Prezident: “Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir”

Xəbərlər

26.01.2021 - 17:51

İlham Əliyev: “Hər il donanmaya yeni gəmilər təqdim edilir”

 

“Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır”.

 

AYNA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

 

Hava nəqliyyatına da toxunan dövlət başçısı deyib ki, bu gün bizim təyyarə parkı ən müasir parklardan biridir: “Həm yük təyyarələrimiz, həm sərnişin təyyarələrimiz müasirdir, dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır. MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək”.

 

“Bu reallıq nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasətin nəticəsidir. Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulubdur”, - deyə Prezident əlavə edib.

Müəllif: Ayna.az