Qələbəni Azərbaycana bağışlaya bilmirlər - <font color=red> Zəncirli itlərin zingiltisi eşidilir</font>

Aktual

14.04.2021 - 19:49

Onlarda qalib ölkənin başçısının müharibə qənimətləri parkının açılışına idman formasında gəlməsi normal qəbul oluna bilər, amma Azərbaycanda fərqli ənənələr, fərqli davranış mədəniyyəti var

 

Əslində, baş verənlər gözlənilən idi. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi. Bu park tezliklə hər kəs üçün açıq olacaq. Ölkəmizin vətəndaşları və xaricdən gələn qonaqlar 44 günlük Vətən müharibəsi zamanı erməni tərəfinin istifadə etdiyi bütün silahları öz gözləri ilə görə biləcəklər.

 

Xüsusilə vurğulamaq istəyirəm ki, bu müharibə Azərbaycan ərazilərinin 20%-ni işğal edən, lakin dörddə bir əsrdən çox müddət ərzində nüfuzlu beynəlxalq təşkilatların çox sayda qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı aparılan qurtuluş müharibəsi idi. Dövlət başçısı da bütün bunları müharibə qənimətləri parkına səfəri zamanı xatırlatdı.

 

“BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi, bununla yanaşı digər ciddi sənədlər də vardı: BMT Baş Məclisinin qətnaməsi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamentinin qərarları. Hər zaman bizə qarşı düşmən mövqe tutan Avropa Şurası Parlament Assambleyası belə, ərazi bütövlüyümüzü dəstəklədiyini nümayiş etdirməyə məcbur oldu. Bütün bunlar siyasi və hüquqi bir zəmin yaratmışdı. Bütün bu sənədlər müharibə dövründə olmasaydı, Minsk Qrupunun həmsədr ölkələri tərəfindən BMT-də bizə qarşı yönəlmiş təşəbbüsü nəticə verə bilərdi. Bunu hamı bilməlidir, çoxları bilmir. Müharibə zamanı bizə qarşı sanksiyalar tətbiq etmək istədilər. Biz öz torpaqlarımızda mübarizə aparırıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyaların tətbiqi ədalətsizlik, vicdansızlıqdır. Kim təşkil edib? Minsk Qrupunun həmsədri olan ölkələr”, - deyə ölkə rəhbəri vurğuladı.

Və bu baxımdan ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqlandın “The International Conflict Resolution” mərkəzinin saytında dərc olunmuş məqaləsində yazdıqlarını xatırlamaq yerinə düşər: “Beşulduzlu otellərdə qaldıq, burada prestijli apartamentlər olan mərtəbələrdə yaşadıq ki, bu da bizə xüsusi yeməkxanaya və əlavə xərc tələb etmədən tam bara giriş imkanı verdi, ən yaxşı restoranlarda yedik. Ancaq səmimi olaraq, çox-çox az şey əldə edildi”.

 

Hoqland həm də onu əlavə edir ki, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Şərqi Ukrayna kimi konfliktlərin həlli üçün ən əlverişli dövlət elə Rusiyadır: “Lakin Moskva hər münaqişəyə xas olan müxtəlif səbəblərdən bunu etməməyi üstün tutur. Ümumi səbəb münaqişələrin həllinin hər bir ölkənin özünü kifayət qədər sərbəst hiss etməsinə, digər tərəfdaşlar və alternativ ittifaqlar axtarmasına imkan verməsidir. Məsələn, Gürcüstan məsələsində bu, NATO və Avropa Birliyi olacaq. Ancaq Moskva “xüsusi təsir dairəsini” qorumaq üçün bunların qarşısını almaqda qərarlıdır”.

