Rusiya Ermənistanla hərbi təlimlər keçirəcək

Siyasət

03.09.2020 - 16:33

Təlimlərin Tovuz döyüşlərinin ssenarisi əsasında keçiriləcəyi ilə bağlı fikirlər var

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) payızda Ermənistanda komanda-qərargah təlimləri keçirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, “Qarşılıqlı anlaşma-2020” adlanan təlimlər zamanı sərhəd münaqişlərinin lokallaşdırılması əsas istiqamət olacaq.

 

“Təlimlər Qafqaz regionunda sərhəd döyüşlərinin lokallaşdırılması üçün birgə əməliyyat hazırlığını nəzərdə tutur”- deyə KTMT-nın mətbuat xidməti açıqlama verib.

 

Təlimə rəhbərliyi Ermənistan Baş Qərargah rəisinin müavini həyata keçirəcək. KTMT Ermənistanda “Axtarış-2020” təlimləri də keçirməyi düşünür. "Baqramyan poliqo"nunda baş tutacaq təlimlər zamanı kəşfiyyat fəaliyyəti sınaqdan çıxarılacaq. Təlimlərin məhz Tovuz döyüşlərinin ssenarisi əsasında keçiriləcəyi ilə bağlı fikirlər var.

 

Xatırladaq ki, iyulun 12-16-da Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan ordusu arasında hərbi toqquşmalar qeydə alınmışdı.

Müəllif: Ayna.az