Yeni piyada səkiləri də inşa edilib
“Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Sabunçu rayonunun 200 kilometrdən artıq qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub”. Bu sözlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya daxil olan məlumatda əksini tapıb.
Bildirilib ki, Sabunçu rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq Ramana qəsəbəsinin mərkəzi küçəsində əsaslı yenidənqurma işləri icra olunub.
Uzunluğu 700 metr, eni isə 9 metr təşkil edən sözügedən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.
Torpaq örtüklü olan küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək, yeni yol yatağı salınıb, optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.
Bundan başqa, vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilib, küçəboyu 22 kəsişmə ilə bərabər səkilərin kənarlarına 2 min poqonmetrdən çox səki daşı düzülüb.
Təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri yerlərdə yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
İri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin icrası yekunlaşdırılıb.
Cari ildə rayon ərazisində 3 qəsəbədə ümumi uzunluğu 9 kilometr olan 5 küçənin təmiri nəzərdə tutulur.