Mövlud Çavuşoğlu: “Prezident İlham Əliyevin erməni vətəndaşlarıla birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir”
“İşğal edilmiş Azərbaycan torpaqlarının hamısı Azərbaycana veriləcək. Bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var. İmza varsa, bu məsələdə məsuliyyət də var”. AYNA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.
Çavuşoğlu qeyd edib ki, Ermənistan yenidən atəşkəsi pozarsa, razılaşmanın şərtlərindən kənara çıxarsa, bunun məsuliyyətini daşımalı olacaq: “Bu günə qədər bir neçə dəfə atəşkəsi pozdular. “Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq” desələr, o zaman hesabını verərlər. Bu günə qədər Tovuz da daxil olmaqla, mülki şəxslərə hücum etdilər. Burada görünür ki, Azərbaycan qan tökməyə həvəsli deyil. Baxmayaraq ki, Azərbaycanın milli himnində “həm qadirik, həm hazırıq” deyir, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbr edib”.
“30 il başqa dövlətin torpağını mənimsəməyə çalışan Ermənistanın həqiqəti qəbul etməsi psixoloji cəhətdən çətin olacaq. Amma bu, birmənalı olaraq qəbul edilməlidir. Bura Azərbaycan torpağıdır. 30 ildir bu torpaqlara girib, yaşayıb, öz torpaqlarınız bilirsiniz. Başqa variant yoxdur. Ya könüllü olaraq razılaşmaya uyğun olaraq ermənilər Azərbaycan torpaqlarından çıxacaq, ya da qəhrəman Azərbaycan Ordusu öz torpaqlarını bu günə qədər aldığı şəkildə geri alacaq. Ermənistanın başqa şansı yoxdur”, - deyə Çavuşoğlu vurğulayıb.
Türkiyənin XİN başçısı imzalanan bəyannamənin əsas məqsədini də açıqlayıb: “İmzalanan razılaşmanın tək məqsədi Azərbaycanın işğal edilmiş bütün torpaqlarının geri qaytarılmasıdır. Bu münaqişə yalnız bundan sonra öz həllini tam tapmış olacaq. İşğal olunmuş torpaqlardan çəkilmə ilə bağlı təqvim müəyyənləşib. Bu günə qədər qəhrəman Azərbaycan Ordusu döyüş meydanında lazımi addımları atdı. Bu gün isə diplomatik yolla geridə qalan digər torpaqlarını azad etmək niyyətindədir. İşğaldan azad edilən torpaqlar barədə qardaş Azərbaycan rəhbərliyi ictimaiyyətə məlumat verib. Digər kiçik detallarla bağlı mənim bir söz deməyim doğru olmaz, bu barədə Azərbaycan rəsmiləri daha detallı məlumat verəcək. Ancaq onu deyə bilərəm ki, razılaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad edilməsidir. Bunu tam əminliklə deyə bilərəm. İndiyə qədər Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır”.
İşğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı məsələyə gəlincə, Çavuşoğlu deyib ki, bu barədə onun danışmağı düz deyil: “Amma ən qısa zamanda bunu Azərbaycanın edəcəyindən heç bir şübhəmiz yoxdur. Azərbaycanın xalqa xidmət məsələsində gücü var. Prezident İlham Əliyevin erməni vətəndaşlarıla birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir. Mən işğaldan sonra oraya qanunsuz gətirilən vətəndaşlardan danışmıram. Burada illərdir yaşayan erməni vətəndaşlar var, eyni zamanda, Türkiyədə də ermənilər yaşayırlar”.
“Qarşıdurmanın çoxu bizim bölgəmizdədir. Həlli dondurulmuş münaqişələrin çoxu da bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, bu məsələ də həll olunacaq. Digər tərəfdən - Gürcüstanda, Ukraynada, Krımda, Moldovda, Suriyada, İraqda, Liviyada belə gərgin münaqişələr var. Diqqət etdinizsə, Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir. Biz Liviyada da münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Ancaq bizim dediyimiz bəzən qarşılığını tapmır. Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Biz problemlərin həllində lazımi addımlar atmağa davam edəcəyik”, - deyə nazir qeyd edib.