“Rusiya öz mənafeyinə zərbə vurdu” – <font color=red> SABİQ DEPUTAT</font>

Siyasət

20.08.2020 - 10:30

Araz Əlizadə: “Paşinyan qədər səviyyəsiz deyillər ki, Ermənistanın niyyətini anlamasınlar”

 

“Koronavirusa yoluxmuşam, hazırda xəstəxanada müalicə alıram. Xəstələnməmişdən əvvəl rəhbərlik etdiyim partiyanın işləri ilə məşğul olurdum”.

 

Bu sözləri AYNA-nın əməkdaşı ilə söhbətində Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, keçmiş deputat Araz Əlizadə deyib. Millət vəkili ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini də bölüşüb:

 

- Araz müəllim, partiyada vəziyyət necədir?

 

- Normal. Əvvəl necə fəaliyyət göstərirdiksə, elə də işləyirik.

 

- Hazırda deputat deyilsiniz. Dolanmanız necədir, maliyyə çətinliyiniz varmı?

 

- Dolanmam da normaldır. Əvvəl necə yaşayırdımsa, indi də o cür yaşayıram. Pensiya alıram, təminatımı görür. Narazılığım yoxdur. 

Sabiq deputat koronavirusa yoluxub: Araz Əlizadə bir aydır müalicə alır

- Azərbaycandakı hazırkı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

 

- Ölkəmizdə də vəziyyət normaldır. Koronavirus pandemiyası bir az iqtisadi çətinliklər yaratdı. Amma dövlətimiz bunun öhdəsindən gələcək. Mən buna inanıram. Azərbaycanın pandemiya çətinliyindən çıxmağa gücü var.

 

- Ötən ay Ermənistan sərhədin Tovuz istiqamətində təxribat törətdi və döyüşlər getdi. Bir partiya sədri olaraq prosesi izlədinizmi, məsələyə baxışınız necədir?

 

- Təbii ki, döyüşlərlə bağlı məlumatları izlədim. Ermənistan ilk dəfə deyil təxribat törədir. Bu dəfə bir az irəli getdilər, cavablarını da aldılar. Hesab edirəm ki, Ermənistan məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək istəyirdi. Lakin bu məqsədlərinə də çata bilmədilər. Ona görə ki, KTMT-də oturanlar axmaq deyillər, necə siyasət aparılmalı olduğunu anlayırlar. Paşinyan qədər səviyyəsiz deyillər ki, rəsmi İrəvanın niyyətini anlamasınlar. KTMT üzvləri bildilər ki, Azərbaycan Dağlıq Qarabağ cəbhəsini qoyub, dövlət sərhədində yeni konflikt yaratmaqda maraqlı deyil. Düşünürəm ki, Azərbaycan Ordusu Tovuz döyüşlərindən də üzü ağ çıxdı. Ermənistanın təxribatına layiqli cavab verildi.

 

- Müharibə ehtimalını necə dəyərləndirirsiz?

 

- İstərdim ki, nəhayət, müharibə başlasın və biz Qarabağı Ermənistanın işğalından azad edək. Əvvəl də bu mövqedə idim, indi də bunu deyirəm.

 

- Müharibə başlayarsa, Rusiya hansı mövqeyi tutacaq?

 

- Hansı mövqeyi tutmalıdır ki?! Yəqin ki, rəsmi Moskva Azərbaycana əməliyyatları dayandırmaq haqqında müraciət edəcək. Necə ki, 2016-cı ilin Aprel döyüşlərində müraciət etdi ki, müharibəni dayandırın. Bunu da Azərbaycan istəyər nəzərə alar, istəyər almaz. Yəni, bu, bizim öz məsələmizdir. Rusiyanın heç bir cəhətdən müharibə məsələsinə qarışmaq hüququ yoxdur. Bəzi analitiklər bildirirlər ki, “bəs, Gürcüstanda filan cür oldu”. Axı, Gürcüstanda siyasi mənzərə tamam ayrı idi. Məsələ burasındadır ki, Gürcüstan dövlətinin dəvəti ilə orada Rusiyanın sülhməramlı qüvvələri yerləşmişdi. Beynəlxalq hüquqa görə, sülhməramlılar olan yerdə müharibəni başlamaq həmin dövlətə qarşı təcavüzdür. Gürcüstan bunu etdi və cəzasını da aldı. Azərbaycanda Allaha şükrlər olsun ki, heç bir sülhməramlı qüvvələr yoxdur. Ona görə də, Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlamasına Rusiya hansısa müdaxilə edə bilməz. Beynəlxalq hüquq da bizdən yanadır.

 

- Amma Tovuz döyüşləri ərəfəsində Rusiyanın Ermənistana külli miqdarda silah-sursat göndərməsi məsələsi ortaya çıxdı. Bu məsələyə müdaxilə deyilmi?

 

- Moskvanın bu hərəkətinə münasibətim mənfidir. Rusiya ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olaraq, öz mənafeyinə zərbə vurub. Azərbaycan Prezidenti də haqlı olaraq rusiyalı həmkarına iradını bildirdi. İlham Əliyev Putinə məsələni başa saldı.

Müəllif: Anar Bayramoğlu