxan nəticə göstərir ki, onlar ruslardan fərqli olaraq evdən çıxma qadağalarına daha yaxşı əməl ediblər.

Müəllif: Ayna.az