“Cənub-Şərqi Asiya ölkələrində artıq virusun nəinki ikinci, üçüncü dalğası da alovlanmaqdadır” – Hikmət Hacıyev
“Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Yoluxanlarla sağalanlar arasında müsbət dinamika müşahidə edilir. Əldə etdiyimiz bu göstəricilər 21 iyun tarixindən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi və vətəndaşlarımızın bu qaydalara riayət etməsinin nəticəsidir”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
“Hər bir vətəndaşa təşəkkür edirik. Ancaq bundan sonra da qaydalara riayət etmək lazımdır. Dünya ölkələrinin təcrübəsi də göstərir ki, virus bizimlə yaşayır. Cənub-Şərqi Asiya ölkələrində artıq virusun nəinki ikinci, üçüncü dalğası da alovlanmaqdadır. Avropa ölkələri arasında da sərhədlərin bağlanması xəbərləri gəlməkdədir”, - o bildirib.
Paytaxt və bölgələr arasında gediş-gəlişin bərpa olunmaması məsələsinə gəldikdə, Hacıyev bu məsələnin hazırda müzakirə olunduğunu qeyd edib: “Epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilərək bu məsələyə yenidən baxılacaq. Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər”.