Mərkəz rəhbəri: “Sevinsək ki, Qarabağdan ermənilərin köçü başlayıb, iki ilə orada heç kim qalmayacaq, bu, yanlış yanaşma olardı”
“Laçın” sərhəd-buraxılış məntəqəsində hərəkətlilik son 10 gündə artıb. Yayılan videolardan görünür ki, Qarabağdakı ermənilər məntəqədən keçərək Ermənistan istiqamətinə hərəkət edirlər. Ermənistanın sosial şəbəkələrində istifadəçilər bunu “ermənilərin Qarabağdan köç dalğası başladı” kimi xarakterizə edirlər. Amma bəzi sosial media istifadəçiləri “100 nəfər Ermənistana gedirsə, 110 nəfər də Xankəndiyə qayıdır” kimi şərh edir.
“Caliber.Az” yaydığı yeni videokadrlar sübut edir ki, “Laçın” sərhəd-keçid məntəqəsi sabit iş rejimində fəaliyyətini davam etdirir. Bildirilir ki, 2023-cü il aprelin 23-də yaradılmış sərhəd-keçid məntəqəsi sutkada 24 saat, həftədə 7 gün fasiləsiz fəaliyyət göstərir ki, bu da buraxılış məntəqəsinin rejimini xeyli sadələşdirir. Sərhədi keçən Qarabağ bölgəsinin etnik ermənilərindən olan qadınlar, uşaqlar, kişilər qeydiyyat pəncərəsi qarşısında növbəyə düzülürlər. Yoxlama proseduru qarşılıqlı nəzakət mühitində keçir. Qeyd olunur ki, sərhəd yoxlanışı zamanı heç bir mənfi hala rast gəlinmir.
Erməni mediasında yayılan başqa bir məlumatda isə qeyd edilir ki, Qarabağ separatçılarının rəhbəri Araik Arutunyan bu günlərdə yaxın çevrəsi ilə qapalı görüş keçirib və Azərbaycanın şərtləri ilə razılaşmaqdan başqa yolunun qalmadığını deyib.
Baş verən son proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əvvəlcə ermənilərin Qarabağı tərk etməsindən danışıb. Analitik bu bu hərəkətliliyi “ermənilərin Qarabağdan köçü” adlandırmağın əleyhinədir:
- Demək olmaz ki, Qarabağdan ermənilərin köçü başlayıb. Biz özümüzü arxayınlaşdırmalı deyilik. Ermənistana gedənlərin Qarabağa qayıdışı da mümkündür. Köç edən adam evini satmalıdır, böyük yüklərlə sərhədi keçməlidirlər. Mən köçün işarətlərini görmədim. Görünən odur ki, sıraya dayanırlar, pasportlarını təqdim edirlər, gedirlər. Amma yenə deyirəm, onların qayıtmaq ehtimalı da çoxdur. Hesab edirəm ki, bizim qarşımızda daha qlobal problemlər var. Bunun birincisi separatçı silahlı erməni dəstələrini tərksilah etməkdir. Eyni zamanda, Rusiya sülhməramlı kontingentini bölgədən çıxarmağımız lazımdır. Bizim üçün əsas məsələ bunlardır. Yoxsa sevinsək ki, Qarabağdan ermənilərin köçü başlayıb, iki ilə orada heç kim qalmayacaq, bu, yanlış yanaşma olardı. Mübarizə aparmalıyıq, başqa yolumuz yoxdur. Kimsə düşünməsin ki, qalan problemləri asanlıqla həll edəcəyik. Rahatlanmaq olmaz, məsələlərin həlli ilə ciddi məşğul olmalıyıq.
