Rəsmi Kiyev Moskvaya tələb göndərdi, amma…

Dünya

12.04.2021 - 14:57

XİN: “Rusiya tərəfi əsaslı məlumat verməkdən imtina etdi və bu cür fəaliyyətlər aparmadığını bildirdi”

 

Rəsmi Kiyev Moskvaya iki ölkənin sərhədindəki vəziyyəti izah etmək tələbi göndərib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.

 

“Rusiya tərəfinə son günlər ərzində Ukrayna ilə sərhəd boyunca və Ukraynanın işğal olunmuş ərazilərində hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artması ilə bağlı aydınlıq gətirilməsi üçün rəsmi tələb göndərildi. Rusiya tərəfi əsaslı məlumat verməkdən imtina etdi və tələbə uyğun olaraq bu cür fəaliyyətlər aparmadığını bildirdi”, - deyə XİN-in məlumatında vurğulanıb.

 

Rəsmi Kiyev həmçinin Moskvanın Ukrayna tərəfinin gərginliyi azaltmaq üçün məsləhətləşmələrə başlamaq cəhdlərinə məhəl qoymadığını açıqlayıb.

 

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donbassda Minsk razılaşmalarının yerinə yetirilmədiyini, Ukrayna Silahlı Qüvvələrinin təxribatçı hərəkətlərinin gücləndiyini bildirib. Kiyev isə öz növbəsində Donbassda hücuma hazırlıq aparılmadığını açıqlayıb.

 

Bununla yanaşı, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvanın Ukraynanın cənub-şərqindəki münaqişəyə müdaxilə etməyi planlaşdırmadığını, vəziyyəti yaxından izlədiyini qeyd edib.

Müəllif: Ayna.az