 

Və bu, həqiqətdir. Həqiqət olan həm də odur ki, ABŞ və Fransa - ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsi münaqişənin qorunub saxlanılmasında, Ermənistana faydalı status-kvonun qorunmasında maraqlı olub. Başqa sözlə, o ölkələrin hər biri özləri bildikləri kimi Azərbaycan torpaqlarının işğalına dəstək verib. Üstəlik, onlar da Azərbaycan torpaqlarının azad edilməsi üçün Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəkdi. Əslində, ABŞ, Rusiya, Fransa bu addımlarla BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edən sənədlərin hamısının üstündən xətt çəkəcəkdi.

Bütün bunlar məhz Azərbaycanın 44 günlük müharibədəki parlaq hərbi qələbəsi və diplomatik cəbhədəki mükəmməl işi sayəsində baş vermədi. Əslində, Azərbaycan təkcə Ermənistan üzərində deyil, işğalçı dövlətin hamisi olan ölkələr üzərində də parlaq bir siyasi zəfər qazandı. Təbii ki, Moskva, Vaşinqton və Paris bu məğlubiyyəti heç vaxt qəbul etməyəcək.

 

Orada Azərbaycanın Türk dünyasında oynadığı tarixi və birləşdirici rolu ehtiyatla izləyirlər. Azərbaycan gücləndikcə ABŞ, Rusiya və Fransa bu amili istəməsələr belə, nəzərə almağa məcbur olur. Bəlkə də bu cür şəraitdə onlar üçün qalan tək şey ölkəmizə qarşı informasiya müharibəsində “zəncirli itlərindən” istifadə etməkdir. Və deyəsən, başlayıblar. Son günlər Bakıda Hərbi Qənimətlər Parkının açılmasına onların mətbuatlarında mənfi reaksiyasını görürük.

 

İttihamlar o qədər gülüncdür ki, heç onları yazan nəşrin adını belə, çəkməyə layiq deyillər. “Müharibənin bitməsindən beş ay sonra Əliyev hələ də hərbi forma geyinir, Azərbaycan rəsmiləri isə sülhə nail olmaq üçün çox çalışdıqlarını israr edirlər”, - deyərək qəzəblənirlər.

 

Ümid edirəm ki, kimsə bu sətirlərin müəllifi olan cənaba “malı-mala qatmamaq” misalının tərcüməsini başa sala biləcək. Bəlkə də onun ölkəsində müharibədə qalib gələn dövlət başçısının bu qələbənin detallarının nümayiş etdirildiyi parkın açılışına idman formasında gəlməsi normal qəbul olunur, amma Azərbaycanda fərqli ənənələr, fərqli bir davranış mədəniyyəti var.

Ölkəmizdə Prezident eyni zamanda, adı 44 günlük müharibədəki tarixi qələbə ilə əlaqələndirilən, nəticədə dörddə bir əsr müddətində erməni işğalı altında olan torpaqlarımız azad edən Ali Baş Komandandır. Və İlham Əliyevin müharibə qənimətləri parkına hərbi geyimdə gəlməsi məntiqlidir. Digər vaxtlarda, fərqli ölkələrin rəsmi nümayəndə heyətləri ilə görüşlər zamanı işgüzar  geyimdə olur.

 

Ancaq bu yazılanların heç birinin əhəmiyyəti yoxdur. Həqiqətən vacib olan məsələ, Azərbaycanın əsas hədəfinə çatması - Şuşa, Laçın, Füzuli, Kəlbəcər, Ağdam və bir çox başqa şəhər və rayonları, qəsəbə və kəndləri azad etməsidir.

 

O ki qaldı ölkəmizə qarşı çirkin bir informasiya müharibəsinin aparılmasına, biz buna da hazırıq. Ən azı ona görə ki, dəfələrlə Ermənistana həqiqi dəstək göstərənlərin təkcə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olmadığının şahidi olmuşuq. Ancaq bütün bu səylərin cəmi belə, ordumuzun Azərbaycan torpaqlarının azad etməsinin qarşısını almasına imkan vermədi. Beləliklə, indi biz, məcazi mənada karvanın hərəkətini dayandırmaq iqtidarında olmayan, amma itlərin hürməsini eşidirik.

Müəllif: Əkbər Həsənov