"Qarabağ" ardıcıl yeddinci qələbəsini qazandı

İdman

06.10.2019 - 22:31

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub

 

VII turun son matçında "Qarabağ" "Sabah"ı qəbul edib. AYNA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

 

Meydan sahiblərinin heyətində ilk qolu Maqaye Qeye 17-ci dəqiqədə vurub. 51-ci dəqiqədə isə Abbas Hüseynov topu rəqib qapısından keçirib. 79-cu dəqiqədə "Sabah"ın heyətində Bəhlul Mustafazadə qırmızı vərəqə alıb.

 

Ardıcıl 7-ci qələbəsini qazanan "Qarabağ" 21 xalla liderliyini daha da möhkəmləndirib. "Sabah" isə 5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" evdə "Keşlə" ilə (0:0), "Zirə" isə "Qəbələ" ilə heç-heçə (1:1) edib. "Neftçi" isə "Səbail"i minimal hesabla (2:1) üstələyib.

 

Müəllif: Ayna.az