“Ermənistan məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq”
“Ermənistanın Avropa İttifaqına inteqrasiyası erməni xalqının tam yoxsullaşması ilə nəticələnə bilər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ermənistan məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq. Hesab edirəm ki, bu, əsas məsələdir, çünki bu, sadəcə olaraq, bu gün qazanc və gəlirə deyil, inkişafa zərbə olacaq. Əgər biz istehsalın miqyasından, Ermənistan əhalisindən danışsaq, bu, sadəcə olaraq, tam yoxsullaşmaya gətirib çıxara bilər”, - diplomat bildirib.
Zaxarova həmçinin Ermənistan mallarının ixracının 80% azalacağını proqnozlaşdırıb.
Eyni zamanda, onun fikrincə, İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etmək mümkün deyil: “Ermənistanda bəzi ekspertlər iddia edirlər ki, Qərb, xüsusən də Avropa İttifaqı, guya hər şeyi ödəməyə hazırdır. Bu, mümkün deyil”.
Qeyd edək ki, 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Müvafiq sənədlər parlamentdə müzakirə olunur. Ölkənin Baş naziri Nikol Paşinyan qeyd edib ki, “bu, İrəvanın Aİ-yə avtomatik üzvlüyü demək deyil, çünki bu məsələ referendum tələb edir”.