Abılqazıyevin tutulma səbəbi ictimaiyyətə açıqlanmayıb
Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi ölkənin sabiq Baş naziri Məhəmmədkalı Abılqazıyevi saxlayıb. AYNA xəbər verir ki, bu barədə məlumatı "Sputnik Qırğızıstan" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.
Xəbərdə qeyd edilir ki, keçmiş hökumət başçısı yanvarın 26-da dindirilməyə çağırılıb və bundan sonra tutulub. Hadisənin səbəbi göstərilmir. Siyasətçiyə qarşı cinayət işi açılması barədə məlumat verilməyib.
Bundan əvvəl maliyyə polisi Abılqaziyevin radio frekanslarının ucuz qiymətə satılması ilə bağlı qalmaqal səbəbi ilə ölkədən çıxmasını qadağan etmişdi.
Qeyd edək ki, 2020-ci ilin mayında Qırğızıstan Parlamentinin deputatı Janar Akayev Nazirlər Kabinetinin qanunsuz olaraq iki radio frekansını aşağı qiymətə satdığını söyləyib. Onun fikrincə, saziş Baş nazirin xəbəri olmadan imzalana bilməz. Deputat bununla ölkəsinə milyardlarla ziyan dəydiyini iddia etmişdi. Həmin vaxt Abılqaziyev istintaqdan yayınmaq üçün qısa məzuniyyətə çıxıb, 15 iyun 2020-ci il tarixində isə Baş nazir postundan istefa vermişdi.
Daha sonra Qırğızıstan Baş Prokurorluğu frekansların satılması ilə bağlı istintaq başlatdı. İddiaya görə, sabiq Baş nazir istintaq çərçivəsində saxlanılıb.