Putinin qanlı ssenarisi və dünya yeni reallıqla üz-üzə: Rusiya "Rubikonu keçdi"

Aktual

22.02.2022 - 12:17

Baltikyanı, Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri - Azərbaycan özləri üçün təhlükə hiss etməlidirlər

İstərdim ki, uzaq və sakit uşaqlığımda olduğu kimi, gözlərimi yumub ətrafda baş verən hər şeyin çox tez keçib gedəcək, dəhşətli bir yuxu olduğunu təsəvvür edim. Bunun üçün sadəcə gözünü qırpmağa dəyər. Ancaq bu, özü özünü aldatmadır. Biz hamımız bəşəriyyəti müharibə həddinə çatdıran dəhşətli cinayətin müasirləri, miqyasının və nəticələrinin heç kimin proqnozlaşdıra bilmədiyi hadisələrin şahidiyik.
Heç kim ona görə proqnozlaşdıra bilmir ki, qanlı ssenarini bir nəfər - Rusiya Prezidenti Vladimir Putin yazır. Hansı ki, 21 fevral 2022-ci il bazar ertəsi günü real tamaşa nümayiş etdirdi.  Tamaşanın finalında o, qondarma “LXR” və “DXR”in “müstəqilliyini” tanıdığını elan etdi. Bu biabırçı addımı zamanı o, ukraynalı jurnalist Dmitri Qordonun münasib ifadəsi ilə desək, bütün ətrafını bir-biri ilə “qanla bağlamaq” qərarına gəlib.

O, həqiqətən də müasir Rusiya Federasiyasında tərənnüm edilən milyonlarla vətəndaşının cəlladı, Bayıl həbsxanasının keçmiş məhbusu Stalin kimi davrandı: “millətlər atası” daha bir “xalq düşməni”nin edam edilməsi üçün fərmanı SSRİ rəhbərliyinin hər bir üzvünə imzalamağı əmr edirdi. Hamımız, hətta ruslar belə, bu personajların reallıqda necə olduğunu görmüşük.

Xüsusilə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin. O, Putinin qarşısında solğun və titrəyə-titrəyə dayanaraq, qorxaqcasına dəhşətli sözlər deyirdi. Hətta, absurdluq həddinə çatdı. "Mən Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm", - Narışkin sözləri ağzından sanki kəlbətinlə çıxardı. Bu sözlərlə o, Rusiya Federasiyası Prezidentinin nifrətli, ironiyalı təbəssümünü qazandı. 

"Amma biz bu barədə danışmırıq, bunu müzakirə etmirik. Söhbət onların müstəqilliyinin tanınıb-tanınmamasından gedir", - Vladimir Putin ona cavab verdi. Bundan sonra Narışkin "DXR" və "LPR" adlanan qurumların "müstəqilliyinin" tanınması təklifini dəstəklədiyinə aydınlıq gətirib. Əslində, bu, onun klassik Freydə görə, “dil çaşması” idi. Axı “LXR” və “DXR”in heç bir “müstəqilliyi” olmayıb və olmayacaq. Ortada yalnız Rusiyanın işğal etdiyi başqa bir dövlətin yeni ərazisi var.

Məsələ, təbii ki, “LXR” və “DXR” ilə məhdudlaşmayacaq. Bu, o cümlədən Putinin ruslara müraciətində verdiyi açıqlamalardan sonra daha da aydın oldu. "Bolşevik siyasəti nəticəsində Sovet Ukraynası yarandı ki, bu gün də onu "Vladimir İliç Leninin adına Ukrayna" adlandırmaq olar. O, onun müəllifi və memarıdır".

O, “indi minnətdar nəsillərin Leninin abidələrini sökməsinə” qəzəbləndi və əlavə etdi ki, “buna “dekommunizasiya” deyirlər”. O, təkcə Ukraynada deyil, dünyanın bir çox başqa ölkələrində, o cümlədən Rusiyanın özündə də Leninin abidələrinin sökülməsini xatırlamamağı üstün tutdu. Təhdid etməyi seçdi. Bununla, “xalqların qardaşlığı” haqqında ağız dolusu danışanların hamısının dediklərinin açıq, konkret, absurd bir şəkildə cəfəngiyyat olduğunu izah etdi.

"Siz dekommunizasiya istəyirsinizmi?! Bu, bizə sərf edir. Amma, necə deyərlər, yarı yolda dayanmayın. Biz sizə əsl "dekommunizasiyanın" Ukrayna üçün nə demək olduğunu göstərməyə hazırıq!", - deyə Putin bildirib. Bu, hər hansı bir qurbana - maddi və ya insan qurbanına, özünün və başqalarından asılı olmayaraq, gedəcək, bütün Ukraynanı "udmağa" hazır olan bir insanın sözləri idi.

Bununla bağlı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun səsləndirdiyi yalanlar isə daha rüsvayçı idi. O, “Rossiya-1” telekanalının efirində dedi: “Rusiya heç vaxt heç kimə birinci hücum etməyib və hətta bu qədər münaqişədən sağ çıxdığı üçün “müharibə” sözünü işlətmək də istəmir. Və bu sözlər 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hücumundan sonra, Rusiya tankları Tiflisdən bir neçə on kilometr aralıda yerləşdirildiyindən cəmi 14 il sonra deyilir.

Bu sözlər, Krımın ilhaqından və uzun illər “DXR” və “LXR” separatçılarına hərbi, maliyyə, ərzaq və hər cür yardımı inkar edəndən sonra deyilir. Baxmayaraq ki, nə Gürcüstan, nə də Ukrayna Rusiya Federasiyası ərazisinə heç vaxt müdaxilə etməyiblər, heç vaxt bir metr belə Rusiya torpağını ələ keçirməyiblər. Müasir Rusiyanı həqiqət nə vaxt maraqlandırıb ki?! Rusiya özü üçün doğru hesab etdiyi şeyi etdi.

O, özünə müstəqil dövlətlər, Gürcüstan və Ukrayna üçün, sonra da digərləri üçün, necə yaşamalı, hansı xarici siyasət yeritməli olduğuna qərar vermək hüququ verdi. Bircə Rusiyanın, Putinin fikrincə, “tarixi Rusiya torpaqlarında” yaşayan ölkələrin sakinləri üçün “hava vergisi” tətbiq etməsi qalıb. Burada isə NATO-ya üzv olmasına baxmayaraq Baltikyanı ölkələr, Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan özləri üçün təhlükə hiss etməlidirlər. Çünki heç kim bilmir ki, Rusiya Federasiyasının rəhbərliyi bundan sonra kimi düşmən elan etmək üçün qərar verəcək. Rusiya "Rubikonu keçdi". Onların nə qədər uzağa getməsinə icazə veriləcəyi isə hər bir ölkənin ayrı-ayrılıqda və dünya ictimaiyyətinin birgə işidir. Çünki sabah böyük müharibə evləri, taleləri məhv etməklə, hər birimizin evinin qapısını döyə bilər.

Müəllif: Əkbər Həsənov

Ramanada faciə

Dünən, 17:26 Hadisə