Laçında keçid məntəqəsinin yaradılması çox böyük uğurdur. Ermənilərin sıraya düzülməsi, pasportlarını Azərbaycan sərhədçilərinə təqdim edib keçmələri də böyük uğurdur. Amma bunun davamı gəlməlidir. Biz köçlə bağlı çox da nikbin olmamalıyıq. Məsələn, baxmalıyıq ki, o pasportlarda nə yazılıb? Ermənistan vətəndaşlarıdırsa, o zaman Qarabağda niyə yaşayırlar?! Yoxsa separatçı rejimin “pasportlarıdır”?! Əgər belədirsə, o zaman xəbərdarlıq edilməlidir ki, bundan sonra qondarma qurumun “pasportu” ilə keçə bilməzlər. Yəni ki, bu məsələlər var, həllini tapmalıdır.
- Erməni mediası iddia edir ki, Qarabağ separatçılarının rəhbəri Araik Arutunyan ətrafına “Bakı ilə razılaşıram” deyib. Sizcə, separatçılar reallıqla barışıb?
- Erməni mediası bəzən dezinformasiyalar yayılır. Ola bilsin ki, bu məlumatı yayanlar da Arutunyana qarşı olan qüvvələrdir. Hesab edirəm ki, bu da Azərbaycanı rahatlatmaq üçün ortaya atılan xəbərlərdir. Buna çox da inanmamalıyıq. Söhbət ermənilərdən gedir və biz bunları 200 ildə xeyli tanıdıq. Separatçılara inanmaq olmaz, onlar sona qədər müqavimətlərini davam etdirəcəklər. Təbii ki, bəlkə də içlərində məntiqi düşünənlər var. Amma Araik məntiqi düşünən deyil. Ona qarşı Azərbaycanda cinayət işi açılıb. Bu mənada, onun fikrini 180 dərəcə dəyişməsi, “Azərbaycanla razılaşmaqdan başqa çarəm yoxdur” deməsi inandırıcı deyil.
Əlbəttə, biz Xankəndidə baş verənləri izləməliyik, çünki orada müxtəlif qruplar yaranıb. Araik və ətrafı, Vardanyan və ətrafı, Babayan və ətrafı kimi, müxtəlif quruplar var. Bunlar nə qədər ki, torpaqları işğalda saxlayırdılar, birlikdə idilər. Ermənistan müharibədə məğlub olduqdan sonra Xankəndidə separatçıların didişməsi başlayıb. Elə İrəvanda da ixtilaflar çoxalıb. Amma separatçıların Bakının şərtlərini qəbul edəcəyinə inanmıram.
- Çıxış yolunu nədə görürsünüz?
- Yenə deyirəm, problemlərin həlli istiqamətində Bakı addımlar atmalıdır. Azərbaycan təzyiqləri artırmayınca, antiterror əməliyyatları keçirməyincə, Rusiya ilə danışıqlar aparmayınca ki, hərbi kontingent 2 il müddətində ərazimizi tərk etməlidir, separatçılar yola gələn deyillər. Yeri gəlmişkən, sülhməramlılarla bağlı da təhlükəli təbliğat aparılır.
- Söhbət hansı təhlükədən gedir?
- Kremlə yaxın ekspertlər bildirirlər ki, sülhməramlı missiya Qarabağı tərk etməməlidir. Bildirirlər ki, “Qarabağın statusu” həllini tapmayınca, rus kontingentinin ərazini tərk etməsi düzgün deyil. Baxın, necə təhlükəli yanaşmadır. Halbuki 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Birgə Bəyanatda göstərilib ki, sülhməramlıların qalma müddətinin bitməsinə 6 ay qalmış tərəflərdən biri müddəti uzatmasa, sülhməramlılar avtomatik bölgəni tərk etməlidirlər. İndidən onların qalması üçün bəhanələr formalaşdırılır. Düzdür, Rusiya Ukrayna bataqlığındadır, amma Cənubi Qafqazı, xüsusilə Qarabağı “unutmurlar”, bhizə problemlər yaratmağa çalışırlar. Separatçılara dəstək göstərirlər ki, maraqlarını təmin edə bilsinlər. Biz bu məsələlərin həlli istiqamətində addımlar atmalıyıq.