“Risklidir və imperiya siyasəti davam edəcək” – <font color=red> Maqda Putinin məqaləsi haqda</font>

Siyasət

14.07.2021 - 21:21

Ukraynalı analitik: “Keçmiş SSRİ respublikalarından heç birinin belə bir “araşdırma” obyekti olmasını istəməzdim”

 

Rusiya Prezidenti Vladimir Putinin Kremlin saytında “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” adlı məqaləsi yayımlandı və qızğın müzakirələrə səbəb oldu. Məqalədəki məqamlarla bağlı AYNA-nın suallarını ukraynalı politoloq Yevgen Maqda cavablandırıb.

Евген Магда: «Россия возьмет на вооружение тактику курочки»

- Necə düşünürsünüz, bu yazı hansı zərurətdən meydana çıxdı?

 

- Putin “ruslar və ukraynalılar eyni xalqdır” tezisini dəfələrlə təkrarlayıb. Düzdür, 2010-cu ildə o, Ukraynaya qarşı ərazi iddialarının olmadığını və Rusiyanın Ukrayna sərhədlərinə hörmət etdiyini iddia edirdi. Məqaləsinin məqsədlərindən danışırıqsa, bunlardan bir neçəsi var - müasir Ukraynanın Sovet siyasətinin məhsulu olduğunu bildirmək, əraziyə bir iddia irəli sürmək (Rusiyanı soyublar) və “Donbass Ukraynaya lazım deyil”. Amma “tortun” əsas bəzəyi Ukraynanın xarici idarəçiliyi haqqında tezisdir. Aydındır ki, qeyri-mütəxəssislər üçün belə böyük və zəif oxunan bir material Rusiya mətbuatı və siyasətçiləri üçün bir növ “yol xəritəsidir”. Əslində, Putin öz adı altında Sovet tarix dərsliyi ilə son illərin Kreml narrativlərinin olduqca qəribə bir qarışığını - Rusiya dövlət aparatı üçün bir proqram mesajını nəşr etdirdi.

 

- Vladimir Putinin məqaləsinin əsas tezislərinə əsaslanaraq, Rusiyanın keçmiş SSRİ respublikaları ilə əlaqəli xarici siyasətini necə görürsünüz?

 

- Açığını deyim ki, keçmiş SSRİ-nin heç bir respublikasının belə bir “tədqiqatın” obyekti olmasını istəməzdim. Risklidir. Eyni zamanda, Rusiyanın postsovet məkanındakı siyasətinin əhəmiyyətli dərəcədə dəyişəcəyinə şübhə edirəm - əvvəlki kimi, mahiyyət etibarilə imperiya siyasəti davam edəcək.

 

- Tarixi baxımdan bu məqalədə gətirilən arqumentlər nə dərəcədə ədalətli idi?

 

- Putin açıq mənbələrlə işlədiyini vurğulayır. Fəqət onun düşüncəsi bütövlükdə öz maraqları naminə müxtəlif faktları təhrif etmək cəhdidir. Nə qədər uğurludur? Ukraynada Putinin məqaləsinə şübhə ilə baxıldı, Rusiyada inzibati məmnuniyyətlə qarşılandı. Putin yalnız bir sıra məlum tarixi faktlar dəstini təqdim etmir, eyni zamanda onları klişelerlə - “polyaklar tərəfindən korlanmış” ukraynalılar haqqında, Avstriya-Macarıstanın məkrləri haqqında və bolşeviklərin milli siyasəti ilə qarışdırmağa çalışır. Aydındır ki, Rusiya onun anlayışında demək olar ki, Ukraynanın xilaskarıdır. Maraqlıdır ki, məsələn, məlum bir həqiqətdən bəhs etmir: 1918-ci ildə Ukrayna ilə danışıqlarda Sovet Rusiyasını təmsil edən bolşevik Xristian Rakovski bir neçə il sonra Sovet Ukraynası hökumətinə rəhbərlik etdi. Maraqlı kulbitdir, elə deyilmi?

 

- Ukrayna Prezidenti Vladimir Zelenskinin Putinin məqaləsinə reaksiyasını necə şərh edərdiniz?

 

- Vladimir Zelenskinin KVN dövrünü xatırlayaraq, Putinin həmləsinə ironik bir şəkildə reaksiya göstərməsi pis deyil, amma mən fərqli bir reaksiyaya üstünlük verərdim. Burada ya dərhal Qərb mediasında bir köşə yazısı ilə sərt cavab vermək, ya da yazını hər bir televizordan eşidiləcək adi bir məmur dialoqu səviyyəsinə endirmək lazımdır. Kremlin güclü təbliğat maşını ilə mübarizə aparmağın yeganə yolu budur.

 

- Kreml Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə dialoqa hazır olduğunu, lakin iki ölkə liderlərinin görüşünə hazırlıqların getmədiyini açıqladı. Putinlə Zelenski arasındakı görüş baş tutacaq, ya yox və bu görüş üçün bir səbəbi varmı?

 

- Putin Krım və Donbass məsələlərini Zelenski ilə müzakirə etmək niyyətində olmadığını çoxdan açıq şəkildə bildirib. Bu gün Ukraynada onu əksini düşüncəyə məcbur edəcək mexanizmlər yoxdur. Düşünsək ki, bir gün Putin və Zelenski bir görüş barədə razılığa gəlirlər, Kremlin təbliğat maşını dərhal alternativ bir reallıq formalaşdırmağa başlayacaq. Buna görə də Rusiya və Ukrayna prezidentlərinin görüşü, yumşaq desək, mənasızdır.

Müəllif: Əkbər Həsənov